Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ötən ay ABŞ donanması “Tomahawk” raketləri ilə bağlı sonuncu müqaviləsini bağlayaraq, əlavə 100 belə raket sifariş edib.
ABŞ donanması bu raketlərin istehsalının dayandırılmasından dolayı onları yeni raketlərlə əvəzləməyi planlaşdırır. Lakin yeni raketlərin 2030-cu ilə qədər istifadəyə uyğun olacağı ehtimal edilmir.
Dəqiq rəqəmlər ictimailəşdirilməsə də, təxmini hesablamalara görə, donanma hər il təqribən 100 “Tomahawk” raketi atıb. Tramp administrasiyası özünün ilk 15 ayında bu raketlərdən iki dəfə daha çox istifadə edib.
İlk dəfə ötən il kimyəvi silahdan istifadəyə cavab məqsədilə Suriyadakı Şayrat aviabazasına 60 “Tomahawk” raketi atılıb. Bu il aprelin 13-də Fransa və Birləşmiş Krallıqla koordinasiyalı olaraq ABŞ daha 100 “Tomahawk” raketi atıb.
Qarşıdakı 5 il ərzində bu raketlərin tamamilə əvəzlənməsi planlaşdırılır. Lakin bəzi hərbi ekspertlər onlardan istifadənin davam etdirilməli olduğunu bildirir. Onun yüksək dəqiqliyi və döyüş meydanında ortaya qoyduğu effektivlik rəqiblər üçün ciddi çəkindirmə gücü kimi rol oynayır.
Ağalar Ağalarlı
Ordu.az