"Mikrotek": Mobil və stasionar obyektlər üçün "Zaslon" FMS – FOTOLAR (VİDEO)

2018/10/T-84--7692750160.jpg
Oxunub: 3597     10:58     03 Oktyabr 2018    
Ukraynanın "Mikrotek" Basic Center Critical Technologies" Dövlət Müəssisəsinin yaratdığı "Zaslon" fəal müdafiə sistemi (FMS) fərdi mobil və stasionar obyektləri 70-1200 m/s hədəfə doğru yönələn bütün növ əl qumbaraatanlarından, tank əleyhinə idarə olunan və idarəolunmayan raketlərindən, artilleriyanın kumulyativ və zirehdələn mərmilərindən qorumaq üçün nəzərdə tutulub.

Müəssisə tərəfindən indiyə qədər yaradılan çox sayda məhsullardan biri olan "Zaslon" fəal müdafiə sistemi də keçən həftə Baklda keçirilən “ADEX-2018” sərgisində yenilənən versiyada nümayiş etdirildi.

"Zaslon" minimal fəaliyyət radiusuna malik aşkaretmə sisteminə malikdir. O, döyüş sahəsində yüksək effektivliyə malik olmaqla yanaşı, maneələrdən qorunur və az gürüntülənir.


Bu FMK avtonom modul strukturuna malikdir ki, heç bir dəyişiklik edilmədən istənilən tanka, yüngül və ağır zirehli vasitələrə və sabit obyektlərə quraşdırıla bilər. Zirehli nəqliyyat vasitələrində FMK ekranının quraşdırılması daşıyıcının ölçülərini artırmır. Sistemin ümumi çəkisi tələb edilən qorunma səviyyəsinə bağlıdır. Adətən hər biri 50-130 kq olan 3-6 ədəd moduldan istifadə edilir. Bu kompleks tanka quraşdırıldıqda, adətən qüllədəki idarəetmə qurğusundan və hər birində iki ədəd döyüş sursatı olan mühafizə modulundan ibarət olur. Tanklarda bir neçə modul quraşdırıla bilər ki, onlardan da adətən 4 ədədini tırtıl üstündəki boşluqda yerləşdirirlər. Bu da kompleksin gizliliyini təmin edir.


Sursatın özündə millimetr diapazonda fəaliyyət göstərən, hədəf aşkarletmə radarı mövcuddur. Bu radar:

- Hədəfləri aşkar edir, onları sürət və hərəkət istiqaməti üzrə seçə bilir;
- Mühafizə etdiyi obyektdən yan keçən və ya uzaqlaşan təhlükələri, o cümlədən güllə və qəlpələri ayırd edə bilir;
- Məumatların çoxsəviyyəli rəqəmsal işlənilməsi, həmçinin sursatının partlaması haqqında məlumatları dərhal ötürə bilir;
- Yüksək maneələrdən qorunma, gizlilik və hər hava şəraitində çalışa bilir.

Modulun özünün daxilində, kompleksin kiçik silah mərmilərindən və qəlpələrdən qorunması üçün hərəkətli hissə nəzərdə tutulur. Onun elektrik mühərriki sursatları səfər vəziyyətindən döyüş vəziyyətinə gətirmək üçün irəliyə doğru hərəkət etdirir.


Kompleks işə salındıqdan sonra hər sursatın hədəf aşkaretmə radarının sensorları, 150-180 dərəcə azimut üzrə və -6-dan + 20 dərəcəyə qədər hündürlük bucaqları arasında təxminən 2-2,5 m məsafədə radio siqnallar səpələyir. Bu ərazidə hücum edən obyektin peyda olması FMK sursatının partlamasına və yüksək sürətli qəlpələrin dairəvi məhvetmə zonasını yaratmasına səbəb olur. Birinci sursatın partlamasından sonra ikincisi döyüş vəziyyətinə gətirilir.

"Zaslon" FMK modullarının döyüş sursatları onlardan təhdidə doğru atəş açılmasını tələb etmir. Bu isə yüksək sürətli təhlükəyə qarşı reaksiya vermək üçün "Zaslon"a əlavə zaman qazandırır. Məsələn 0.07 saniyəlik "Arena"nın reaksiya müddəti ilə müqayisədə "Zaslon" FMK 0.001- 0.005 saniyə göstəricisinə malikdir. Partlayış dalğasının və yüksək sürətli qəlpələrin təsiri altında düşmənin kumulyativ mərmiləri ya partlayır, ya da istiqamətini dəyişir. "Zaslon" FMK yuxarıdan yaxınlaşan tank əleyhinə vasitələrin hücumundan da obyekti qoruya bilir. İstismar dövründə aşkar edilən bəzi çatışmamazlıqlar, məsələn bir neçə modulun eyni təhlükəyə qarşı eyni zamanda reaksiya verməsi də aradan qaldırılıb. Kompleks "Zaslon-L" səviyyəsinə qədər yenilənib, artıq universal aktiv müdafiə sistemləri sinifinə aiddir. Sadəcə hər texnikanın zirehinin imkanlarına görə (sursatın mühafizə etdiyi vasitənin zirehini zədələməmək üçün) sursatlar bir-birindən fərqlənir. Digər tərəfdən isə kompleksin modullarının səhra şəraitində belə asanlıqla dəyişdirilə bilinməsi onun silah bazarında rəqabət qabiliyyətinin artmasına səbəb olur.


"Zaslon" FMK ilk dəfə 2009-cu ildə Ukrayna Silahlı Qüvvələrində silahlanmaya qəbul edilib. 2014-cü ilə qədər T-64BV tanklarında yenilənən"Zaslon-L" versiyasının tətbiqi başa çatdırılıb.

Bu komplekslərin digər ölkələr tərəfindən istifadəsi haqqında da məlumatlar mövcuddur. Polşanın silahlanmasında olan 900 ədəd T-72 tankı üçün 500 ədəd "Zaslon-L" FMK sifariş etdiyi məlumdur. Bu isə böyük ehtimalla Polşanın sovet tanklarını modernləşdirərək digər ölkələrə satmaq niyyəti ilə bağlıdır.

Türkiyənin ASELSAN şirkəti yeni "Altay" əsas döyüş tanklarının aktiv müdafiəsini təşkil edəcək "Akkor" kompleksini hazırlayıb. Şirkət Türkiyənin М60-А3 "Sabra" tanklarına yenilənən "Zaslon-L" aktiv müdafiə sistemlərinin quraşdırılması üçün Ukraynanın "Mikrotek" şirkəti ilə əməkdaşlıq edir. Bu tanklar son vaxtlarda lazer xəbərdarlıq sistemləri və hərtərəfli görünüş sahəsini təmin edən kameralarla təkmilləşdirilib. Hesabatlara görə, yeni komplekslər ilə təchiz edilən ilk М60-А3 "Sabra" tankları bu ilin ilk rübündən istismar edilir.


Hazırda Ukraynada dinamik mühafizə sahəsində mütəxəssislər ölkənin şərqində faktiki döyüş şəraitində bu komplekslərin istifadəsini tədqiq edirlər. Bu işlərin əsasında zirehli vasitələrin qorunması üçün tamamilə yeni konsepsiyalar yaradılır. "Mikrotek" şirkəti Morozov adına Xarkov maşınqayırma konstruktor bürosu ilə birlikdə layihəni şərq ölkələrinin birində həyata keçirir. "Noj" adlanan dinamik mühafizə qatı zirehdələn mərmiləri dəf edə bilir. Mərmi sadəcə mühafizə qatında batıq əmələ gətirərək rikoşet verir.

2016-cı ildə xarici müştərilərin iştirakı ilə yeni komplekslərinin sınaqları keçirildi. Nəticədə "Şit" konsepsiyası yaradıldı. T-80, T-72 və T-64 tankalarına müvafiq olaraq "Şit-80", "Şit-72" və "Şit-64" dinamik mühafizə kompleksləri quraşdırıldı. Bu komplekslər əvvəlkilərdən təxminən 3 dəfə daha yüngüldür, lakin xüsusiyyətlərinə görə heç də geri qalmırlar. "Noj" dinamik mühafizə kompleksinin quraşdırıldığı ilk yenilənən T-72AMT Ukrayna tankı 2017-ci ilin avqustunda nümayiş etdirilib.

Birləşmiş Ərəb Əmirlikləri də bu komplekslərin müştəriləri arasındadır. Onların silahlanmasındakı Fransanın NEXTER şirkətinin istehsalı olan AMX-56 "Leclerc" tankları üçün tandem dinamik mühafizə kompleksi hazırlanıb. Bu sahədə Səudiyyə Ərəbistanı ilə də əməkdaşlıq genişləndirilir. Rusiya ilə münasibətlər pozulduqdan sonra bəzi ehtiyat hissələr əsasən ABŞ-dan, İsraildən və Türkiyədən idxal edilir.


Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaslon   Ukrayna  


Bizi "telegram"da izləyin