Avstraliya “Bushmaster” zirehli avtomobilinin yeni nəsil versiyasını təqdim edib

2026/06/cekec-1782298096.jpg
Oxunub: 248     14:49     24 İyun 2026    
Avstraliyanın “Thales Australia” şirkəti “Bushmaster” qorunan mobillik vasitəsinin daha inkişaf etmiş imkanlara, rabitə sistemlərinə və sağqalma xüsusiyyətlərinə malik yeni versiyasını təqdim edib.

Ordu.az xəbər verir ki, “5.6” və ya “Mulga Utility Variant” adlandırılan yeni nəsil platforma müasir döyüş meydanının dəyişən tələblərinə uyğun olaraq hazırlanıb.

Yeni variant daha geniş çeşiddə sensorların, təsir sistemlərinin və missiya avadanlıqlarının inteqrasiyasına imkan verəcək şəkildə layihələndirilib. Bunun sayəsində platforma daha çevik və müxtəlif tapşırıqlarda istifadə oluna biləcək.

Modernləşdirmə proqramı çərçivəsində platformaya lazerlə idarə olunan raketlərin inteqrasiyası da həyata keçirilib. Bu imkan vasitəsilə maşın mürəkkəb əməliyyat şəraitində hədəflərə birbaşa nişanalma həyata keçirə biləcək.

Yeni “Bushmaster” variantında sol sükan sistemi, ön qapıdan giriş imkanı, yenidən işlənmiş giriş nöqtələri, rəqəmsal ekranlar və təkmilləşdirilmiş müşahidə sistemləri də yer alıb.

“5.6 Mulga Utility Variant” antidron əməliyyatları, döyüş meydanının kəşfiyyatı və müşahidəsi, rabitə dəstəyi və radioelektron mübarizə tapşırıqları daxil olmaqla çoxsaylı vəzifələrin yerinə yetirilməsi üçün hazırlanıb.

“Thales” şirkətinin Nəqliyyat Vasitələri və Taktiki Sistemlər üzrə vitse-prezidenti Jülyen Assun bildirib ki, “Bushmaster” platforması dəyişən təhdidlərə, inkişaf edən texnologiyalara və müştəri tələblərinə uyğun şəkildə təkmilləşdirilməyə davam edir.

Yeni zirehli avtomobil ilk dəfə Fransanın paytaxtı Parisdə keçirilən “Eurosatory 2026” sərgisində nümayiş etdirilib.

Hazırda xidmət göstərən “Bushmaster” təxminən 7 metr uzunluğa və 2 metr enə malik 4x4 təkər formuluna sahib platformadır. Avtomobilin çəkisi təxminən 12,5 tondur.

300 at gücündə “Caterpillar” 3126E dizel mühərriki ilə təchiz edilən platforma saatda 100 kilometrdən artıq sürət yığa bilir və 800 kilometrədək əməliyyat məsafəsinə malikdir.

NATO standartlarına uyğun zireh qoruması ilə təchiz olunan “Bushmaster” yüksək təhlükə şəraitində şəxsi heyətin təhlükəsiz daşınmasını təmin edir və partlayıcı təhdidlərə qarşı yüksək müdafiə səviyyəsi təqdim edir.

Silahlanma baxımından platforma məsafədən idarə olunan silah sistemi və ya ekipaj tərəfindən istifadə olunan açıq qüllə variantları ilə təchiz oluna bilir. Bu sistemlər 5,56 mm və 7,62 mm çaplı pulemyotlarla uyğun şəkildə fəaliyyət göstərə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Bushmaster   Thales  


Bizi "telegram"da izləyin