ABŞ-ın Şimali Koreya ilə bağlı strategiyaları hər zaman uğursuzluğa düçar olub və heç vaxt istənilən nəticəni verməyib. Buna görədir ki, ABŞ strateqləri nüvəsizləşdirmə və nüvə silahlarının yayılmasının qarşısını alma məsələləri üzərinə fokuslanıb. 2015-ci il Milli Strategiyasında Obama Kim ilə danışıqlar masasında “strateji səbr” vasitəsindən istifadə edəcəyini bildirmişdi. Onun görüşlərinə görə, bu vasitənin əsasını Koreya yarımadası nüvəsizləşdirilənə qədər davamlılıq təşkil edirdi.
Lakin, görünür ki, ABŞ KXDR qərarvermə mexanizmlərinə dayanmadan təsir edən Çin və Rusiyanı, eləcə də BMT TŞ tərəfindən tətbiq edilən sanksiyaları düzgün dəyərləndirməyib. 2017-ci ildə Tramp tərəfindən təsdiq edilmiş Müdafiə Strategiyasında isə “ABŞ Koreya yarımadasının nüvəsizləşdirilməsi və şimal-şərqi Asiyada nüvə silahlarının qarşısının alınması üçün tərəfdaş və müttəfiqləri ilə birlikdə çalışacaq” sözlərindən istifadə edilib. Lakin KXDR-i bu məsələdə inandırmaq və razı salmaq heç bir bar verməyən ağacı sulamağa bənzəyib.
Kim Çen Inın nüvə silahlarını saxlamağının KXDR-ə 3 faydası var. Birincisi, bu onun rejiminin beynəlxalq aləmdə tanınması üçün bir vasitədir. İkincisi, nüvə silahları sözügedən rejimin hansısa hərbi təhdid qarşısında varlığını davam etdirməsi üçün vacibdir. Üçüncüsü isə onlar Koreya yarımadasının Şimalın nəzarəti altında birləşdirilməsinə dəstək verir.
KXDR-də strateji qərarvermə “Yyuç” adlandırılan konsepsiyada özünü tapıb. Burada qeyd edilir ki, hətta gündəlik ictimai ehtiyacları qurban vermək bahasına belə olsa, ABŞ və Cənubi Koreyadan gələn təhlükələrin qarşısını almaq üçün güclü orduya ehtiyac var. KXDR konstitusiyasına görə, xalqın ali məqsədi Koreya yarımadasının şimalın nəzarətində birləşdirilməsi olsa da, Kim administrasiyasının aktları onu göstərir ki, rejimin sağ qalması daha vacibdir. Qıcıqlandırma, cinayətlər, korrupsiya və qaralama kampaniyaları Şimali Koreya siyasi mənzərəsini formalaşdırır və bu da Kim rejiminin hakimiyyətdə qalmasına şərait yaradır.
Atasından fərqli olaraq Kim, əhalini bütün problemləri yaradanların ABŞ və onun Qərb müttəfiqləri olduğuna inandırıb və bu inancdan istifadə edərək nəzarəti əlində saxlayır. ABŞ-ın KXDR ilə mübarizədə sanksiyalardan istifadəsi isə iki nəticəyə gətirib çıxarır. Birincisi odur ki, bu sanksiyalar Şimali Koreya anti-ABŞ siyasətinə haqq qazandırır və o, Çinin dəstəyini qazanmağa çalışır. İkincisi isə bu, elə bir təsir yaratmağa kömək edir ki, KXDR-nin qitələrarası nüvə silahları əsaslı hərbi doktrinindən başqa heç bir yolu yoxdur. Buna görə də Obamanın “strateji səbr” konsepsiyası işə yaramır.
Ekspertlər düşünür ki, Çin Şimali Koreyada status-kvonun qorunmasında, Kim rejiminin hakimiyyətdə qalmasında və iki ölkə sərhəddinin nəzarət altında saxlanılmasında maraqlıdır. Bu, Çinə həm KXDR və ABŞ arasında diplomatik güc baryeri olaraq qalmaq, həm ABŞ-ın regionda hegemoniya qurmasına mane olmaq imkanı verir. Çinin KXDR rejiminin qorunmasında maraqlı olmasının əsas səbəbləri onun resurslarına əlçatanlığının davam etməsi və qaçqın böhranının yaşanmamasıdır. Buna görə də, Çin Şimali Koreyaya sanksiyalara qarşı dura bilməsi üçün lazımi ərzaq məhsulları və neftin 80%-ni qarşılayaraq yardım edir. Çinin rejim sabitliyi siyasəti ilə ABŞ-ın nüvəsizləşdirmə siyasəti üst-üstə düşmədiyinə görə də ABŞ onun dəstəyini ala bilmir.
Sevinc Əliyeva
Ordu.az