Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Livan və İsrail mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ-nin dəstəklədiyi plana əsasən Livan hərbçiləri əvvəlcə amerikalı mütəxəssislər tərəfindən təlim və yoxlamadan keçəcəklər.
Vaşinqton bununla həmin hərbçilərin “Hizbullah” təşkilatı ilə əlaqəsinin olmadığından əmin olmağı planlaşdırır.
Bunun müqabilində İsrail Livanla sərhəddə yerləşən bufer zonada hərbi mövcudluğunu qoruyub saxlamalıdır.
İyunun 23-də Vaşinqtonda ABŞ vasitəçiliyi ilə Livan-İsrail danışıqlarının beşinci mərhələsi başlayıb.
“Asharq al-Awsat” nəşrinin məlumatına görə, diplomat Simon Karamın rəhbərlik etdiyi Livan nümayəndə heyəti İsrail qoşunlarının cənub rayonlarından çıxarılması üçün konkret vaxt cədvəlinin müzakirəsini tələb edir.
Bunun qarşılığında Livan Litani çayının cənubunda yerləşən ərazini silahsız təhlükəsizlik zonasına çevirməyi öhdəsinə götürür.
“Al Hadath” telekanalının məlumatına əsasən, İsrail nümayəndə heyəti qoşunların çıxarılmasına başlamağa hazır olduğunu bildirib. Lakin bunun üçün Livan ordusu Nabatiyyə yaxınlığındakı Əli ət-Tahir dağlıq bölgəsini təmizləməlidir. İsrail tərəfi hesab edir ki, “Hizbullah” həmin ərazidə yeraltı tunel şəbəkəsi yaradıb.
Məlumata görə, İsrail qüvvələrinin mərhələli şəkildə çıxarılması Litani çayının şimal sahilindən, eləcə də Cənubi Livanın qərb hissəsindən başlaya bilər.
Sevinc Əliyeva
Ordu.az