Bundesverdə hərbçilərin Litvaya məcburi ezam olunması məsələsi müzakirə edilir

2026/06/1781928615.jpg
Oxunub: 201     08:07     20 İyun 2026    
Almaniyanın müdafiə naziri Boris Pistorius Litvada yerləşdirilən Bundesverin yeni tank briqadası üçün könüllülərin cəlb edilməsində çətinliklərlə üzləşib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, ilkin mərhələdə əsas diqqət hərbçilərin könüllü iştirakına yönəldilsə də, müraciət edənlərin sayı kifayət etməyib. Xüsusilə informasiya texnologiyaları sahəsində mütəxəssis çatışmazlığı müşahidə olunur. Nəticədə Almaniya Müdafiə Nazirliyi hərbçilərin qismən məcburi qaydada ezam olunması imkanını nəzərdən keçirir.

Almaniya Quru Qoşunlarının müfəttişi Kristian Freydinq bildirib ki, əsas məqsəd gələn il briqadanın tam döyüş qabiliyyətinə nail olmaqdır. Onun sözlərinə görə, könüllü cəlbetmə kifayət etmədiyi hallarda “məcburi xarakterli tədbirlər” tətbiq oluna bilər.

Nazirlik eyni zamanda xaricdə xidmətin cəlbediciliyini artırmağa çalışır. Bu məqsədlə hərbçilərin ailələri üçün sosial dəstək tədbirləri, o cümlədən uşaqlar üçün məktəblər və həyat yoldaşlarının işlə təmin olunmasına yardım kimi imkanlar təklif edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bundesver   Litva   Almaniya  


Bizi "telegram"da izləyin