Ordu.az xəbər verir ki, bu barədə “Dünya” qəzeti yazıb.
Nəşrin məlumatına görə, sammitin keçirilməsi nəticəsində uzunmüddətli perspektivdə Türkiyə iqtisadiyyatına illik təxminən 1,7 milyard dollar həcmində töhfə verilə bilər.
Qəzet qeyd edir ki, sammitin keçirilməsindən birbaşa gəlir kimi Türkiyə xəzinəsinə hotellər, logistika və digər xidmətlər hesabına təxminən 60-62,5 milyon dollar daxil olacaq.
Tədbirdə NATO-ya üzv 32 ölkədən təxminən 6 min rəsmi nümayəndənin, eləcə də alyansa daxil olmayan 10 dövlətin liderlərinin iştirakı gözlənilir. Təkcə ABŞ Prezidenti Donald Trampın nümayəndə heyətinin 1400 nəfərdən ibarət olacağı bildirilir.
Sammiti işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən təxminən 2 min media nümayəndəsinin Ankaraya gələcəyi qeyd olunur. Ümumilikdə iştirakçı və qonaqların sayının 10 mini keçəcəyi proqnozlaşdırılır.
NATO sammitindən Türkiyənin əsas gözləntilərindən biri müdafiə sənayesi sahəsində yeni müqavilələrin bağlanmasıdır. Alyans ölkələrinin müdafiə büdcələrini ÜDM-in 5 faizinə qədər artırmaq qərarı Türkiyə müdafiə sənayesi üçün geniş Avropa bazarı açır.
Nəşr yazır ki, pilotsuz uçuş aparatları, zirehli texnika, raket sistemləri, silah və digər hərbi məhsulların ixracı baxımından Türkiyə üçün yeni imkanlar yaranır.
Analitiklərin hesablamalarına görə, sammitin nəticələri Türkiyə müdafiə sənayesinə üç il ərzində təxminən 3 milyard dollar əlavə iqtisadi effekt qazandıra bilər.
Ekspertlər hesab edirlər ki, sammit həmçinin Türkiyənin beşillik kredit defoltu svopları göstəricisini 20-30 baza bəndi aşağı sala bilər. Bu isə dövlət və özəl sektorun xarici borclanma xərclərini ildə 200-300 milyon dollar azalda bilər.
Bununla yanaşı, uzunmüddətli perspektivdə xarici investisiya axınının ildə 1,5-2 milyard dollar artacağı proqnozlaşdırılır.
Məqalədə qeyd olunur ki, Hörmüz boğazında davam edən böhran fonunda Türkiyənin Avropaya enerji daşıyıcılarının nəqlində rolu daha da arta bilər.
Sevinc Əliyeva
Ordu.az