“BAEA mütəxəssisləri gec-tez İranın nüvə obyektlərini yoxlayacaqlar” - Qrossi

2025/06/1750433379.jpg
Oxunub: 205     13:16     24 İyun 2026    
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) mütəxəssisləri gec-tez İranın nüvə obyektlərində yoxlamalara başlayacaqlar.

Ordu.az xəbər verir ki, bunu BAEA-nin baş direktoru Rafael Qrossi Yaponiyanın “Fukuşima-1” Atom Elektrik Stansiyasına səfəri zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ ilə İran arasında imzalanmış anlaşma memorandumunda nüvə materiallarından istifadə olunan obyektlərin BAEA-nın nəzarəti altında fəaliyyət göstərməsi açıq şəkildə qeyd olunub.

Qrossi bildirib ki, bunun üçün yoxlamaların keçirilməsi zəruridir və bu proses mütləq baş tutacaq. Bununla yanaşı, o əlavə edib ki, yoxlamaların nə vaxt başlanacağı hələ müəyyənləşdirilməyib.

“Bu, sabah, bir həftə və ya 10 gün sonra ola bilər. Bu mühüm məsələdir, lakin həlledici deyil”, - deyə BAEA rəhbəri qeyd edib.

Bundan əvvəl ABŞ və İran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. 21-22 iyun tarixlərində İsveçrənin Bürgenştok kurort şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə memorandumun icrasına həsr olunmuş ABŞ-İran danışıqları keçirilib.

Lakin bundan sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran Bürgenştok görüşlərində BAEA ilə nüvə obyektlərində yeni yoxlamaların keçirilməsi məsələsini müzakirə etməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrossi   BAEA   İran  


Bizi "telegram"da izləyin