İran: AEBA müfəttişlərinin nüvə obyektlərinə giriş məsələsi yalnız müəyyən şərtlərlə müzakirə oluna bilər

2026/04/1775149841.jpg
Oxunub: 191     16:54     24 İyun 2026    
İran hakimiyyəti müharibə zamanı zərər görmüş nüvə obyektlərinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin girişini yalnız bütün sanksiyalar ləğv edildikdən və ABŞ memorandum üzrə öhdəliklərini yerinə yetirdikdən sonra müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.

O, sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd edib ki, hazırda hücuma məruz qalmış nüvə obyektlərinə və nüvə materiallarına müfəttişlərin çıxışının təmin olunması ilə bağlı heç bir plan yoxdur.

Qəribabadinin sözlərinə görə, bu məsələ yalnız yekun saziş çərçivəsində və qarşı tərəfin bütün sanksiyaların tam ləğvi, eləcə də digər öhdəliklərin yerinə yetirilməsi istiqamətində real addımlar atmasından sonra nəzərdən keçiriləcək.

Xatırladaq ki, iyunun ortalarında ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənəddə bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılması nəzərdə tutulur.

İyunun 21-də İsveçrənin Bürgenştok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında memorandumun icrasına həsr olunmuş danışıqlar keçirilib.

Daha sonra ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehran AEBA müfəttişlərinin İrana qayıdışı ilə bağlı razılıq verməyəcəyi təqdirdə amerikalı rəsmilərlə növbəti görüşləri ləğv edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   AEBA  


Bizi "telegram"da izləyin