“Politico”: Ursula fon der Lyayen səlahiyyətləri öz əlində cəmləşdirir

2025/07/1752421330.jpg
Oxunub: 206     16:57     24 İyun 2026    
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen hətta qurumun baş direktorluqlarının səlahiyyətlərini də öz aparatında toplamağa başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa İttifaqı rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyasının Baş Katibliyi, yəni faktiki olaraq fon der Lyayenin aparatı doqquz yeni yüksək vəzifəli ştat vahidi ilə gücləndiriləcək.

Nəşr bildirir ki, Baş Katibliyin səlahiyyətlərinin artırılması 2028-2034-cü illəri əhatə edən və həcmi 1,8 trilyon avrodan çox olan yeni yeddiillik büdcə planının hazırlanması ilə əlaqədardır.

Avropa Komissiyasının layihəsinə əsasən, əvvəllər kənd təsərrüfatı və regional inkişaf proqramlarına ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi hərbi sənayenin dəstəklənməsinə yönəldilə bilər.

Bundan əlavə, Avropa Komissiyası üzv dövlətlərdən ümumi Avropa İttifaqı büdcəsinin genişləndirilməsini tələb edir.

“Politico” yazır ki, bu dəyişikliklər Baş Katibliyə Avropa İttifaqının büdcə xərclərinə daha geniş nəzarət imkanları verəcək.

Mənbələrin sözlərinə görə, fon der Lyayen artıq regional inkişaf üzrə baş direktorluğun bəzi funksiyalarını öz aparatına verməyi planlaşdırır.

Həmçinin COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması üçün yaradılmış Avropa İttifaqı fondunun vəsaitlərinin bölüşdürülməsi ilə məşğul olan strukturun da yenidən formalaşdırılması nəzərdə tutulur. Bu qurumun gələcəkdə hərbi sahənin maliyyələşdirilməsinə yönəldilə biləcəyi bildirilir.

Nəşr hesab edir ki, bütün bu addımlar Avropa Komissiyası sədrinin səlahiyyətlərini daha da gücləndirəcək.

Məqalədə həmçinin qeyd olunur ki, Avropa Komissiyası daha əvvəl Macarıstana ayrılan 16 milyard avrodan çox vəsaiti dondurmuş, sonradan isə bu vəsaitlər yenidən açılmışdı.

“Politico” iddia edir ki, bundan sonra Macarıstan Ukraynaya 90 milyard avroluq yardım ayrılmasını, Rusiyaya qarşı 20-ci sanksiyalar paketini, həmçinin Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük danışıqlarının başlanmasını dəstəkləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lyayen   Avropa-Komissiyası  


Bizi "telegram"da izləyin