Marin Le Pen Corcia Meloniyə dəstək verib

2026/06/1782306512.jpg
Oxunub: 230     17:07     24 İyun 2026    
Fransanın ultra-sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Pen ABŞ Prezidenti Donald Trampla yaşanan gərginlik fonunda İtaliyanın Baş naziri Corcia Meloniyə dəstəyini ifadə edib.

Ordu.az xəbər verir ki, Le Pen bu barədə jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, Trampın açıqlamaları olduqca təhqiredici xarakter daşıyıb və Meloninin reaksiyasını tam başa düşür.

“Tramp çox təhqiredici davranıb. Buna görə də Corcia Meloninin reaksiyasını tam başa düşürəm. Bu, milli ləyaqətin ifadəsidir”, - deyə Le Pen qeyd edib.

Fransalı siyasətçi vurğulayıb ki, bu hadisə İtaliya ilə ABŞ arasında münasibətlərin tam qırılması anlamına gəlmir, lakin iki lider arasındakı münasibətlərdə ciddi soyuma yarada bilər.

Le Pen əlavə edib ki, beynəlxalq münasibətlərdə dostluq deyil, maraqlar əsas rol oynayır və dövlətlər arasındakı əlaqələr də məhz bu maraqlar üzərində qurulur.

O, həmçinin bildirib ki, Tramp Avropada uzun illərdir görünməyən siyasi iradənin simvoluna çevrilib, lakin xarici siyasətdə seçicilərinə verdiyi bəzi vədlərin əksinə addımlar atıb.

Xatırladaq ki, Donald Tramp Corcia Meloninin onunla şəkil çəkdirmək üçün israr etdiyini və buna yalnız ona yazığı gəldiyi üçün razılaşdığını iddia etmişdi.

Buna cavab olaraq Meloni Trampın dediklərini uydurma adlandıraraq bildirib ki, İtaliya heç vaxt heç kimə yalvarmır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni   Marin-Le-Pen  


Bizi "telegram"da izləyin