"İslam dünyası tarixi sınaqlarla üz-üzədir" - İraq parlamentinin sədri

2026/06/Ekran-1782299922.jpg
Oxunub: 193     15:10     24 İyun 2026    
İslam dünyası müasir tarixinin ən mürəkkəb və həssas mərhələlərindən birini yaşayır, beynəlxalq sistem isə ciddi sınaqlarla üz-üzə qalıb.

Ordu.az xəbər verir ki, bunu İraq Nümayəndələr Şurası sədrinin birinci müavini Adnan Faihan Mousa Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının (PUIC) 20-ci sessiyasının açılış mərasimində deyib.

O bildirib ki, son bir il ərzində İslam dünyasının müxtəlif bölgələrində baş verən hadisələr beynəlxalq hüququn və qlobal idarəetmə mexanizmlərinin effektivliyini ciddi şəkildə sual altına qoyub.

“Bu gün İslam ümməti müasir tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayır. Son bir ildə və cari ildə baş verənlər göstərir ki, yaralarımız hələ də sağalmayıb. Beynəlxalq sistem təhlükə altındadır, qanunları, müqavilələri və beynəlxalq razılaşmaları qorumaq üçün yaradılmış institutlar isə şər, təcavüz və həddi aşan zorakılığın qarşısını almaqda aciz qalıb”, - deyə o qeyd edib.

İraq parlamentinin sədri çıxışında Fələstin, Livan, Suriya və İran ətrafında baş verən hadisələrə xüsusi diqqət ayırıb.

“Fələstin xalqının, xüsusilə də Qəzza sakinlərinin üzləşdiyi soyqırımı və müharibə davam edir. Eyni zamanda Qüdsə qarşı gündəlik hücumlar həyata keçirilir. Livanda xalq dağıdıcı müharibənin nəticələri ilə üzləşir, Beyrutun cənub əraziləri və ölkənin cənubu dağıntılar, xarabalıqlar və məhv edilmiş yaşayış məntəqələri ilə qarşılaşıb. Bundan əlavə, Suriyada davam edən işğalçı fəaliyyətlər və ABŞ-İsrail hücumlarının İran İslam Respublikasına qarşı yaratdığı gərginlik region ölkələri arasında təhlükəli vəziyyət formalaşdırıb”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu proseslər qlobal ticarətin təhlükəsizliyinə və beynəlxalq nəqliyyat marşrutlarının fəaliyyətinə də birbaşa təsir göstərir.

“Bu hücumlar və təxribatlar təkcə region ölkələrinin deyil, bütün dünyanın təhlükəsizliyi və sabitliyi üçün təhdiddir. Bu siyasət yalnız sionist ekspansionizmə, xalqlarımızın sərvətlərinə nəzarət etmək cəhdlərinə və milli təhlükəsizliyimizin zəiflədilməsinə xidmət edir”, - deyə o vurğulayıb.

İraq parlamentinin sədri qeyd edib ki, mövcud vəziyyət İslam ölkələrinin qarşısında böyük tarixi məsuliyyət yaradır.

“Xarici güclərin müdaxiləsinə və beynəlxalq hüquqa hörmət etməyən qüvvələrin vasitəçiliyinə həddindən artıq arxalanmaq bizə yalnız daha çox asılılıq, daha dərin fikir ayrılıqları və ölkələrimizin böyük güclərin rəqabət meydanına çevrilməsi kimi nəticələr gətirib”, - deyə o bildirib.

Onun sözlərinə görə, parlamentlər xalqların iradəsini təmsil edən institutlar kimi hökumətləri daha müstəqil və suveren qərarlar qəbul etməyə təşviq etməlidirlər.

“Parlamentlərimizin vəzifəsi yalnız bəyanatlar verməkdən ibarət deyil. Biz hökumətlərimizi milli maraqları qoruyan, kollektiv təhlükəsizliyi gücləndirən siyasətlərə yönəltməliyik”, - deyə o qeyd edib.

İraq parlamentinin sədri PUIC çərçivəsində həyata keçirilə biləcək konkret təşəbbüsləri də səsləndirib.

O, ilk növbədə parlament diplomatiyasının gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Üzv dövlətlər arasında fikir ayrılıqlarının aradan qaldırılması və münaqişələrin qarşısının alınması üçün ortaq parlament komissiyaları və vasitəçilik mexanizmləri yaradılmalıdır. Məqsədimiz regionumuzu xarici güclərin diktə etdiyi qarşıdurmalardan qorumaq olmalıdır”, - deyə o bildirib.

İraq rəsmisi iqtisadi əməkdaşlığın genişləndirilməsinin də vacib olduğunu qeyd edib.

“Parlamentlərimiz kapital axınının asanlaşdırılması, tədarük zəncirlərinin qorunması və qarşılıqlı investisiyaların təşviqi istiqamətində yeni qanunlar qəbul etməlidirlər. Bu addımlar gələcəkdə ortaq İslam bazarının formalaşmasına, ərzaq təhlükəsizliyinin və davamlı inkişafın təmin olunmasına imkan verə bilər”, - deyə o vurğulayıb.

O, həmçinin su və dəniz təhlükəsizliyi məsələlərinə toxunaraq region ölkələrinin strateji su yollarının mühafizəsi istiqamətində daha sıx əməkdaşlıq etməli olduğunu bildirib.

“Parlamentlər hökumətləri həyati əhəmiyyət daşıyan dəniz marşrutlarının təhlükəsizliyinin təmin olunmasına təşviq etməlidir. Eyni zamanda, bu marşrutların qorunması bəhanəsi ilə regionun hərbiləşdirilməsinə və xarici hərbi müdaxilələrə qarşı çıxmalıyıq”, - deyə o qeyd edib.

İraq parlamentinin sədri münaqişələrdən və təbii fəlakətlərdən zərər çəkən bölgələr üçün ortaq inkişaf və yardım fondlarının yaradılmasını da təklif edib.

“Parlamentlərimiz hökumətlərin və milli qurumların ortaq yardım və inkişaf fondlarına töhfə verməsini asanlaşdıran qanunvericilik bazası formalaşdırmalıdır. Bu, zərər çəkmiş ərazilərin bərpasını sürətləndirəcək və şərtli xarici yardımlardan asılılığı azaldacaq”, - deyə o bildirib.

Çıxışının sonunda İraq parlamentinin sədri ölkəsinin parlamentlərarası əməkdaşlığın inkişafına sadiq qaldığını vurğulayıb.

“İraq öz ərazisinin və hava məkanının hər hansı qonşu dövlətə qarşı istifadə edilməsinə qəti şəkildə qarşıdır. Bu gün hökumətlərimizin güclü qanunvericilik dəstəyinə və parlamentlərin təşəbbüskar roluna ehtiyacı var. Konfransımızın nəticəsi olaraq qəbul ediləcək tövsiyə və qanunvericilik təşəbbüslərinin milli parlamentlərimizdə sürətlə reallaşdırılması İslam dünyasının daha güclü, müstəqil və nüfuzlu gələcəyinə xidmət edəcək”, - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İƏT  


Bizi "telegram"da izləyin