Ordu.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Macar məlumat verib.
Onun sözlərinə görə, yeni hökumət bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirir.
“Agentlərin dosyelərinin açılması haqqında qanun layihəsini parlamentə təqdim etdik. Bu öhdəliyi üzərimizə götürmüşdük və indi onu həyata keçiririk. Bununla onilliklər ərzində yığılıb qalmış borcu ödəyirik”, - deyə Macar sosial şəbəkədə yazıb.
Baş nazir daha əvvəl bildirmişdi ki, yeni hökumət dövlət təhlükəsizlik idarəsinin agentlərinə dair bütün dosyeləri açıqlayacaq və 1956-1989-cu illərdə bu qurumun və Macarıstan Sosialist Fəhlə Partiyasının istifadə etdiyi binadan artıq yararlanmayacaq.
Onun fikrincə, bu addım 1990-cı ildə ölkənin necə talan edildiyini və sonrakı dövrdə Macarıstanda dominant mövqeyə sahib olmuş siyasi və iqtisadi elitanın necə formalaşdığını anlamaq üçün vacibdir.
Dosyelərin açıqlanmasına hazırlıq işləri Baş nazir Aparatının rəhbəri Balint Rufa həvalə olunub. O bildirib ki, bu məsələ onun əsas prioritetlərindən biridir.
Parlamentdə üçdə iki səs çoxluğundan artıq yerə sahib olan “Tisa” partiyasının dəstəyi ilə hökumətin təqdim etdiyi qanun layihəsinin qəbul ediləcəyi demək olar ki, qəti hesab olunur.
Qeyd edək ki, Macarıstanda keçmiş sosialist blokunun və Baltikyanı ölkələrin əksəriyyətindən fərqli olaraq, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində siyasi rejim dəyişdikdən sonra lüstrasiya prosesi həyata keçirilməyib.
Sevinc Əliyeva
Ordu.az