Yaxın Şərqdə erməni oyunu: ABŞ Ermənistana sanksiya tətbiq edə bilər (EKSPERTLƏR)

2019/02/donal-1550298548.jpg
Oxunub: 11839     10:10     16 Fevral 2019    
ABŞ Dövlət Departamenti Ermənistanın Suriyaya hərbi heyət göndərməsi faktına kifayət qədər kəskin reaksiya verib. Ermənistandakı ABŞ səfirliyi “Araçin lratavakan” xəbər agentliyinin xahişi ilə rəsmi Vaşinqtonun bu məsələdəki mövqeyinə açıqlama verərək bildirib ki, Birləşmiş Ştatlar Suriyadakı böhrana digər dövlətlərin reaksiya verməsini başa düşsə də, istər mülki şəxslərə humanitar yardım məqsədilə, istərsə də hərbi missiya olsun nə Suriya hökumət qoşunları ilə əməkdaşlığı, nə də Suriyada Ermənistanla Rusiyanın birgə fəaliyyətini dəstəkləmir.


“Suriyada humanitar vəziyyətə digər dövlətlər tərəfindən reaksiya verilməsi bizim üçün anlaşılandır və biz Yaxın Şərqdə dini azlıqların müdafiəsi ətrafında narahatlıqları bölüşürük. Bununla yanaşı biz bu fəaliyyətin mülki şəxslərə yardım edilməsi məqsədi ilə, yoxsa hərbi yolla aparılmasından asılı olmayaraq, Suriya Silahlı Qüvvələri ilə birgə əməkdaşlığı dəstəkləmirik. Həmçinin biz bu missiya məqsədi ilə Ermənistan və Rusiya arasında əməkdaşlığı müdafiə etmirik. Rusiya mülki şəxsləri qırğına verərək, Əsəd rejimi ilə əməkdaşlıq etmiş və humanitar fəlakətə səbəb olmuşdur. Rusiya qlobal platformalarda Əsəd rejiminin və onun vəhşiliklərinin müdafiəsi mövqesindən çıxış etməyə davam edir”, - deyə ABŞ Dövlət Departamentinin cavabında qeyd edilib.

Ermənistan Müdafiə Nazirliyinin simulyasiyası

Xatırladaq ki, fevralın 8-də mina təmizləyənlərdən, həkimlərdən və onların birbaşa təhlükəsizliyini təmin edən erməni mütəxəssislərdən ibarət ümumi sayı 83 nəfər olan hərbi heyət Ermənistandan Suriya Ərəb Respublikasının Hələb şəhərinə yola düşüb. Rəsmi məlumata əsasən, erməni mütəxəssislər Hələb şəhərinin hərbi əməliyyatlardan uzaq olan ətraf yaşayış məntəqələrində minadan təmizləmə, əhalinin minalara qarşı məlumatlandırılması, tibbi xidmətin göstərilməsi kimi fəaliyyətləri həyata keçirəcək. Bildirilir ki, heyətin göndərilməsi BMT Təhülkəsizlik Şurasının 2017-ci ildəki 2393 və 2018-ci ildəki 2401 nömrəli qətnamələrinə, Suriya tərəfinin yazılı müraciətinə əsasən və Hələb şəhərində böyük sayda erməni icmasının olmasına görədir. Suriya Ərəb Respublikasında Ermənistan mütəxəssislərinin yerləşdirilməsi və təminatı məsələlərinin Rusiya tərəfinin dəstəyi ilə həyata keçirildiyi qeyd olunur.


Tonoyan Ermənistanın hərbi müdaxiləsini də istisna etməyib. Bu suala cavab verərkən Tonoyan bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında humanitar yardım edilməsinin bütün əsasları öz əksini tapıb: “Suriya ilə bizim əməkdaşlığımız haqqında rəsmi xəbərlərdə Suriyanın de-fakto hakimiyyəti tərəfindən yazılı xahiş edildiyi qeyd edilib. Ermənistanın humanitar missiyası qanunun elementlərinə müvafiq həyata keçirilir”.

Lakin o erməni hərbçilərin Suriyadakı döyüş əməliyyatlarında iştirak edə biləcəyini açıqladıqdan sonra yuxarıda dediklərini təkzib etmiş oldu. Tonoyanın sözlərinə görə, hərbi əməliyyatlarda iştirak etmək zərurəti yaranan məqamlar olarsa, Ermənistan bunu da mütləq qanunun tələblərinə müvafiq şəkildə edəcək və eyni zamanda bu məsələdə qərar qəbul edərkən, parlamentdən kənar qüvvələrlə əməkdaşlıq edilməsi sahəsində iş aparılacaq.

Paşinyandan Tonoyana ilk zərbə

Lakin daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Tonoyanın açıqlamasını təkzib etdi. O, deputatlardan birinin sualını cavablandırarkən qeyd edib ki, Ermənistanın Suriyada döyüş əməliyyatlarına müdaxilə etməsinə dair proqramı yoxdur və Suriyaya sadəcə humanitar missiya (?) göndərilib.


Ermənistan Müdafiə nazirinin cavabına gəldikdə isə Paşinyan qeyd edib ki, hansı sual səsləndirildiyini və hansı kontekstdə cavab verildiyini aydınlaşdırmaq lazımdır, lakin Ermənistanın belə planı yoxdur.

Paşinyanın Putinə yaltaqlığı və onun riskləri

Ermənistanın Suriyaya missiya göndərməsi əlbəttə siyasi baxımdan Rusiya ilə əməkdaşlıq amilindən asılıdır. Suriyada erməni icmasının varlığından asılı olmayaraq, Ermənistan istənilən halda bu missiyanı Rusiya siyasəti çərçivəsində həyata keçirir. Ermənistan Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, Suriyada erməni mütəxəsssilərin yerləşdirilməsi və təminatı məsələləri Rusiyanın yardımı ilə həyata keçirilir.

Əslində məsələnin çox ciddi hərbi siyasi tərəfləri var və ekspertlər bunun olduqca riskli olduğunu qeyd edirlər. Bu məsələ erməni mətbuatında və siyasi dairələrdə çoxdan müzakirə olunan elementdir. Rusiya 2015-ci ilin sentyabr ayından başlayaraq Suriyadakı hərbi əməliyyatlara fəal şəkildə cəlb edilib, sonrakı dövrlərdə isə dəfələrlə bu siyasətə KTMT-yə üzv dövlətləri də cəlb etməyə çalışıb.


Beynəlxalq məsələlər üzrə erməni mütəxəssis Viqen Çeteryan qeyd edib ki, Rusiya müttəfiqlərini Suriyadakı hərbi əməliyyatlara cəlb etməklə orada rus hərbi əməliyyatlarına beynəlxalq dəstək görüntüsü yaratmaq niyyətindədir.

“Əvvəllər də Serbiya ilə birgə Ermənistanın Suriyada minadan təmizləmə fəaliyyətlərində iştirak edəcəyinə dair məlumatlar yayılsa da, Serj Sarkisyanın rəhbərlik etdiyi keçmiş iqtidar bunun nəticələrini yaxşı dərk edərək, hətta humanitar missiyadan da yayındı. 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş verdikdən sonra ilk növbədə Rusiya ilə problemlər yaşanmağa başladı.

Mövcud siyasi qeyri-sabitlik, Rusiyanın yeni hökumətə etimadsızlığı şəraitində Kreml ilə münasibətlərin normallaşdırılması və Rusiya prezidentinin etimadını qazanmaq məsələsi vardı. Nəticədə erməni-rus münasibətləri daxili siyasətdəki mübarizədə əsas əhəmiyyətli amilə çevrildi. Həm Paşinyan, həm də Putinin çoxdankı dostu Robert Köçəryanın düşərgəsi çalışırdı ki, Kremlin dəstəyinə malik olduğunu nümayiş etdirsin. Köçəryan demək olar ki, hər gün müsahibələr verməklə, Putin və onun arasındakı dostluq əlaqələrindən danışırdı.

Paşinyan isə Putinlə görüşdən sonra bəyan edir ki, Rusiya-Ermənistan münasibətləri parlaqdır. Suriyada Ermənistanın missiya həyata keçirməsi barədə Paşinyanın bəyanatı məhz ötən il sentyabrın 8-də keçirilmiş Putin-Paşinyan görüşünə təsadüf edir. Bu, Paşinyanın Putinə yaltaqlıq etmək üçün atdığı addımdır”.

Atılan addım siyasi, yoxsa hərbidir?

Moskvanın siyasi və hərbi təhlillər mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin məsələyə başqa tərəfdən yanaşır. Ekspert Ermənistanın Suriyada yalnız minatəmizləmə işlərini yox, həm də hərbi əməliyyatlara cəlb olunmasını nəzərdə tutur.


Xramçixinin sözlərinə görə, atılan addım isə əlbəttə siyasi addımdır, istənilən ittifaq öncə siyasi, daha sonra hərbi mahiyyət daşıyır.

“İstənilən halda Ermənistanın müttəfiqi Birləşmiş Ştatlar yox, Rusiyadır. Əgər bir şey baş verərsə, Ermənistanı Birləşmiş Ştatlar yox, Rusiya müdafiə edəcək. Sözsüz ki, bu təmamilə siyasi addımdır. İstənilən hərbi ittifaq ilk növbədə siyasi qurum, daha sonra hərbi təşkilatdır. Xatırladım ki, müharibə siyasətin davamıdır”, - deyə Xramçixin əlavə edib.

Bunun Qərblə Ermənistan arasındakı münasibətlərə təsir edə biləcəyinə dair iradlara cavab olaraq isə Xramçixin bir daha xatırladıb ki, əgər bir şey baş verərsə, Ermənistanı Birləşmiş Ştatlar yox, Rusiya müdafiə edəcək.

Xramçixin kimi digər bir rus ekspert, “Rusiya geosiyasətdə” jurnalının baş redaktoru, nüfuzlu beynəlxalqşünas, politoloq Fyodor Lukyanov, Ermənistanın Suriyadakı missiyaya cəlb edilməsinə dair ABŞ-ın reaksiyasını təəccüblü hesab etməyib.

Onun fikrincə, bu məsələdə təəccüblü olan heç nə yoxdur və verilən reaksiya standart Amerika mövqeyidir.


Lukyanov qeyd edib ki, bu, Birləşmiş Ştatların məşhur rəsmi mövqeyidir və başqa reaksiya gözləmək heç lazım da deyildi. Lakin Lukyanov Suriyada aparılan fəaliyyətlərə Ermənistanın cəlb edilməsinin, Ermənistan üçün siyasi nəticələri olacağını düşünmür.

“Amerikanın mövqeyi məlum olduğuna görə, belə bir reaksiyanın gözlənilməz olduğu məsələsi təəccüblüdür. Bundan başqa Konqresdə Dəməşqlə əməkdaşlıq edəcək bütün ölkələrə və qüvvələrə qarşı sanksiyalar tətbiq ediləcəyi vaxtaşırı müzakirə edilir. Ümumiyyətlə, ABŞ-ın mövqeyi Ermənistan üçün bu qədər önəmlidirsə, daha yaxşısı bunu etməməkdir”, - deyə Lukyanov qeyd edir.

Bunun həqiqətən də Rusiyaya sadiqliyini nümayiş etdirmək üçün Ermənistan tərəfindən şüurlu şəkildə atılan addım olduğunu deməkdə çətinlik çəkən Lukyanov, bunu zamanın göstərəcəyini vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin