Polşalı nazir: “Zelenskinin Qdanskdakı konfransa qatılmamaq qərarı doğru addımdır”

2026/06/1782306916.jpg
Oxunub: 222     17:12     24 İyun 2026    
Polşanın kəşfiyyat məsələləri üzrə nazir-koordinatoru Tomaş Semonyak Ukrayna Prezidenti Volodimir Zelenskinin Qdansk şəhərində keçiriləcək Ukraynanın Bərpası Konfransında iştirak etməmək qərarını düzgün addım kimi qiymətləndirib.

Ordu.az xəbər verir ki, Semonyak bununla bağlı açıqlama verib.

O, Polşa Prezidenti Administrasiyasının Beynəlxalq Siyasət Departamentinin rəhbəri Marçin Pşıdaçın Zelenskinin qərarını Baş nazir Donald Tuskun məsxərəyə qoyulması kimi dəyərləndirməsi ilə razılaşmadığını bildirib.

“Bir ay əvvəl cavab belə olardı ki, təəssüf ki, Prezident Zelenski burada deyil və burada olmalı idi. Lakin bu gün, Baş nazir Donald Tuskun da qeyd etdiyi kimi, mövcud şəraitdə bu düzgün qərardır və gərginliyin azalmasına xidmət edir”, - deyə Semonyak vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın Baş naziri Yuliya Sviridenko tədbirdə iştirak edəcək və bu səbəbdən Zelenskinin iştirakı ilə bağlı əlavə gərginlik yaranmayacaq.

Xatırladaq ki, iyunun 23-də Ukraynanın Baş naziri Yuliya Sviridenko Volodimir Zelenskinin Qdanskda keçiriləcək Ukraynanın Bərpası Konfransına qatılmayacağını açıqlamışdı.

Ukrayna və Polşa rəsmiləri arasında münasibətlər Polşa Prezidenti Karol Navrotskinin Volodimir Zelenskidən “Ağ Qartal” ordeninin geri alınması barədə qərarından sonra gərginləşib.

Navrotski bu addımı Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “Ukrayna Üsyançı Ordusunun Qəhrəmanları” adının verilməsinə razılıq verməsi ilə izah edib.

Zelenskidən orden geri alındıqdan sonra Ukraynanın keçmiş prezidentləri Viktor Yuşşenko, Leonid Kuçma və Petro Poroşenko da “Ağ Qartal” mükafatından imtina etdiklərini bəyan ediblər.

Polşa mətbuatının yazdığına görə, “Ukrayna Üsyançı Ordusu” 1943-cü ilin iyulunda ovaxtkı Volın bölgəsində yerləşən və əsasən polyakların yaşadığı təxminən 150 yaşayış məntəqəsinə koordinasiyalı hücumlar təşkil edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ukrayna   Zelenski  


Bizi "telegram"da izləyin