Ukrayna Baş Qərargahı: Qüvvələrimiz Rusiyada cəbhə xəttindən 1200 kilometr uzaqda yerləşən iki zavoda zərbə endirib

2026/06/1782307010.jpg
Oxunub: 264     17:14     24 İyun 2026    
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Orenburq vilayətində yerləşən, cəbhə xəttindən 1200 kilometrdən çox məsafədə olan qaz emalı və helium istehsalı zavodlarına zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində hər iki müəssisənin ərazisində yanğın baş verib.

“Obyektlərin ərazisində yanğın qeydə alınıb. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir”, - deyə Baş Qərargahın açıqlamasında bildirilib.

Ukrayna tərəfi qeyd edib ki, Orenburq Qaz Emalı Zavodu və Orenburq Helium Zavodu vahid sənaye kompleksinin tərkib hissələridir.

Orenburq Qaz Emalı Zavodunun illik emal gücü 45 milyard kubmetr qaz təşkil edir. Müəssisədə təmizlənmiş təbii qaz və kükürd istehsal olunur. Kükürddən partlayıcı maddələrin və qara barıtın hazırlanmasında istifadə edilir.

Helium zavodunda isə helium və etan istehsal olunur. Helium maye yanacaqla işləyən raket mühərriklərində və idarəetmə sistemlərində istifadə edilən mühüm inert qaz hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin