Türkiyənin kvant texnologiyaları üçün kritik sənədlər imzalanıb

2026/06/1782304388.jpg
Oxunub: 274     16:32     24 İyun 2026    
Türkiyə Müdafiə Sənayesi Komitəsi tərəfindən təşkil olunan Kvant Proqramının təqdimatı çərçivəsində ölkənin kvant texnologiyaları sahəsində yol xəritəsi, yeni layihələri və əməkdaşlıq mexanizmləri ictimaiyyətə təqdim edilib.

Ordu.az xəbər verir ki, tədbirdə kvant hesablamaları, kvant qavrama və kvant rabitəsi sahələrində həyata keçirilən layihələr müzakirə olunub, həmçinin müdafiə sənayesinin gələcəyinə təsir göstərəcək mühüm layihələr üzrə sənədlər imzalanıb.

Təqdimat mərasimində Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Ali Təhsil Şurasının sədri Erol Özvar, ASELSAN-ın baş direktoru Ahmet Akyol, ROKETSAN-ın baş direktoru Murat İkinci, HAVELSAN-ın baş direktoru Mehmet Akif Nacar, STM-in baş direktoru Özgür Güleryüz, TÜBİTAK nümayəndələri, universitet rektorları, alimlər və müdafiə sənayesi nümayəndələri iştirak ediblər.

Haluk Görgün çıxışında kvant texnologiyalarının Türkiyə üçün yalnız yeni texnologiya sahəsi deyil, həm də strateji rəqabət mühiti olduğunu bildirib.

Onun sözlərinə görə, kvant texnologiyaları kriptoqrafiyadan optimallaşdırmaya, məlumatların təhlilindən simulyasiyalara, siqnaldan asılı olmayan naviqasiyadan yüksək dəqiqlikli sensor texnologiyalarına qədər geniş imkanlar təqdim edir.

Görgün vurğulayıb ki, Türkiyə müdafiə sənayesində bir çox istiqamətdə gec başlasa da, innovativ yanaşmalar və tədqiqat fəaliyyəti sayəsində mühüm uğurlar əldə edib.

“Dünyanın istifadə etdiyi sistemləri sadəcə təkrarlamaqla onları qabaqlamaq mümkün deyil. Biz fərqli strategiyalar, çevik yanaşmalar və öz prioritetlərimiz əsasında hərəkət etməliyik”, - deyə o bildirib.

O qeyd edib ki, Türkiyə hazırda müdafiə sənayesi ixracatçıları arasında dünyada 11-ci yerdə qərarlaşıb, lakin bu nəticə ilə kifayətlənmək olmaz.

Tədbirin diqqət çəkən hissələrindən biri KERTERİZ layihəsinin təqdimatı olub. Naviqasiya və sualtı qayıqların aşkarlanması məqsədilə kvant maqnitometrlərinin istifadəsini nəzərdə tutan layihə müdafiə sahəsində yeni imkanların yaradılmasını hədəfləyir.

Bu texnologiya maqnit sahəsindəki dəyişiklikləri son dərəcə yüksək dəqiqliklə ölçməyə imkan verir. Bunun sayəsində GPS kimi xarici siqnallardan asılı olmadan naviqasiya və sualtı qayıqların yaratdığı maqnit izlərinin müəyyənləşdirilməsi mümkün olacaq.

Tədbirdə həmçinin ASELSAN-ın əsas icraçı olduğu Superkeçirici Kvant Prosessoru Bölməsinin hazırlanması layihəsi üzrə də sənədlər imzalanıb. Layihədə TÜBİTAK Milli Metroloji İnstitutu, Koç Universiteti və Sabancı Universiteti tərəfdaş qismində iştirak edir.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin Tədqiqat və Texnologiyaların İdarə Edilməsi Departamentinin rəhbəri Zübeydə Arslanoğlu bildirib ki, layihə çərçivəsində superkeçirici əsaslı kvant prosessorunun hazırlanması nəzərdə tutulur.

Onun sözlərinə görə, bu günədək kvant hesablamaları, kvant qavrama və kvant rabitəsi sahələrində ümumilikdə 16 layihəyə start verilib.

Tədbirdə STM-in koordinasiyası ilə yaradılmış Türkiyə Kvant Platforması da təqdim olunub. Bildirilib ki, platforma ölkədə kvant ekosistemini bir araya gətirən, görünən edən və ortaq məqsədlər ətrafında birləşdirən vahid struktur kimi fəaliyyət göstərəcək.

Proqram çərçivəsində Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə Ali Təhsil Şurası arasında Kvant Texnologiyaları üzrə Strateji Bacarıqların İnkişafı Əməkdaşlıq Protokolu da imzalanıb.

Sənəd kvant hesablamaları, kvant qavrama və kvant rabitəsi sahələrində ixtisaslı kadrların hazırlanmasını, təhsil proqramlarının inkişaf etdirilməsini, elmi tədqiqat potensialının gücləndirilməsini və davamlı kvant ekosisteminin formalaşdırılmasını nəzərdə tutur.

Bundan əlavə, Kvant Alqoritmləri Yarışmasının keçirilməsi ilə bağlı da imza mərasimi təşkil olunub. Yarışmada bankçılıq, maliyyə və rabitə sektorlarında fəaliyyət göstərən qurumların təqdim etdiyi problemlərin kvant alqoritmləri vasitəsilə həll olunması məqsəd qoyulub.

Layihədə “Turkcell”, Türkiyə İş Bankı, “Türk Telekom”, “Kuveyt Türk”, “Yapı Kredi Teknoloji”, IBM Türkiyə, Bilişim Vadisi, TUSAŞ, Teknopark İstanbul, SSTEK, STM, HAVELSAN, ROKETSAN, ASELSAN və TÜBİTAK nümayəndələri iştirak edirlər.

Tədbirdə vurğulanıb ki, kvant proqramının əsas məqsədi Türkiyənin bu sahədə xarici asılılığını azaltmaq, müdafiə sənayesində yeni nəsil imkanlar yaratmaq və qlobal texnologiya yarışında daha güclü mövqe qazanmasını təmin etməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kvant-texnologiyaları  


Bizi "telegram"da izləyin