Qatil dronlara qarşı mübarizə: İntelekt savaşına intelektlə cavab verilməlidir – HƏRBİ EKSPERT
Oxunub: 4930
21:27
06 Sentyabr 2018
Bu məqalənin mövzusu, "YouTube" kanalında paylaşılan, mahiyyəti bizi gələcəkdə hansı işıqlı sabahın gözlədiyindən xəbərdar edən məşhur bir rolik tərəfindən diktə edilib. Bu rolik İkinci Dünya Müharibəsindəki kimi bombaların endirilməsini yox, süni intellektə sahib mikro dronların hücumunu əks etdirir. Məsələ ondadır ki, fuqas bombaları "yaxşı-pis", "dost-düşmən" qüvvələri ayırd etmir, lakin istehsalçı şirkət mikro dronların bu kateqoriyaları fərqləndirə bildiyini iddia edir.
Sözügedən mikro dron, LX-700k "Liberator" adlanır, dörd vintə, sensorlara, kameralara, süni intellektə sahibdir. Dron üç qram çəkisində partlayıcı ilə təchiz olunur.
Solda dron, sağda isə dronun insan başında açdığı dəlik
Əgər belə bir dron rəqibin alnına oturub 3 qramlıq döyüş yükünü aktivləşdirsə, partlayışın gücü dərhal kəllə sümüyünü sındırıraq ölümə səbəb olur.
Videoda istifadə edilən C-130 nəqliyyat təyyarəsi bir dəfəyə 700 min belə dron buraxa bilir. Onlar isə tez, təmiz və səliqəli bir şəkildə rəqib qüvvələri məhv edir
Rolik yayımlanandan sonra böyük şöhrət qazansa da, bu, bəzi qurumların etirazlarına da səbəb oldu. Məsələn, Berkli universtetinin kompüter elmləri professoru Stuart Russell daha yaxşı bir dünya üçün süni intellektin inkişafına dair bəzi məhdudiyyətlər tətbiq etməyə çağırdı. Bəziləri isə bu dronları kütləvi qırğın silahı adlandırdı.
Bütün bunlar, əlbəttə, hədə-qorxu məqsədli hərbi təbliğatı da xatırladır. Video 2017-ci ilin noyabrında çıxıb. Pentaqon 2017-ci ilin yanvarında mikro dronun real şəraitdə sınaqları barədə ictimaiyyətə məlumat verib. Massaçuçets Texnologiya İnstitutunda yaradılan digər bir "Perdix" dronu da sınaqdan keçirilib. F/A-18 "Super Hornet" qırıcısından buraxılan dronların sınağı uğurlu alınıb.
F/A-18 "Super Hornet" uçuş zamanı dronları buraxır. Asma konteyner aydın görünür, həmçinin atılan dronlar yan kəsikdə göstərilir
"Perdix" dronunun taktiki texniki xüsusiyyətləri
Real şərtlərdə sınaqdan keçirilən mikro drona yaxından nəzər salaq. Rolikdə ovuca yerləşən dronun uzunluğu 16,5 sm, qanaq açılımı isə 29,9 sm-dir. Digər bir model də ola bilər. Pərvanələrin diametri 6.6 sm təşkil edir. Yuxarıdakı proyeksiyaya malik belə bir dron orta noutbukdan bir az daha kiçikdir. Həqiqətən də təcrübədən keçirilən dron elə də kiçik deyil.
"Perdix": Mühərriki itələmə tiplidir
Bu cihazın çəkisi 290 qramdır. Təyyarə minlərlə deyil, ümumi çəkisi 29,8 kq olan yalnız 103 dron buraxıb. Konteyner və zəruri avadanlıqla birlikdə, bütün konteynerin çəkisi 100 kq-a yaxınlaşır. Bir təyyarə üçün bu çox deyil.
Bu dron haqqında daha nə məlumdur? Deyilənə görə, dron saatda 74-dən 111 km/saata qədər sürətlə uçaraq 20 dəqiqə havada qala bilir. Sınaqlarda standart AA batareyalarından istifadə edilib, onların daha güclü xüsusi batareyalarla əvəz edilməsi drona 40-50 dəqiqə havada qalmasına imkan verəcək. Dronlar həmçinin -10 dərəcə selsidə 0,6 Max sürətində buraxılma sınaqlarından da uğurla keçib.
Təyyarənin uçuş sürəti və müddəti nəzərə alınarsa, bu cür dronların fəaliyyət radiusu 24 km-dən 37 km-ə qədər dəyişə bilər. Aydındır ki, dronlar dərhal təyyarədən buraxılandan sonra mühərrikləri çalışdırmır, onlar yerə tam yaxınlaşdıqda fəaliyyətə başlayır. Dron süzmə (planirovanie) xüsusiyyətinə də malikdir. Süzmə məsafəsi aparatın aerodinamik keyfiyyətlərindən və uçuş yüksəkliyindən asılıdır. "Perdix" hansı aerodinamik xüsusiyyətlərə malik olduğu dəqiq məlum deyil, lakin konstruksiyası daha çox ikipilləli qoşa qanadlı "biplan"a bənzədiyi üçün onun söndürülmüş mühərrikdə aerodinamik xüsusiyyətinin süzmə məsafəsinin 8-9 km arasında olduğunu demək olar. Hansı yüksəklikdən buraxıldığını da təxminən hesablayaraq tapmaq mümkündür. Sınaqlar 2016-cı ilin dekabrında Kaliforniyanın Çin Gölü ərazisindəki Edvard hava bazasının yaxınlığında aparılıb. Həmin ərazinin dekabr üçün orta aylıq temperaturu -4 dərəcədir. Sınaq buraxılış isə -10 dərəcə temperaturda keçirilib. 6 dərəcəlik temperatur fərqi 1000 metr yüksəklikdə yaranır. Deməli buraxılış 1 km yüksəklikdən həyata keçirilib.
Buraxılan dronların yerləşməsinin izlənilməsi. Sınaqların məqsədi dronların real şəraidə birgə uçuş və sıralarını qorumaq imkanlarını yoxlamaq idi
Beləliklə, dron 1 km yüksəklikdən buraxıldıqda 8-9 km süzərək uça bilirsə, deməli onun fəaliyyət radiusu 32 km-dən 46 km-ə qədər arta bilir. Döyüş şəraitində isə 1 km yüksəklikdən düşmən üzərində uçmaq məqsədəuyğun olmadığı üçün, dronlar ortalama olaraq azı 5 km yüksəklikdən buraxıla biləcək. Bu isə süzmə məsafəsinin 40-45 km-ə, ümumi fəaliyyət radiusunun isə 82 km-ə qədər artmasına səbəb ola bilər. Ümumiyyətlə bu çox yaxşı göstərici hesab edilə bilər.
Təəccüblüdür, lakin müharibədə tətbiq olunur
Ekspertlərin fikrincə, bu sistemlər kəşfiyyat məqsədləri üçün də istifadə edilə bilər. Onların REM vasitələri ilə idarəetməsinin ələ keçirilməsi istisna edilmir.
Prinsipcə, 290 qr ağırlığında dron, hətta qorunmayan bir hədəfə ciddi ziyan vuracaq heç bir ciddi silah və ya partlayıcı daşıya bilməz.
Lakin mikro dronu PFM-1 "Lepestok" və ya onun qərb analoqu olan miniatür bir mina ilə "calaq etmək" praktiki olaraq mümkündür. Belə bir minaların tam çəkisi 80 qram, partlayıcı maddəsi 37 qrama yaxındır. Bu göstəricilər ondan düşmənin canlı qüvvəsinə qarşı piyada əleyhinə mina kimi istifadə edilməsinə imkan verir. Qeyd etmək lazımdır ki, dronun çəkisinin artması havada qalma müddətinin və fəaliyyət radiusunun azalmasına gətirib çıxara bilər. Bu nə qədər qəribə görünsə də, yuxarıda göstərilən TTX-ya malik dronlar bəzi mühüm hədəflərin yüksək dəqiqliklə məhv edilməsində istifadə edilə bilər. Tək bir dronun döyüş yükü təxminən 40 qrama yaxındır, lakin yüz dron birlikdə 4 kq partlayıcı maddə daşıyır. Eyni zamanda onlar razılaşdırılmış şəkildə hərəkət edir, sıra ilə uçur, məlumat toplayır və informasiya mübadiləsi həyata keçirirlər. Onlar bir sıra radarları, radiostansiyaları, hava hücumundan müdafiə sistemlərinin idaretmə məntəqələrini asanlıqla aşkar və məhv edə bilərlər. Eyni antenə bir neçə dron zərbəsi onu ən azından müvəqqəti də olsa sıradan çıxarmaq üçün kifayətdir. Hava hücumundan müdafiə sistemini kor etmək və müvəffəqiyyətli bir hava zərbəsi üçün əlverişli şərait yaratmaq, laboratoriyanı yeni tərk edən mikro dronların hazırkı inkişaf səviyyəsində belə əldə edilməsi mümkün olan fəaliyyətdir.
S-400ZRK-nın 92N6A radarı, mikro dronların hücumu üçün tipik bir hədəfdir
Hava hücumundan müdafiə sistemlərini boğmaq üçün bir sürü dronun döyüş tətbiqi təxminən buna bənzəyir. Gövdəsində bir neçə mikro dron konteyneri olan ağır PUA özünün çətin aşkar ediləcək xüsusiyyətindən istifadə edərək, hücum hədəfinin məhvetmə zonasına daxil olub dron sürüsünü "azad edir" və geri qayıdır. Kiçik ölçüsü səbəbi ilə çətin aşkar və məhv edilən mikro dronlar hava hücumundan müdafiə sisteminin lazım olan modulunu tapır və ona hücum edir. Bu isə havada dronların fəaliyyətinin nəticəsini gözləyən aviasiya vasitələrinin və qruplarının yolununun açılmasına səbəb olur.
İdeal şəraitdə, yəni optimal iqlim şəraitində (güclü külək, duman, yağış və ya qar mikro dron effektivliyini əhəmiyyətli dərəcədə azalda bilər), aktiv müdaxilənin, radiomaneələrin və ya idarəetmənin ələ keçirilməsinə cəhd olmadığı halda yazdıqlarımız keçərlidir. Mikro dronların döyüş qabiliyyətləri şişirdilməməlidir, lakin ümumiyyətlə belə bir hücumların həyata keçirilməsi mümkündür.
Ov silahı drona qarşı
Belə bir hücumların həyata keçirilməsi üçün ağır PUA-lardan, helikopterlərdən və ya yüngül təyyarələrdən istifadə edilməsi mümkündür. Gördüyümüz kimi 1km məsafədən buraxılan "Perdix" süzərək çox uzaq məsafədə kiçik ölçülü hədəfləri aşkar edərək onları məhv edə bilər.
Hədəflər sırasına komandirlər, snayperlər, iri çaplı pulemyotlar, minaatanlar və TƏİRK heyətləri daxil ola bilər.
Bu dronlar həm açıq ərazidə dayanan və ya hərəkət edən canlı qüvvəni, həm də sığınacaqda olan şəxsi heyəti məhv edə bilər. Əsas odur ki, dronlar partlayış zamanı (40 qram partlayıcıya malik dron özü partlayış zamanı qəlpə elementlərinə çevrilir. Bu funksiya dizayn zamanı təmin edilir) qəlpələrin zərbə dalğasının məhvetmə məsafəsinə qədər yaxınlaşa bilsin. Hədəf binada yerləşərsə, o zaman dronun içəri daxil olması üçün böyük pəncərə və ya qapı yuvalarına ehtiyac yaranır.
Bu dronlardan necə qorunmaq olar? Kərpic sadə bir yoldur, polad tor isə çox effektiv üsul hesab edilir. Şəxsi heyətin "Perdix" dronlarından mühafizəsi üçün toxunma polad rabitsa torundan (onların çəki və ölçü xüsusiyyətləri də nəzərə alınır) istifadə etmək məsləhət görülür. Müəllifi Karl Rabitsanın adını əbədiləşdirən möcüzəli alman ixtirası "Rabitzgewebe" çox vaxt sinklənmiş möhkəm poladdan hazırlanır. Toxunma yuvalarının ölçüsü fərqli ola bilər, lakin daha çox 35x35 mm-dən 50x50 mm-ə qədər ölçüyə malik torlardan istifadə olunur. Dronların ölçüsü daha böyükdür və bu cür toxunma şəbəkədən keçə bilməzlər. 100x100 mm yuvalar belə dronlar üçün real maneə yarada bilər.
Rabitsa torundan kifayət qədər böyük maneləri qısa zamanda qurmaq çətin deyil. "Loza" adlanan iki ekranlı tor, PQ-7V qumbaralarının zərbəsi nəticəsində sadəcə 25 sm diametrində bir dəlikdən ibarət zərər görüb. Qumbaranın döyüş yükü 380 qram, yəni mikro drondan on dəfə artıqdır.
"Loza" sistemində PQ-7V qumbarasının zərbəsi nəticəsində açılan dəlik
40 qr döyüş yükünə malik mikro dron tora ciddi ziyan vura və ya digər dronların keçməsi üçün böyük ölçülü dəliklər aça bilmir. Bu maneəni aşmaq üçün bir neçə dronun paralel fəaliyyəti vacibdir, bu isə bütün sürünün səmərəliliyinin azalmasına səbəb olacaq. İki və ya üç qat tordan istifadə edilməsini təklif edənlər, düşmənin bu zaman məhdud əraziyə toplanan canlı qüvvəyə endirəcəyi yüksək dəqiqlikli YARS və ya digər raket zərbəsindən neçə mühafizə olunacağı sualına cavab tapa bilmir. Real döyüş vəziyyətində qoşunları məhdud məkanda cəmləşdirmək daha ağır nəticələrə səbəb ola bilər. Bu qədər ağıllı dronları düşünən beyin, 3 qat tor arxasında qorunan şəxsi heyətə qarşı əvvəlcə tordan maneəni aşmaq üçün raket buraxır, torda dəlik açıldıqdan sonra isə mikrodronları fəaliyyətə cəlb edir. Digər bir metod isə əvvəl qeyd etdiyim cəmləşmə rayonuna endiriləcək YARS zərbəsidir.
Dronlardan qorunmağın başqa bir yolu kimi, ov tüfənglərindən istifadə etməyi məsləhət görürlər. Əslində ideya olaraq qəbul edilə bilər. Meşədə, şəhərdə hədəflərə yaxınlaşan dron sürətini saniyədə 1-2 metrə qədər azaldır. Aşağı yüksəklik, yaxın məsafə və minimum sürət dronlara qarşı ov tüfənglərindən istifadə etməyə imkan verir. Mikro dronlar mərmidən yayına bilir, lakin ov tüfənglərinin çoxsaylı qurğuşun "drob"larından sürünün yayınması asan olmayacaq. Deməli, ov tüfənglərinin burada zenit silahını əvəz edə biləcəyini düşünmək mümkün ola bilər. Lakin şəxsi heyətin əlavə olaraq ov tüfəngləri ilə yüklənməsi və davamlı olaraq mikro dron gözləməsi digər döyüş vəzifələrinin yerinə yetirilməsində problemlər yaradacaq. Yaxın məsafədə partlayacaq dronun qəlpəsindən qorunmaq da məsələnin digər bir tərəfidir.
Boşqablara atəş-mikro dronlara qarşı mübarizə aparmaq üçün təlim hesab edilir
Mikro dronlara qarşı mübarizə aparmaq üçün digər bir üsul kimi F-1 əl qumbaralarından istifadə etməyi də təklif edirlər. Dron hücumunun son mərhələsinin başlanğıcında bir neçə dronun məhv edilməsi, hücum əməliyyatının pozulacağına səbəb olaraq düşünülür. Lakin burada da müdafiə döyüşü üçün səngərdən atılmalı olan F-1 qumbaralarının qəlpələrinin 200 metr radiusda məhvetmə qabiliyətinə malik olduğunu unutmaq olmaz. Əlbəttə ki, bir çox mütəxəssislər dronlara qarşı müxtəlif metodlar təklif edə bilər. Mənim subyektiv qənaətimə görə, söhbət süni intellektə malik dronlara qarşı mübarizədən gedərkən, şəxsi heyəti 2-3 qat toxunma tor altına toplamaq, onları ov tüfəngi ilə təchiz etmək və ya F-1 ilə onları dayandırmaq kimi ideyalar bir az gülünc səslənir. Düşünürəm ki, dronlara qarşı mübarizə aparmaq üçün onların elektron idarəetmə sisteminə müdaxilə edərək hücumu mümkünsə düşmənin öz mövqelərinə, bu mümkün olmadıqda isə heç olmazsa təhlükəsiz ərazilərə yönəltmək daha doğru olardı. Yəni intelekt savaşına intelektlə cavab verilməlidir. Ov tüfəngi ilə savaş dövrü 18-ci əsrdə bitib.