Bir gün əvvəl Uşakov bəyan etmişdi ki, Rusiyaya “Ankoric razılaşmaları artıq lazım deyil, atəşkəs lazım deyil, Rusiyaya qarşıya qoyulan məqsədlərə nail olmaq üçün yalnız qələbə lazımdır”. O, həmçinin dolayı yolla Amerika tərəfini “razılaşmaları yerinə yetirməməkdə” ittiham edib. Moskvada hesab edirlər ki, Donald Tramp Volodimir Zelenskini ərazi güzəştlərinə məcbur edə bilərdi, lakin bunu “istəməyib”.
İyunun 22-də BMT Təhlükəsizlik Şurasında Ukrayna nizamlanmasına dair dinləmələr keçirilib. “Reuters” agentliyi müzakirələr zamanı ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Den Neqrinin çıxışından geniş sitatlar təqdim edib. Həmin sitatlar Ukraynanın “Unian.ua” saytı tərəfindən tərcümə olunaraq yayımlanıb.
“ABŞ Ukrayna xalqına sarsılmaz dəstəyini davam etdirir”, - deyə Neqri bildirib və Rusiyanın “Ukraynanın mülki infrastrukturuna endirdiyi zərbələri” pisləyib. ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Amerika kəşfiyyatının məlumatlarını da açıqlayaraq bildirib ki, “Rusiya hər ay 40 min insan itkisi verir” və Moskvanı “tez bir zamanda danışıqlar masasına qayıdaraq diplomatik həllə nail olmağa” çağırıb.
Den Neqri bəyan edib ki, “bu müharibədə zaman Rusiyanın xeyrinə işləmir”. Rusiya-Ukrayna müharibəsinin dörd ildən artıq davam etdiyi müddətdə Vaşinqton ilk dəfədir ki, belə bəyanat verir. Bu isə ABŞ-də Ukrayna tərəfinin son fəaliyyətlərinin “dönüş nöqtəsi” kimi qiymətləndirildiyini göstərir.
Ukrinform həmin iclasda Ukraynanın daimi nümayəndəsi Andrey Melnikin çıxışının əsas məqamlarını dərc edib. Buna əsasən, Ukrayna “ədalətli və davamlı sülh naminə BMT Nizamnaməsini əsas götürərək Rusiya ilə danışıqlara başlamağa hazırdır”. Lakin Təhlükəsizlik Şurası “gözləmə mövqeyini qorumaqda davam edərsə, Kiyev öz təklifini yenidən nəzərdən keçirə və dəyişdirə bilər”.
Ukraynalı diplomatın sözlərinə görə, “cəbhədəki faktiki təmas xətti boyunca atəşkəsin əldə olunması artıq böyük güzəştdir”. Bu kontekstdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Uitkofun Moskvaya hansı mesajı çatdıra biləcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Prezident Trampın G7 sammitində səsləndirdiyi çağırışa istinad edib: “Rusiya razılaşma imzalamalıdır”. Həmin gün və həmin məkanda ABŞ Prezidenti İranla “Qarşılıqlı Anlaşma Memorandumu”nu imzalayıb.
Rusiya Prezidenti sentyabrın 18-20-ni Dövlət Dumasına seçkilərin səsvermə günləri kimi müəyyən edib. Həmin tarixə qədər onun Ukrayna ilə “razılaşma imzalaması” çətin görünür.
Bəs daha sonra? Putin Trampın “siyasi ultimatumu”nu qəbul edəcəkmi?
Asif Cəfərov
Ordu.az