Pakistanın hansı silahları Azərbaycanı maraqlandıra bilər? – II HİSSƏ (FOTOLAR)

2017/12/25564480_723421524534902_1561872329_n_1514013535_1514046432.jpg
Oxunub: 945     00:21     24 Dekabr 2017    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)


Son illərdə Çinlə aktiv şəkildə əməkdaşlıq, Çinin texnologiyaları və prespektivli məhsullarından yararlanmaq imkanı sayəsində Pakistan silahı texnoloji cəhətdən daha mükəmməl olub. Həmçinin Pakistanın aktiv şəkildə ingilis və fransız silah istehsalçıları ilə əməkdaşlıq etdiyini qeyd etmək lazımdır.

Təəccüblüdür ki, bütün bunlara baxmayaraq Pakistan dünya silah bazarında hələ də "qaranlıq at" olaraq qalır. Məsələn, Pakistan tərsanələri haqqında demək olar ki, heç bir məlumat yoxdur. Lakin Pakistan donanması ən müasir gəmilərlə təmin olunur. Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün Pakistan gəmiləri olduqca maraqlıdır. Məsələn, F-22P freqatı Pakistan və Çinin birgə layihəsi olmaqla Çinin 053H3 sinifinə aid freqatının layihəsi əsasında hazırlanır və "Zülfüqar" adlanır. Bunlar “Karachi Shipyard and Engineering Works” (KSEW) tərəfindən inşa edilən çox güclü və modern gəmilərdir. F-22P freqatı "dəniz-hava", "dəniz-yer" və "dəniz-dəniz" raketləri ilə, 76,2 millimetrlik pulemyot, iki yeddi lüləli 30 millimetrlik top, torpedo aparatları və dərinlik bombaları ilə silahlanıb. F-22P-nin hava qrupuna, “Harbin” Z-9EC ASW sualtı qayıq əleyhinə helikopter daxildir.


F-22P tipli freqatların su basımı 2,5 min ton, gövdənin uzunluğu isə 122 metr təşkil edir. Gəmi sürətini 29 dəniz milinədək artırmağa qadirdir, onun üzmə məsafəsi isə 4 min dəniz mili təşkil edir. 170 nəfərlik ekipaja malik belə güclü gəmi Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün yaxşı flaqman ola bilərdi.

Həmçinin Pakistan tərsanələri Çinin lisenziyası əsasında raket və desant katerləri, İtalya lisenziyası əsasında SX-404 “Midget” kiçik sualtı gəmiləri istehsal edir. Pakistan gəmi qurucularının əsas qürur mənbəyi isə “Azmat” tipli sürətli raket krateridir. Bu kater də yeni texnologiyaların istifadəsi ilə yaradılan Pakistan-Çin məhsuludur. Modernləşdirilən hər “Azmat” kateri döyüş başlığı 285 kiloqram olan C-802 raketi ilə təchiz edilib. Bu raketlər 280 kilometr məsafədə yerləşən hədəfləri məhv etməyə qadirdir.


Katerlərin silahlanması iki ədəd Çin istehsalı olan C-802A gəmi əleyhinə raketdən, 25 millimetrlik artilleriya qurğusu, həmçinin 30 millimetrlik AK-630-dan ibarədir. “Azmat” katerləri 560 ton su basımına malik olmaqla 63 metr uzunluğa sahibdir. Maksimal sürət 30 dəniz milidir. Üzmə məsafəsi 1900 kilometr, ekipaj isə 14 nəfərdir.

Bununla belə, gəmi və qayıqlar üçün sonar və hidroakustik stansiyaların istehsalı Pakistana, gəmilərin silahlanmasının böyük hissəsi isə Çinə mənsubdur. Azərbaycan üçün vəziyyəti asanlaşdıran hal budur ki, bizim ölkədə özümüzün gəmiqayırma tərsanələrimiz uğurla fəaliyyət (gəmilərin sahil mühafizəsində istifadəsi də bunu sübut edir) göstərirlər. Odur ki, əgər istəyimiz olsa, Pakistanda istehsal olunan və ölkəyə gəmi və katerlərin müxtəlif hissələr şəklində çatdırılan hissələrin yığımını uğurla təşkil edə bilərik. Bu, Azərbaycanda müəyyən fəaliyyət sahələrinin formalaşmasına, həmçinin daha öncə əldə olunan bilik və təcrübələrin istifadəsinə, üstəlik dövlət vəsaitlərinə qənaət olunmasına şərait yarada bilər. Daha bir önəmli məqam bundan ibarətdir ki, Pakistan gəmilərinin əldə olunması Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəfələrlə gücləndirməklə bu qüvvələr üçün həm hərbi, həm də texnoloji baxımdan böyük üstünlük yaradacaq.

Pakistan silahı barədə danışarkən aviasiyanı xatırlamamaq olmaz. Özlərini Hindistanla döyüşlərdə yaxşı göstərən Pakistan Hərbi Hava Qüvvələri müasir və güclü təyyarələrlə təchiz olunub. Hərbi Hava Qüvvələrinin əsas “ulduzu” təbii ki, Pakistan aviasiyasının qüruru olan JF-17 “Thunder”dir. Artıq anladığımız kimi, burada da Çinin əli olmadan keçinilməyib – təyyarənin bazası məhz Çin mühəndislərinin istehsalı olan məhsullar üzərində qurulub, həmçinin qırıcının xarici görünüşündən həm “Mirage”, həm F-16, həm də F-18-in cizgilərini sezmək mümkündür. Həqiqətən də çox uğurlu və baha olmayan təyyarə alınıb. Onun silah yükləməsi 3630 kiloqram təşkil edir, “hava-hava”, “hava-yer”, idarə olunmayan raketlər və bombalarla təchiz oluna bilər.


Bu yaxınlaradək “Thunder”i o qədər də böyük olmayan sürəti və yüksək olmayan silah daşıma qabiliyyətinə görə tənqid edirdilər – 1910 kilometr/saat və 0,91 mütənasibliyi, həmçinin o qədər də böyük olmayan döyüş radius: 1350 kilometr. Buna görə də Pakistan ixrac etdiyi JF-17-ləri ağırlıqqaldırma qabiliyyəti 9180 kilohers təşkil edən və 1,01-dən az olmayaraq silah daşımağa izn verən “Eurojet” EJ200-lərlə təchiz etmək barədə düşünür. Üstəlik pakistanlılar hazırda həqiqətən də “Thunder”lərin səviyyəsinin və ixracının yüksəkdilməsi üçün böyük səylər göstərir, islahatlar aparırlar.

Belə ki, pilot kabinəsinin fənərinin qarşısında, təyyarənin burun hissəsində yerləşdirilən infraqırmızı sensorla yanaşı F-17 “Thunder” Türkiyənin ASELSAN şirkətində istehsal olunan optic-elektron WMD-7 ASELPOD konteyner kompleksi ilə də təchiz edilib. Bu çoxfunksiyalı kompleks Amerika istehsalı olan və Pakistan F-16-larına quraşdırılmış “Sniper ATP”nin bənzəridir. ASELPOD çoxfunksiyalıdır, həm dəniz və quru, həm də hava hədəfləri ilə istilik və infraqırmızı şüaları vasitəsilə işləməyə qadirdir. Kompleks eyni anda 50 kilometr məsafəyədək 8 müxtəlif hədəfi izləyə bilər. Bu məsafədə iri raket kateri tipli həfədlər aşkarlana bilir. 25 kilometr məsafədə isə lazer şüası vasitəsilə aviabombalar və özütuşlanan yarıaktiv lazer döyüş başlıqlarını istifadə etmək mümkündür.

Pakistan mühəndisləri digər xüsusiyyətləri də unutmayıblar. Məsələn, məsafənin artırılması üçün döyüş radiusunu 1600-1700 kilometrədək artıran iri yanacaq bakları sayəsində maşınların taktiki potensialı praktiki olaraq “Rafael” və ya Su-30MKİ-lərlə bərabərləşir. Hədəf müəyyənləşdirmə sisteminin, fazalaşdırılmış müasir radar və infraqırmızı sensor, radiomüəyyənləşdirmə vasitələrinin tətbiqi JF-17-ləri “4+” nəsil təyyarələrə çevirir. Düşünmək olar ki, ən yaxın gələcəkdə bu təyyarə özündə Çin-Pakistan müdafiə sənayesi kompleksinin ən müasir xüsusiyyətlərini birləşdirməklə səmada çox təhlükəli rəqibə çevrilə bilər.

Əgər biz bu mükəmməl və son texnologiyalarla təchiz olunan təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasında görsək, təəccüblənmərik. Necə ki, bu yaxınlarda alınan “Super Mushshak” təyyarələrini görəndə təəccüblənməmişdik.


Pakistanın digər maraqlı silahları içərisində 122 millimetrlik T-83 (Azar) yaylım atəşli reaktiv sistemlərini də qeyd etmək lazımdır. Onların atəş məsafəsi 13400 metr təşkil edir.

“Bajtar Shikan” (atəş məsafəsi 3 kilometr) tank əleyhinə müdafiə kompleksi və daşınan “Anza” zenit raket kompleksi də dünya silah bazarında böyük tələbatla satılırlar.

Nəticə qeyd edim ki, Pakistan dünya ölkələri arasında Azərbaycana həqiqətən qardaş olan nadir ölkələrdən biridir. Bizim ölkə ilə ümumi sərhədlərə sahib olmayan Pakistan Azərbaycanın bütün problemlərini özününkü kimi qəbul edir və bu ölkə həqiqətən və səmimi şəkildə Azərbaycan Ordusunun güclənməsində maraqlıdır. Odur ki, Pakistan silah bazarı və hər növbəti gün daha mükəmməl olan Pakistan silahları Azərbaycan Ordusunun güclənməsində çox perspektivli yoldur.

Teymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan-Azərbaycan   F-22P   JF-17  


Bizi "telegram"da izləyin