FT: ABŞ Ukraynaya Rusiyanın neft emalı zavodlarına zərbə endirmək üçün kəşfiyyat məlumatları verir

2026/06/1782292728.jpg
Oxunub: 262     13:13     24 İyun 2026    
Ukrayna Silahlı Qüvvələri ABŞ kəşfiyyatının dəstəyi ilə Rusiyanın dərinliklərində yerləşən neft emalı zavodlarına və hərbi obyektlərə zərbələr endirir.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, Kiyevin Qərb müttəfiqləri Vaşinqtonu hücumlar üçün zəruri olan kəşfiyyat məlumatlarının təqdim edilməsini davam etdirməyə çağırıblar. Öz növbəsində ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən G7 sammiti zamanı Ukrayna tərəfinin bu zərbələrindən “çox təsirləndiyini və ruhlandığını” göstərib.

Nəşrin mənbələrindən birinin sözlərinə görə, Ağ Ev rəhbəri sammit çərçivəsində bu məsələ ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun müzakirə aparıb.

“Kyiv Independent”in məlumatına görə, Tramp Zelenskiyə Rusiya ilə bağlı “daha cəsarətli” davranmağı tövsiyə edib. O vurğulayıb ki, Vladimir Putin təzyiq olmadan ciddi addım atmayacaq. ABŞ rəsmilərindən biri bildirib ki, Tramp “güc mövqeyindən sülh” prinsipinə inanır.

“Politico”nun həmsöhbətləri də G7 sammitində Trampın Ukraynaya dəstək verməyə və Rusiyaya təzyiqləri artırmağa hazır olduğunu dediyini bildiriblər. Bundan əvvəl “Bloomberg”in mənbələri Ağ Ev rəhbərinin və ətrafının Moskvanın döyüş meydanında qələbə qazana bilməyəcəyini, Kiyevin mövqelərinin isə getdikcə möhkəmləndiyini düşündüyünü qeyd etmişdi.

Sammitdən sonra Zelenski bəyan edib ki, Tramp və ABŞ dövlət katibi Marko Rubio ilk dəfə olaraq Ukraynada “Patriot” sistemləri üçün raketlərin istehsalının lisenziyalaşdırılması məsələsinə müsbət yanaşıblar.

Ukrayna Prezidenti bildirib ki, hazırda “Patriot” sistemləri üçün raket istehsalına başlamaq üçün bütün texniki imkanlar mövcuddur və yalnız Trampın şəxsi razılığı tələb olunur.

Məlumata görə, sammitdən əvvəl Putin Trampa zəng edərək onu ad günü münasibətilə təbrik edib. Lakin FT yazır ki, bu addım ABŞ Prezidentinin mövqeyinə ciddi təsir göstərməyib. Tramp bildirib ki, “Rusiya razılaşmaya gəlməlidir”.

2026-cı ildə Ukrayna Silahlı Qüvvələri Rusiyanın neft infrastrukturuna qarşı hücumlarını daha da gücləndirib. “Bloomberg”in hesablamalarına görə, may ayında rekord sayda, 30 hücum həyata keçirilib.

“Energy Intelligence”in qiymətləndirməsinə əsasən, Ukrayna pilotsuz uçuş aparatlarının neft emalı zavodlarına zərbələri nəticəsində iyunun əvvəlində Rusiyada gündəlik neft emalı həcmi 4 milyon bareldən aşağı düşüb ki, bu da son 21 ilin ən aşağı göstəricisidir. Eyni zamanda, Rusiyanın neft emalı güclərinin təxminən üçdə biri, gündəlik 2,14 milyon barel həcmində hissəsi fəaliyyətsiz qalıb.

Bu fonda 50-dən çox regionda yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.

“Energy Intelligence” analitikləri vurğulayıblar ki, Ukraynanın Rusiya enerji sektoruna qarşı kampaniyası ölkəyə böyük zərər vurub və onu tarixinin ən ağır yanacaq böhranına doğru aparır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin