Niderland “Rusiya işğalı”nı dayandırmaq ssenarisi üzrə təlim keçirir

2026/06/Ekran-1782298001.jpg
Oxunub: 255     14:45     24 İyun 2026    
Niderland ordusu Ukrayna müharibəsindən əldə edilən təcrübələri tətbiq edərək son 20 ilin ən böyük hərbi təlimlərindən birini həyata keçirir.

Ordu.az xəbər verir ki, “Fighter Lion” adlı təlimdə təxminən 7 min Niderland hərbçisi iştirak edir və təlimlərin 2026-cı ilin iyul ayının əvvəlinədək davam etməsi planlaşdırılır.

Niderland Müdafiə Nazirliyi tərəfindən ölkənin son iyirmi ildə keçirdiyi ən böyük quru qoşunları təlimi kimi xarakterizə edilən fəaliyyətlər Almaniyanın Aşağı Saksoniya əyalətində yerləşən Bergen-Hohne təlim poliqonunda keçirilir.

Təlim ssenarisinə görə, “Murinus” adlı uydurma düşmən dövlət Oder çayını keçərək NATO ərazisinə hücum edir və Avropada şərqdən qərbə doğru irəliləyir. Niderland qüvvələrinin əsas vəzifəsi isə bu hücumun qarşısını almaqdır.

Təlimin ilk mərhələsində Oyrsxot şəhərində yerləşən 13-cü Yüngül Briqada düşmənin irəliləyişini dayandırmaq tapşırığını yerinə yetirib. Daha sonra Havelte şəhərində yerləşən 43-cü Mexanikləşdirilmiş Briqada daha ağır zirehli vasitələrlə döyüş əməliyyatlarını davam etdirib.

Bu il ilk dəfə olaraq “Forward Passage of Lines” adlanan və bir briqadanın döyüşü davam etdirərkən digər briqaya təhvil verməsini nəzərdə tutan mürəkkəb manevr də təlim proqramına daxil edilib.

Təlimin diqqət çəkən xüsusiyyətlərindən biri Ukrayna müharibəsindən götürülmüş yeni döyüş konsepsiyalarının tətbiqi olub. Hərbçilər daimi Pilotsuz Uçuş Aparatı (PUA) təhlükəsi və radioelektron mübarizə şəraitində fəaliyyət göstəriblər.

2026-cı il aprelin 1-də yaradılmış və NATO-nun ilk xüsusi pilotsuz sistem döyüş bölmələrindən biri hesab edilən “Tech Dev” qrupu təlimdə qarşı tərəf rolunda çıxış edərək kəşfiyyat və zərbə PUA-larından istifadə edib.

Niderland ordusu həmçinin ilk dəfə olaraq Ukrayna Ordusunun tətbiq etdiyi antidron tunellərində təlim keçib. Balıq torları, kamuflyaj torları və müxtəlif müvəqqəti konstruksiyalar vasitəsilə yaradılan bu tunellər FPV tipli kamikadze PUA-larının hücum imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

Niderland Quru Qoşunlarının komandanı general-leytenant Yan Svillens bildirib ki, Ukrayna müharibəsi həm PUA-ların imkanlarını, həm də onlara qarşı müdafiə üsullarını anlamaq baxımından mühüm təcrübə mənbəyinə çevrilib.

Məlumata görə, təlimdə iştirak edən hərbçilər standart avadanlıqla yanaşı antidron çətirləri və balıq torları da daşıyırlar. Bu vasitələr daha inkişaf etmiş sistemlər istifadəyə verilənədək müvəqqəti müdafiə həlli kimi nəzərdə tutulub.

Təlimlər çərçivəsində zirehli texnika ekipajları simulyatorlar vasitəsilə də hazırlıq keçirlər. Bu üsul yüzlərlə zirehli texnikanın yaşayış məntəqələrində yarada biləcəyi problemlərin qarşısını almağa imkan verir.

“Fighter Lion” təlimi həmçinin hava məkanı, kiber mühit və elektromaqnit spektrinin quru əməliyyatlarına təsirini də əhatə edir. Radioelektron mübarizə bölmələri siqnal qarışdırma fəaliyyətləri həyata keçirir, digər bölmələr isə elektromaqnit mühitində görünmədən fəaliyyət göstərməyi öyrənirlər.

Təlim ssenarisi NATO-nun Şimali Avropada qarşılaşa biləcəyi potensial təhlükələrə əsaslanır və holland bölmələri Almaniyanın 1-ci Zirehli Diviziyasının komanda strukturu daxilində fəaliyyət göstərirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Rusiya   Təlim  


Bizi "telegram"da izləyin