Daha öncə xəbər verdiyimiz kimi, işğal altında olan Dağlıq Qarabağın Ağdərədəki hərbi hissələrindən birində mina partlaması nəticəsində 3 hərbi qulluqçu 19 yaşlı Sarkis Abrahamyan, zabit Qeğam Zakaryan və Sarkis Məlikyan ölüb, 19 yaşlı Narek Hoveyan isə yaralanıb, daha sonra hospitalda onun bir gözü götürülüb. Ölən Sarkis Abrahamyan Masis şəhər sakini olub.
Ermənistan müdafiə naziri Vigen Sarkisyan ölənlərin ailələrinə münasibətdə ayrı seçkilik edib. Belə ki, Vigen noyabrın 23-də zabit Qeğam Zakaryanın dəfn mərasimində iştirak etsə də, Abrahamyanın dəfninə gəlməyib. Bu barədə ölən erməni əsgərinin anası Susanna Harutyunyan narazılıq edib.
Araşdırmalara görə, 2016-cı ilin iyul ayında hərbi xidmətə gedən Sarkis Abrahamyan muhəndis-istehkamçı olub. Üçmüədzində yerləşən təlim hərbi hissəsində mühəndis-istehkamçı peşəsini öyrəndikdən sonra, işğal altında olan Qarabağa Ağdərədəki hərbi hissəyə, mühəndis bölüyünə göndərilib.
Ölən erməni əsgərinin anası müdafiə nazirliyindən heç kəsin gəlmədiyini, ölüm səbəblərini və günahkarın kim olduğunu izah edən olmadığını bildirib. Yalnız mina basdırılmasında iştirak edən zabitin, 2 ayın zabiti olduğu məlumdur. Abrahamyanlar ailəsinin cavabsız sualları var, lakin bu sualların cavabından qorxurlar.
Digər ölən Sarkis Məlikyan isə Vardenis şəhər sakini olub. Onlar eyni bölükdə xidmət ediblər. Abrahamyanın digər qardaşıda Ağdərədə qulluq edib, 3 ay əvvəl təxris olunub. Anası bildirir ki, müdafiə nazirliyi xidmətini başa vuran oğluna qarşı da haqsızlıq edib. Belə ki, aprel döyüşlərində iştirak etsə də onun hərbi biletində müvafiq qeydlər aparılmayıb.
Alpər Mövludoğlu
Ordu.az