Britaniyanın düşüncə mərkəzi olan Kral Birləşmiş Xidmətlər İnstitutu (RUSI) “Disrupting Russian Air Defence Production: Reclaiming the Sky” (“Rus Hava Hücumundan Müdafiə İstehsalını Pozmaq: Səmanı Yenidən Qazanmaq”) adlı hesabatını dərc edib. Rus hava hücumundan müdafiə sistemlərinin istehsal infrastrukturunu diqqət mərkəzinə alan bu hesabat modernləşdirmə fəaliyyətlərini və istehsal potensialını pozmaq üçün istifadə edilə biləcək kritik sənaye zəifliklərini üzə çıxarır.
Sözügedən araşdırma xarici texnologiyalara, materiallara və təchizat zəncirlərinə olan kritik asılılıqları ön plana çıxararaq Rusiyanın hava hücumundan müdafiə istehsalı ekosistemindəki zəif nöqtələri araşdırır. Tədqiqat həmçinin Ukraynanın uzaqmənzilli hücum əməliyyatlarını dəstəkləmək və Rusiyaya qarşı Avropanın təhlükəsizliyini möhkəmləndirmək üçün Rusiyanın hava hücumundan müdafiə imkanlarının pozulmasının daşıdığı strateji əhəmiyyətə diqqət çəkir.
Rusiya yüksək həcmdə istehsal edə bildiyi qabaqcıl inteqrasiya edilmiş hava və raket hücumundan müdafiə sistemləri (IAMDS) ilə həm NATO-nun hava gücünə əsaslanan müharibə anlayışına qarşı ciddi maneə yaradır, həm də Ukrayna müharibəsinin gedişatını müəyyən edən kritik üstünlük əldə edir. Bu sistemlər Ukrayna Hərbi Hava Qüvvələrini təzyiq altında saxlayarkən, Rusiyanın müdafiə sənayesini və kritik infrastrukturunu hücumlardan qoruyur. Bu kontekstdə tədqiqat Rusiyanın strateji hava hücumundan müdafiə komplekslərinə və yaxın mənzilli hava hücumundan müdafiə (SHORAD) sistemlərinin istehsalına, ilk növbədə isə S-400 və “Pantsir” zenit-raket sistemlərinə (SAM) diqqət yetirir.

Hesabat 3 əsas bölmədən ibarətdir. Birinci bölmə hərbi ixtisası olmayan qərarvericilər və siyasət formalaşdıran şəxslər üçün radar və hava hücumundan müdafiə sistemlərinin iş prinsipləri, eləcə də Rus sistemlərinin Ukrayna cəbhəsindəki təsiri barədə əsas çərçivə təqdim edir. İkinci bölmədə kritik istehsal müəssisələri və təchizat zənciri əlaqələri xəritələndirilir. Üçüncü bölmə isə istehsal xəttində istismar edilə bilən sənaye zəifliklərini konkret nümunələrlə təhlil edir.
Radar və hava hücumundan müdafiə sistemlərinin iş prinsipləri
Hesabata görə, Rusiyanın hava hücumundan müdafiə istehsalı ekosisteminin sənaye baxımından pozulması potensialını düzgün təhlil etmək üçün ilk növbədə sistemin iş prinsiplərini, asılı olduğu kompleksləri və döyüş meydanında taktiki baxımdan necə istifadə edildiyini anlamaq lazımdır. Bu baxımdan hesabatın müvafiq bölməsi xüsusilə zenit-raket sistemlərinə (SAM) və onların fəaliyyətinə diqqət yetirərək inteqrasiya edilmiş hava və raket hücumundan müdafiə sisteminin (IAMDS) əsas komponentlərini, Rusiyanın hava hücumundan müdafiə arxitekturasının özünəməxsus quruluşunu və bu imkanların Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarındakı kritik əhəmiyyətini ümumi şəkildə ortaya qoyur.
Hava hücumundan müdafiə sistemləri hava təhdidlərini aşkar etmək, izləmək və zərərsizləşdirmək məqsədilə inteqrasiya edilmiş sensorlardan, komanda-idarəetmə (C2) elementlərindən və önləyici vasitələrdən ibarətdir. Sistemin əsas sensoru olan radar yaydığı radio dalğaları vasitəsilə hədəfin mövqeyini, sürətini və istiqamətini müəyyən edir. Müxtəlif tezlik və dalğa uzunluqlarının istifadəsi geniş ərazi müşahidəsi ilə dəqiq hədəf izlənməsi arasında əməliyyat balansı yaradır. Texnoloji inkişaf prosesində mexaniki skan etmə sistemlərini eyni vaxtda çoxsaylı hədəfi müxtəlif tezliklərdə izləyə bilən Aktiv Elektron Draamalı Antena Qəfəsi (AESA) radarları əvəz edib.

Quru əsaslı radarlar adətən görmə xətti (Line of Sight) ilə məhdudlaşır və aktiv sistemlər yaydıqları siqnallar səbəbindən düşmən tərəfindən aşkar edilmək riski daşıyır. Passiv radarlar bu zəiflikdən azad olsa da, onların effektivliyi ətraf elektromaqnit mühitindən asılıdır. İnteqrasiya edilmiş hava və raket hücumundan müdafiə sistemləri (IAMDS) təhdidlərin aşkar olunması və təsnifləndirilməsi üçün birdən çox radar növündən və sensordan istifadə edir, əldə olunan məlumatları isə aşağı gecikməli rabitə şəbəkələri vasitəsilə önləyici vasitələrə ötürür.
Fərqli sürət, hündürlük və xərc göstəricilərinə malik təhdid spektri IAMDS daxilində müxtəlif önləyici vasitələrin istifadəsini zəruri edir. Bu baxımdan ballistik raketlər, qanadlı raketlər, Pilotsuz Uçuş Aparatları (PUA) və təyyarələr fərqli nişanalma həlləri və döyüş tətbiqi üsulları tələb edir. Tipik hava hücumundan müdafiə raketi mühərrik, döyüş başlığı, partladıcı mexanizm, idarəetmə səthləri və axtarış başlığından ibarətdir. İdarəetmə sistemi radar, istilik və ya elektro-optik üsullarla təmin oluna bilər.
Tək idarəetmə üsulları taktiki manevrlər və ya maneə yaratma vasitəsilə aldadıla bilər. Yer radarından məlumat bağlantısı ilə yenilənən və son mərhələdə aktiv axtarış başlığından istifadə edən hibrid idarəetmə sistemləri isə məhvetmə effektivliyini artırır. Bununla yanaşı IAMDS sistemlərinin istismarı yüksək xərc tələb edir və mürəkkəb xarakter daşıyır, eyni zamanda ixtisaslı heyətə ehtiyac yaradır. Bundan əlavə sistemlərin saxlanılması proqram təminatı dəstəyindən, fasiləsiz rabitədən, müntəzəm texniki xidmət və təmirdən, eləcə də layihə bürolarının davamlı texniki dəstəyindən asılıdır. Nəticə etibarilə inteqrasiya edilmiş hava və raket hücumundan müdafiə sistemləri (IAMDS) bir-birini tamamlayan komponentlərdən ibarət çevik və dayanıqlı arxitekturadır. Tək bir elementin itirilməsi sistemi çökdürmür, lakin bir neçə komponentin ardıcıl şəkildə sıradan çıxması zaman keçdikcə düşmənin istifadə edə biləcəyi təhlükəsizlik boşluqları yarada bilər.
İnteqrasiya edilmiş Hava və Raket Hücumundan Müdafiə Sistemi (IAMDS)
1970-ci illərə qayıtdıqda Sovet İttifaqı NATO-nun təyyarə texnologiyalarındakı inkişafına ayaq uydurmaqda çətinlik çəkəcəyini qəbul etmişdi. Döyüş meydanında bunun ardınca baş verən “dəqiq zərbə inqilabı” Sovet İttifaqını və daha sonra Rusiya Federasiyasını NATO hava gücünə qarşı asimmetrik tarazlaşdırıcı vasitəyə ehtiyac duyduqlarına daha da inandırdı. Çünki NATO hava gücü alyansa böyük üstünlük qazandırmaqla yanaşı, eyni zamanda asılılıq yaradan kritik zəiflik nöqtəsi hesab olunurdu.
1950-ci illərdə nüvə bombardmançı təyyarələrinə, sonrakı onilliklərdə isə qanadlı raketlərə dair davamlı narahatlıqlar ölkənin nəhəng ərazisi ilə birləşərək Sovet İttifaqını və daha sonra Rusiya Federasiyasını inteqrasiya edilmiş hava və raket hücumundan müdafiə sistemlərinə qeyri-mütənasib dərəcədə böyük investisiyalar yatırmağa sövq etdi. Bunun nəticəsində dünyanın ən sıx, ən mürəkkəb və ən inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkələrindən biri formalaşdı. Hesabata görə, bu şəbəkənin necə pozula biləcəyini araşdırmadan əvvəl onu təşkil edən elementləri müəyyən etmək lazımdır.
Ballistik Raket Hücumundan Müdafiə (BMD)
Rusiyanın IAMDS arxitekturasının mərkəzində nüvə təhdidlərinə qarşı cavab vermək üçün nəzərdə tutulmuş komponentlər yerləşir. Bunlara aşağıdakılar daxildir:
- Nüvə hücum qüvvələrinə dair strateji kəşfiyyat toplama vasitələri,
- “77Ya6-M Voronezh-M”, “77Ya6-DM Voronezh-DM” və daha köhnə “Daryal” sistemləri kimi erkən xəbərdarlıq radarları,
- US-KMO, US-K və “Oko” erkən xəbərdarlıq peyk qruplaşmaları daxil olmaqla raket izləmə peykləri.
Bu çərçivədə əsas ballistik raket hücumundan müdafiə sistemi Moskvanı qoruyan A-135 sistemidir. Bu sistem Don-2N AESA radarı tərəfindən idarə olunur və 53T6 nüvə döyüş başlıqlı önləyici raketlərlə birlikdə fəaliyyət göstərir.

Rusiya hazırda ballistik raket hücumundan müdafiə imkanlarını nüvə döyüş başlıqlı önləyici raketlər əvəzinə kinetik məhvetmə (hit-to-kill) prinsipi ilə işləyən önləyici raketlərdən istifadə edən Moskva üçün A-235 raket hücumundan müdafiə sisteminin təhvili və S-500 sistemi vasitəsilə əhəmiyyətli dərəcədə modernləşdirir. Rusiya hava hücumundan müdafiə sistemləri ilə (aşağıda izah ediləcəyi kimi) böyük ölçüdə ortaq infrastruktura malik mobil sistem olan S-500, müvafiq olaraq ballistik raketlərə və peyklərə qarşı istifadə edilmək üçün 77N6 və 77N6-N1 raketləri ilə təchiz olunub.
Strateji Hava Hücumundan Müdafiə Sistemləri
Ballistik raket hücumundan müdafiə sisteminin bir alt təbəqəsində Rusiya Hava-Kosmik Qüvvələrinin (VKS) və Quru Qoşunlarının strateji zenit-raket sistemləri (SAM) yerləşir. Bu sistemlərin vəzifəsi inteqrasiya edilmiş hava hücumundan müdafiə şəbəkəsi üçün vəziyyət məlumatlılığı və komanda-idarəetmə (K2) təmin etmək, həmçinin yanacaq doldurma təyyarələri kimi “dəstək” elementləri də daxil olmaqla düşmən hava vasitələrini uzaq məsafədən təzyiq altında saxlamaqdır.
Rusiyanın strateji zenit-raket sistemləri S-300 ailəsinin törəmələridir. S-400 ən müasir sistem olsa da, xüsusilə hərəkətdə olan quru qoşunlarının müdafiəsi üçün istifadə edilən tırtıllı variantlar başda olmaqla, S-300-ün yeni versiyaları hələ də geniş şəkildə xidmətdədir. Bu sistemlərin hamısı oxşar vəzifələrə malik eyni avadanlıq qruplarından ibarətdir.

Rusiyanın mobil strateji hava hücumundan müdafiə sistemlərinə dəstək verən vasitələr arasında təyyarələrin yaxınlaşmasını Rusiya sərhədlərindən çox uzaq məsafələrdən izləyə bilən sabit “Kontayner” 29B6 və “Resonance-N” kimi Görmə Xəttindən Kənar (OTH) radarlar yer alır. Bu baxımdan strateji hava hücumundan müdafiə briqadaları müxtəlif hədəf növlərini izləmək üçün optimallaşdırılmış fərqli radarlarla dəstəklənir. VKS-yə məxsus A-50U “Beriyev” Hava Erkən Xəbərdarlıq və İdarəetmə təyyarələri geniş ərazini müşahidə edə bilən “look-down” radarları sayəsində yerüstü radarların üfüq xəttindən kənarda vəziyyət məlumatlılığı təmin edərək strateji hava hücumundan müdafiə sistemlərinə əhatə dəstəyi verir. Bundan əlavə, 12A6 “Sopka-2” kimi geniş ərazi hava müşahidə radarları da böyük bölgələr üzərində nəzarətin davam etdirilməsinə kömək edir.
Bu sabit radar obyektlərinə əlavə olaraq, birlikdə effektiv radar əhatəsi yaradan və mobil hava hücumundan müdafiə birləşmələrinin üzvi hissəsi olan bir sıra radarlar da mövcuddur:
NEBO-M: Radara görünmə sahəsi aşağı olan hədəflərin aşkarlanması üçün optimallaşdırılmış geniş ərazi müşahidə radarı.
48Ya6-K1 “Podlet”: Aşağı hündürlükdə uçan hədəflərin izlənməsi üçün istifadə edilən yaxınlaşma aşkarlama radarı.
96L6E: Ballistik raketlər də daxil olmaqla yüksək hündürlükdə hərəkət edən obyektlərin aşkarlanması üçün optimallaşdırılmış AESA müşahidə və hədəf aşkarlama radarı.
91N6 radarı: Uzaq mənzilli hədəf izlənməsi üçün istifadə edilən S-Diapazon müşahidə və izləmə radarı.
Bu radarlar birlikdə S-400 sisteminə müxtəlif təhdidlərə qarşı mühüm mənzil və əhatə imkanları verir. Uzaq mənzilli sistemlər olduqları üçün yaxınlaşan təhdidləri izləmək məqsədilə hava hücumundan müdafiə təbəqələrinin xeyli arxasında yerləşdirilə bilirlər. Bu müxtəlif radarlardan əldə olunan məlumatlar S-400-ün K2 sistemi vasitəsilə birləşdirilir və daha sonra batareyalara ötürülür.

S-400 batareyasının əsas elementi 92N6 nişanalma radarıdır. Hesabatda qeyd edildiyi kimi, radioelektron müdaxilə ilə sıradan çıxarılması çətin olan bu gücləndirilmiş sistem eyni vaxtda çoxsaylı hədəflərə qarşı nişanalmanı idarə edə bilir. Radar izləmə məlumatlarını batareyanın komanda maşınına ötürür. Komanda maşını isə batareyanın buraxılış qurğularını daşıyan nəqliyyat vasitələrini (TEL) müvafiq hədəflərə qarşı istifadə etmək üçün yönləndirir. S-400 müxtəlif önləyici raket növlərinin bir nəqliyyat vasitəsində daşınmasına imkan verən konteyner tipli raketlərlə təchiz olunub.
Ən uzaq mənzilli və ən yüksək imkanlara malik raket olan 40N6 aktiv axtarış başlığına malikdir və hədəflərin vurulmaqdan yayınmaq üçün aşağı enməsinin qarşısını almaq məqsədilə yuxarıdan aşağıya doğru trayektoriya ilə nişanalma həyata keçirir. 48N6 isə daha ənənəvi uçuş trayektoriyasına malik, daha qısa mənzilli, lakin xərc baxımından xeyli ucuz raketdir. Sistem həmçinin daha qısa mənzilli olan, lakin daha çox sayda daşına bilən 9M96 raketləri ilə də təchiz olunur.
Taktiki Hava Hücumundan Müdafiə Sistemləri
RUSI-nin məlumatına görə, Rusiyanın strateji hava hücumundan müdafiə sistemləri yüksək effektivliyə malik olsa da, hərəkətdə olan bölmələrin müdafiəsi üçün optimallaşdırılmayıb. Ərazi müdafiəsinə yönəlmiş strateji hava hücumundan müdafiə sistemləri VKS tərəfindən yerləşdirilir, Quru Qoşunları isə bu sistemlərdən kritik obyektlərin qorunması üçün istifadə edir. Manevr edən qoşunları hava hücumlarından birbaşa qorumaq üçün Rusiya bölmələrin hərəkət sürətinə uyğunlaşa bilən taktiki hava hücumundan müdafiə sistemlərini istifadəyə verir.

Bu vəzifəni yerinə yetirən əsas sistem “Buk-M3”-dür. “Buk” divizionunun tərkibində divizionun nişanalmasını idarə edən komanda maşını mövcuddur. Həmin komanda maşını ümumi hava mənzərəsini qorumaq məqsədilə strateji hava hücumundan müdafiə sistemlərindən və VKS-dən məlumat axını qəbul edə bilir. Divizionda ayrıca müstəqil müşahidə və hədəf aşkarlama radarı da yerləşir. Bu iki vasitə - komanda maşını və radar - öz nişanalma radarına malik 6 ədəd TELAR və 3 ədəd TEL vasitəsinin fəaliyyətini əlaqələndirir və idarə edir.
Tırtıllı quruluşa malik bu hava hücumundan müdafiə platformaları çətin relyef şəraitində sürətlə hərəkət edə bilir. Strateji hava hücumundan müdafiə sistemləri ilə müqayisədə daha qısa mənzilə malik olsalar da, yuxarı komandanlıq səviyyəsindən təmin olunan vəziyyət məlumatlılığından istifadə edərək düşmən vasitələri nişanalma zonasına tam daxil olana qədər işıqlandırma aparmaqdan, yəni aktiv radar yayımından çəkinə bilirlər. Sistem həmçinin sürətlə mövqe tutmaq və mövqeni tərk etmək qabiliyyətinə uyğun şəkildə optimallaşdırılıb.
Yaxın Mənzilli Hava Hücumundan Müdafiə (SHORAD)
Rusiyanın iri ölçülü hava hücumundan müdafiə sistemləri son dərəcə effektiv olsa da, aşağı hündürlükdə uçan qanadlı raketlərə, hücum helikopterlərinə və ya PUA-lara qarşı istifadə üçün optimallaşdırılmayıb. Bundan əlavə, sursatları məhv etmək imkanına malik olsalar da, strateji hava hücumundan müdafiə sistemləri həddindən artıq yüklənərək təsirsiz vəziyyətə salına bilər. Buna görə də Rusiya S-400 və “Buk” bölmələri ilə birlikdə hərəkət edən və ya inteqrasiya edilmiş hava hücumundan müdafiə sistemini yarmağa nail olan vasitələrə qarşı istifadə olunmaq üçün kritik obyektlərin ətrafında yerləşdirilən və “son müdafiə xətti” rolunu oynayan çoxsaylı SHORAD sistemlərinə investisiya yatırır.

Rusiyanın arsenalında əsas SHORAD sistemləri kimi 9K330 “Tor-M2” və 96K6 “Pantsir-S2” çıxış edir. Tor sürətli yerləşdirmə və hədəf aşkarlama qabiliyyətinə malik, sürətli və ya qəfil ortaya çıxan hədəflərə (qanadlı raketlər və helikopterlər kimi) qarşı yaxın mənzilli və aşağı hündürlüklü nişanalma üçün optimallaşdırılmış tırtıllı hava hücumundan müdafiə sistemidir. Bundan əlavə, müxtəlif növ sursatları da məhv edə bilir.
“Pantsir-S2” öz tərkibində hədəf aşkarlama və nişanalma radarı, zenit topu və modul tipli raket konteynerləri daşıyan, müxtəlif nəqliyyat vasitələrinin şassisinə quraşdırıla və ya sabit şəkildə yerləşdirilə bilən hava hücumundan müdafiə moduludur. Tor sistemi ilə müqayisədə daha aşağı məhvetmə ehtimalına (Probability of Kill - Pk) malik olsa da, daha aşağı xərc tələb edir və mütəmadi olaraq təkmilləşdirilir. Bundan əlavə, Rusiya PUA-larına qarşı əks-tədbir (C-UAV) sistemləri üzərində sınaqlar aparır.
Bu SHORAD sistemləri yuxarı eşalonlardan daxil olan radar izləmə məlumatlarından istifadə edərək üzərindən keçən hava vasitələrinə pusqu qura bildiyi üçün “qəfil ortaya çıxan” (pop-up) təhdid yaradır. Rusiya həmçinin quru qoşunlarına çoxlu sayda MANPADS (bir əsgər tərəfindən daşına bilən hava hücumundan müdafiə sistemi) paylayır və həm yedəyə alınan, həm də özüyeriyən zenit-artilleriya sistemlərindən ibarət əhəmiyyətli sayda köhnə ehtiyat saxlayır.
Bütün bunlarla yanaşı, RUSI Rusiyanın hava hücumundan müdafiə operatorlarına da toxunur. Bu baxımdan ön xətt bölmələrindəki şəxsi heyətin əksəriyyətindən fərqli olaraq, hava hücumundan müdafiə sistemlərinin operatorlarının böyük əksəriyyətinin ciddi texniki və taktiki hazırlığa malik müqaviləli hərbçilər olduğu qeyd edilir. Hesabatda Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Ukraynanın işğalı zamanı məhdud zərər gördüyü, bunun da qüvvələrin davamlı şəkildə təcrübə toplamasına imkan verdiyi vurğulanır.
Rusiyanın Hava Hücumundan Müdafiə Sistemlərinin Ukraynanın İşğalı Zamanındakı Təsiri
Ukraynanın müharibə boyu Rusiya ərazisinə qarşı davamlı hücumları Rusiyanın hava hücumundan müdafiə sistemlərinin çox da effektiv olmadığı barədə geniş yayılmış ictimai təsəvvür formalaşdırıb. Lakin RUSI-yə görə bu təsəvvür yanıldıcıdır. Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna ordusuna ciddi məhdudiyyətlər tətbiq edib, Rusiya ordusunu və sənayesini dərinliklərə endirilən zərbələrin böyük hissəsindən qoruyub və müharibə müddətində əhəmiyyətli dərəcədə inkişaf edib. Rusiya eyni zamanda hava hücumundan müdafiə sistemlərinin NATO üçün ən “narahatlıq doğuran” bəzi komponentlərindən istifadə etməkdən də çəkinib. Bununla belə, Rusiyanın hava hücumundan müdafiə sistemi yarıla və məhv edilə bilən sistemdir. Hesabata və döyüş meydanındakı hadisələrə görə bu sistemlər keçilməz deyil, lakin Rusiyanın qüvvələrinə və ərazisinə effektiv zərbələr endirilməsi qarşısında böyük maneə yaradır.
Hesabata görə, müharibənin ilk günlərində Rusiya hava hücumundan müdafiə qüvvələrinə bütün təyyarə və digər hava vasitələrini “dost” kimi qəbul etmək əmri verilmişdi. Nəticə isə uğursuz oldu, Ukraynanın PUA-ları və təyyarələri Rusiya konvoylarına zərbələr endirdi. Rusiya hava hücumundan müdafiə qüvvələri qısa müddətdə əsas nöqtələri qorumağa keçdi və Ukrayna təyyarələrinin itkiləri artdı. Bu vəziyyət Ukrayna Silahlı Qüvvələrini (AFU) təyyarələri aşağı hündürlükdə - 250 futdan aşağı səviyyədə saxlamağa məcbur etdi. Ümumi qaydaya görə cəbhə xəttindən 80 kilometr məsafədə yalnız aşağı hündürlükdə uçuşlar yaşamaq şansı verirdi. Buna baxmayaraq, bir Ukrayna təyyarəsi 50 futdan aşağı hündürlükdə uçarkən 150 kilometr məsafədən Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vuruldu.
Buna baxmayaraq, şərait əlverişli olduqda və ya hava hücumundan müdafiə sistemləri başqa istiqamətə yönəldildikdə, yaxud yerini dəyişdikdə Ukrayna təyyarələri hələ də döyüş uçuşları həyata keçirə bilir. Bununla belə, onların fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb və hücumlar həyata keçirmək üçün artıq uzaq məsafədən istifadə olunan idarəolunan sursatlardan (stand-off) asılı vəziyyətə düşüblər.

Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın hava əməliyyatlarını məhdudlaşdırmaqla kifayətlənməyərək Ukrayna təyyarələrini müəyyən dövrlərlə məhv etməyə davam edir. Qısa müddət ərzində Ukrayna AGM-88 HARM (High-speed Anti-Radiation Missile) radiolokasiya əleyhinə raketlərindən istifadə edərək Rusiya hava hücumundan müdafiə radarlarını vurmaq və müdafiədə boşluqlar yaratmaq baxımından müəyyən uğur qazandı. Lakin Rusiya hava hücumundan müdafiə sistemlərinin operatorları qısa müddətdə radarları söndürməyi və ya daha sıx müdafiə olunan sektorlarda yaxınlaşan HARM raketlərini vurmağı öyrəndi.
Ukraynalılar 2022-ci il iyun və iyul aylarında dəqiq quru əsaslı atəş dəstək vasitələrinin silahlanmaya qəbul edilməsi ilə Rusiya qüvvələrinə ikinci şok yaşatdı. İdarəolunan Yaylım Atəşli Reaktiv Sistemlər (GMLRS) və daha sonra Ordu Taktiki Raket Sistemləri (ATACMS) ilk istifadələrində Rusiyaya ağır itkilər verdi. Lakin zaman keçdikcə Rusiya hava hücumundan müdafiə sistemi bu sursatları effektiv şəkildə izləməyi və onlara qarşı nişanalma həyata keçirməyi öyrəndi. Hesabata görə, uğurlu zərbə nisbəti GMLRS üçün 2022-ci ildə 70 faizə yaxın olduğu halda, 2023 və 2024-cü illərdə təxminən 30 faizə, 2025-ci ildə isə çox vaxt 8 faizə qədər azaldı.
Bu mərhələdə hava hücumundan müdafiə sistemlərinin komponentlərinə qarşı hücumlarda tək bir radarın məhv edilməsi üçün 10-a qədər ATACMS raketinin qurban verilməsinin lazım gəldiyi müşahidə olunub. Bu ümumi faiz göstəriciləri çox mühüm bir detalı gizlədir: düzgün hücum sistemlərinin kombinasiyası, keyfiyyətli kəşfiyyat və radioelektron mübarizə vasitələri ilə zərbə effektivliyi yenidən artırıla bilər. Lakin bu vəziyyət Ukraynanın hücum tempini zəiflədib, bir çox hədəfi mümkün seçimlər siyahısından çıxarıb və Ukraynanın əməliyyat imkanları baxımından ölçülməsi çətin olan əlavə nəticələr doğurub.

Rusiya tərəfindəki inkişafın digər istiqaməti nişanalma effektivliyi hesab olunur. Məsələn, ATACMS ilk dəfə döyüş meydanına daxil olduqda, Rusiyanın onları vurmaq üçün buraxdığı S-400 önləyici raketlərinin sayı qeyri-mütənasib dərəcədə yüksək idi. Zaman keçdikcə Rusiya sisteminin inteqrasiyası inkişaf etdi və hədəflərə uyğun önləyici raketlərin seçilməsi daha effektiv oldu. Eyni şəkildə Rusiya Ukraynanın öz ərazisinə qarşı uzaqmənzilli hücum əməliyyatlarına hazırlaşmaqda çətinlik çəkdi. Hesabatda Ukrayna rəsmilərinin bu hücum niyyətini ictimaiyyət qarşısında açıq şəkildə bəyan etməsinə baxmayaraq, Moskvanın kifayət qədər hazırlıq görə bilməməsinin ironik vəziyyət olduğu vurğulanır. Ukrayna geniş çeşiddə uzaqmənzilli hücum sistemlərinin istehsalını artırdıqca Rusiya neft emalı zavodları, müdafiə sənayesi müəssisələri və logistika mərkəzləri ətrafında zərbələr almağa davam etdi. Rusiya ərazisində mütəmadi görünən zərbə və yanğın görüntüləri Rusiyanın hava hücumundan müdafiə sistemlərinin ölkə ərazisini qorumaqda uğursuz olduğu barədə təsəvvür yaratdı.
Hesabata görə isə reallıq daha mürəkkəbdir. Rusiyada çoxlu sayda hədəfin mövcudluğu və onların coğrafi baxımdan geniş əraziyə yayılması bütün hədəflərin müdafiəsinin mümkün olmadığını göstərir. Bu mərhələdə Ukrayna zaman keçdikcə hava hücumundan müdafiə ilə qorunmayan hədəflərə hücum etmək sahəsində kifayət qədər təcrübə topladı və məhdud döyüş başlığına malik az sayda sursatın alışan və ya həssas materiallar səbəbindən obyektlərdə zəncirvari zərərə səbəb ola biləcəyi hədəflərə üstünlük verdi. Bu isə Rusiyanın müdafiə etmək qərarı verdiyi və nəticədə Ukraynanın vurmaqda çətinlik çəkdiyi çoxlu sayda hədəfin mövcud olduğunu göstərir. Ukrayna daha yaxşı qorunan hədəflərə hücum etdikdə nəticələr ardıcıl xarakter daşıyıb.
Hər birinin dəyəri 20 min ilə 80 min dollar arasında dəyişən 100-150 PUA-dan ibarət bir salvo hücumunda təxminən 10 PUA hədəfinə çata bilir, lakin kiçik döyüş başlıqları adətən qısa müddətdə bərpa edilə bilən cüzi zərər vurur. Ukraynanın hücumlarının ümumi uğur göstəricilərinə baxıldıqda sursatların 10 faizindən az hissəsi hədəfə çatıb və bundan da az hissəsi real təsir yaradıb. Möhkəmləndirilmiş hədəflərə qarşı uğurlu hücumlar adətən Ukraynanın bir sektordakı hava hücumundan müdafiə imkanlarını tükəndirmək üçün bir hücum istiqamətində 100-dən çox PUA istifadə etməsini, yalnız bundan sonra isə zərər vurmaq məqsədilə qanadlı raketlərdən və ya daha iri PUA-lardan istifadə etməsini tələb edib. Ukraynanın “Storm Shadow” və ya digər nüfuzlu silahlardan istifadə etdiyi hallarda belə, Rusiyanın sursat uyğunlaşdırması sahəsində əldə etdiyi inkişaf nəticəsində bu sursatların 50 faizindən çoxu, hətta mürəkkəb salvo hücumunun tərkib hissəsi olduqda belə, adətən qarşılanıb və məhv edilib.

Beləliklə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın əhəmiyyətli həcmdə resurs sərf etməsinə səbəb olub və çoxlu sayda yüksək dəyərli hədəfi faktiki olaraq əlçatmaz vəziyyətə gətirib. Buna baxmayaraq, Ukrayna bəzi hallarda mürəkkəb hücum əməliyyatları həyata keçirərək sursatlarını hədəfə çatdırmaq məqsədilə hava hücumundan müdafiə şəbəkəsini yarmağa nail olub. Bu cür üsulların davamlı şəkildə təkrarlanması mümkün olmasa da, Rusiya sistemlərinin iş prinsipləri haqqında məlumat artdıqca yeni zəifliklərin müəyyən edilməsi və onlardan istifadə edilməsi mümkün ola bilər. Bundan əlavə, PUA-ların xərc göstəricisi əhəmiyyətsiz olmasa da, önləyici raketlərin qiyməti də əhəmiyyətsiz deyil. Rusiyanın buraxılış qurğularını yenidən sursatla təmin etmək qabiliyyəti və buna uyğun olaraq hava hücumundan müdafiə önləyicilərinin sənaye istehsalı, nəticə etibarilə Ukraynanın vurduğu zərərin miqyasını artırmaq qabiliyyəti baxımından kritik əhəmiyyət daşıyır.
Son bir məqam da Rusiyanın Ukraynanın işğalı zamanı hava hücumundan müdafiə avadanlıqları itirsə də, daha qabaqcıl sistemlərinin bir hissəsini ehtiyatda saxlamasıdır. Bu baxımdan uzaqmənzilli 40N6 hava hücumundan müdafiə raketlərindən istifadə edilməyib və 48N6 raketləri məhdud sayda buraxılıb. Hazırda Rusiyanın önləyici raketləri onların istehsal sürətindən daha yüksək templə istifadə olunur, lakin bu vəziyyət əsasən 9K33 “Osa” və xüsusilə “Pantsir” kimi daha köhnə SHORAD (yaxın mənzilli hava hücumundan müdafiə) sistemlərində müşahidə edilir.

Bu çərçivədə Rusiya mövcud boşluğu aradan qaldırmaq üçün “Pantsir” sisteminə aid hava hücumundan müdafiə raketlərinin istehsalını əhəmiyyətli dərəcədə artırmağa çalışır. Bundan başqa, Rusiya bəzi yüksək səviyyəli radar sistemlərində itkilər verib, lakin bu itkilər onların əvəzinin çıxılmasına imkan verən tempdə baş verib. Beləliklə, hesabata görə Rusiyanın genişlənən hava hücumundan müdafiə istehsalı, müharibə müddətində sistemlərin məhdud aşınması və Qərb sistemləri ilə qarşılaşdıqca nümayiş etdirdiyi inkişaf, bu sistemlərin NATO hava gücü və xüsusilə Avropanın hava gücü üçün böyük maneə olaraq qalmağa davam etdiyini göstərir.
Rusiyanın hava hücumundan müdafiə sistemlərini inkişaf etdirmək və genişləndirmək qabiliyyəti ilə Avropanın bu sistemləri sıxışdıracaq və ya məhv edəcək uyğun sursatlar hazırlamaq qabiliyyəti arasındakı balans həm Avropadakı ənənəvi hərbi güc nisbətinin müəyyən edilməsində mühüm göstəricidir, həm də Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatlarının reallaşdırılması baxımından əsas konteksti formalaşdırır. Buna görə də bu məsələ həm Ukraynanın gələcəyinin, həm də Avropa təhlükəsizliyinin təminatının mərkəzində dayanır. Hesabatın və araşdırmanın son bölməsi Rusiyanın hava hücumundan müdafiə sistemlərini necə istehsal etdiyini xəritələndirir.
Rusiyanın Hava Hücumundan Müdafiə Təchizat Zənciri
Rusiyanın hava hücumundan müdafiə istehsalının dayanıqlığını və potensialını qiymətləndirmək üçün prosesdə iştirak edən şirkətlər ekosistemini və onların funksiyalarını xəritələndirmək lazımdır. Rusiyadakı əksər kritik müdafiə layihələrində olduğu kimi, hava hücumundan müdafiə proqramı da layihənin təhvili üçün layihələndirmə, montaj, alt sistemlərin istehsalı və xammal təchizatı sahələrində subpodratçıların müqavilələrini idarə edən vahid və mərkəzləşdirilmiş sənaye qurumu ətrafında formalaşır. Sistemin təchizat zənciri və istismar dövrü boyunca əlaqələri idarə edən əsas şirkətin mövcud olduğu bu “mərkəz və qollar” (hub-and-spoke) yanaşması mərkəzin təhvil və inkişafla bağlı bütün kritik vaxt cədvəli məlumatlarına sahib olması deməkdir. Bununla belə, bu monolit quruluşun altında çoxlu sayda alt təşkilatlar fəaliyyət göstərir.
S-400 və Rusiyanın hava hücumundan müdafiə şəbəkəsinin böyük hissəsinə gəldikdə isə, bu proqram “Almaz-Antey” konsorsiumu çərçivəsində cəmləşib. Araşdırmanın bu bölməsi S-400 raketlərinin, radarlarının, komanda-idarəetmə (C2) sistemlərinin və SHORAD (Yaxın Mənzilli Hava Hücumundan Müdafiə) sistemlərinin istehsalındakı korporativ strukturu, təchizat zəncirinin ikinci və bəzi hallarda üçüncü səviyyəsinə qədər detallı şəkildə təqdim edir.
Raket istehsalı infrastrukturu və kritik asılılıqlar
S-400 sisteminin əsasını təşkil edən 40N6 və 48N6 raketlərinin istehsal prosesi layihələndirmə və montaj mərhələlərində Moskva ətrafında cəmləşib. Raketlərin layihələndirilməsi Moskvanın Ximki rayonundakı MKB “Fakel” tərəfindən həyata keçirilir, son montaj xətti və bütün təchizat zəncirinin idarə olunması isə Moskvada yerləşən MMZ “Avangard” zavodunun məsuliyyətindədir. Bu mərhələdə MMZ “Avangard “mühərriklərdən tutmuş idarəetmə sistemlərinə qədər uzanan çoxsəviyyəli təchizat zəncirinin mərkəzində yer alaraq “əsas mərkəz” funksiyasını yerinə yetirir.
Sözügedən raketlərin hərəkətverici sistemləri Rostov vilayətində yerləşən Kamenski Kombinatı və Samarada fəaliyyət göstərən “Salyut” ASC tərəfindən istehsal olunur. Lakin mühərrik istehsalı üçün tələb olunan kritik xammal, yəni ammonium perxlorat yalnız bir mənbədən, Novosibirskdə yerləşən “Anozit” müəssisəsindən alınır. Bənzər əmək bölgüsü raket gövdələri və buraxılış konteynerləri sahəsində də müşahidə olunur. Gövdələr Sverdlovskdakı KUMZ müəssisələrində, buraxılış konteynerləri isə Dzerjinskdə yerləşən DPO Plastik tərəfindən istehsal edilir. Döyüş başlıqlarının istehsalı isə Moskvadakı Mərkəzi Kimya və Mexanika Elmi-Tədqiqat İnstitutunda (CNIIHM) həyata keçirilir.
Raketin ən kritik komponenti olan idarəetmə və avionik sistemlər sahəsində MMZ Avangard çoxsaylı subpodratçıların fəaliyyətini əlaqələndirir. Raketin manevr etməsinə imkan verən idarəetmə səthləri “Arzamas” Cihazqayırma Zavodu (APZ), naviqasiya üçün həyati əhəmiyyət daşıyan ətalət sistemləri “Temp-Avia”, raketlərin “gözü” hesab edilən axtarış başlıqları isə Ryazandakı PJSC “Krasnoye Znamya” zavodunda istehsal olunur. Lakin bu istehsal xətti də öz daxilində əlavə təbəqələrə bölünür. “Krasnoye Znamya” mikrodalğalı cihazlar üçün “Pluton” ASC-yə, qəbuledici-vericilər üçün “Salyut” ASC-yə və prosessorlar üçün NTC “Modul” şirkətinə bağlıdır. Hesabata görə bu vəziyyət təchizat zəncirinin dərinləşdiyi nöqtələrdə zəifliklərin artdığını göstərir.
Yaxın Mənzilli Hava Hücumundan Müdafiə (SHORAD) və Tula klasteri
Strateji sistemləri qoruyan “Pantsir” kimi SHORAD sistemlərinin istehsalı coğrafi baxımdan təhlükəli dərəcədə mərkəzləşib. Hesabatda vurğulanır ki, “Pantsir” sisteminin istehsalı demək olar ki, tamamilə Tula şəhərində yerləşən sənaye klasterinə əsaslanır. Sistemin əsas istehsalçısı KBP (Cihazqayırma Konstruktor Bürosu) hesab olunur və montaj işləri KBP-nin törəmə müəssisəsi olan “Şeqlovski Val” zavodlarında həyata keçirilir.
“Pantsir” sisteminin axtarış radarı (2RL80) Tuladakı TsKBA tərəfindən, nişanalma radarı (1RS2-1) isə birbaşa KBP tərəfindən istehsal olunur. Bu radarların riyazi proqram təminatı və anten komponentləri üçün yenə də bölgədə yerləşən subpodratçılar istifadə edilir. Sistemin istilik və optik sensorları isə keçmişdə Fransa texnologiyalarından asılı olan Kazan mərkəzli NPO GIPO tərəfindən təmin olunur. Silah sistemləri baxımından “Pantsir”in standart 57-E6 raketləri və PUA-lara qarşı hazırlanmış aşağı xərc tələb edən TKB-1055 raketləri “TulaTochMash” şirkəti, 30 mm çaplı topları isə “TulaMashZavod” tərəfindən istehsal olunur. Bu baxımdan hesabat KBP, “TulaTochMash” və “TulaMashZavod” kimi kritik müəssisələrin bir-birindən cəmi 8 kilometr məsafədə yerləşməsinin istehsal xəttini kütləvi hücumlar qarşısında son dərəcə həssas etdiyinə diqqət çəkir.
Radar və Komanda-İdarəetmə (C2) şəbəkəsinin arxitekturası
S-400 və S-500 kimi strateji sistemlərin “beyni” və “gözləri” hesab edilən radar və C2 mərkəzlərinin istehsalı raket istehsalı ilə müqayisədə “Almaz-Antey” daxilində daha mərkəzləşdirilmiş şəkildə təşkil olunub. S-400-ün əsas nişanalma radarı olan 92N6 (NATO kodu: “Gravestone”) və hər iki sistem üçün kritik əhəmiyyət daşıyan 96L6 (Cheese Board) radarı NPO “Almaz” tərəfindən hazırlanır. Uzaqmənzilli aşkarlama radarı 91N6 (Big Bird) isə Novosibirskdə yerləşən NPO NIIP NZIK tərəfindən istehsal olunur. Bu yüksək texnologiyalı radarların fəaliyyəti üçün tələb olunan mikrodalğalı vakuum lampaları (klistronlar) Moskva mərkəzli JSC NPP “Toriy” və NPP “Istok” tərəfindən təmin edilir.
Sistemin idarəetmə mərkəzi olan 55K6E komanda-idarəetmə maşını da NPO “Almaz” tərəfindən layihələndirilir. Komanda-idarəetmə (C2) sistemlərinin informasiya texnologiyaları infrastrukturu Sankt-Peterburq mərkəzli “Ramek-VS” tərəfindən təmin edilən modullar və MCST tərəfindən hazırlanmış yerli “Elbrus” prosessorları üzərində qurulub. Lakin hesabatda qeyd olunur ki, yerli prosessor istehsalında yaranan problemlər səbəbindən Rusiya C2 sistemlərində Qərb mənşəli elektron komponentlərə ehtiyac duyur və bu komponentlər JSC Elektroavtomatika kimi topdansatış şirkətləri vasitəsilə, əsasən Çin üzərindən əldə edilir. Sistemin ümumi hava hücumundan müdafiə şəbəkəsinə inteqrasiyası isə Penzadakı Radiozavod tərəfindən istehsal olunan “Polyana-D4M1” sistemi vasitəsilə təmin edilir.
Rusiyanın Hava Hücumundan Müdafiə İstehsalının Zəiflik Xəritəsi
Rusiyanın hava hücumundan müdafiə istehsalının birinci və ikinci səviyyələri ilk baxışda suveren və güclü elmi-tədqiqat və sənaye infrastrukturuna əsaslanırmış kimi görünsə də, sektor xammalın, komponentlərin və dəzgahların xarici mənbələrdən tədarükündən əhəmiyyətli dərəcədə asılıdır. Bu asılılıqların hər biri sanksiyalara açıqdır, iqtisadi zəifliklər daşıyır və ya birbaşa hücumlara qarşı həssasdır. Müəlliflər geniş zəiflik qiymətləndirməsi aparıb və araşdırmanın bu hissəsi həmin zəifliklərdən bəzilərinin necə dəyərləndirilə biləcəyini göstərən diqqətçəkən nümunələri təqdim edir.
Rusiyanın əsas podratçını mərkəzdə saxlayaraq subpodratçıları ətrafda idarə etdiyi “mərkəz və qollar” (hub-and-spoke) istehsal modeli əsas şirkətləri müəyyən qədər qorusa da, təchizat zəncirinin dərin qatlarında ciddi risklər yaradır. Rusiyanın hava hücumundan müdafiə sistemlərinin birinci və ikinci səviyyəli istehsalçıları yerli müəssisələr olsa da, sənaye kritik komponentlərin təmin edilməsində xarici asılılıqdan qurtula bilməyib. Rusiyanın dəzgah parkının təxminən 70 faizi Çin mənşəli olsa da, ən dəqiq emal əməliyyatları və zərər görmüş müəssisələrin bərpası üçün hələ də Avropa və Yaponiya istehsalı olan yüksək dəqiqlikli avadanlıqlara ehtiyac duyulur. Bənzər darboğaz xammal təminatında da müşahidə olunur. Yüksək məhsuldarlıqlı radarların istehsalı üçün həyati əhəmiyyət daşıyan berillium oksid keramikaları Rusiya daxilində kifayət qədər keyfiyyətdə istehsal edilmir. Hesabatda qeyd olunur ki, bu material Qazaxıstanda yerləşən “Kaz Ceramics” LLP kimi şirkətlər vasitəsilə əldə edilir və həmin təchizat xətti sanksiyalar baxımından “yumşaq nöqtə” hesab olunur.
Digər kritik asılılıq sahəsi mikroelektronika sektorudur. Rusiyanın mikroelektronika sənayesi radar və komanda-idarəetmə bölmələrində istifadə olunan mürəkkəb çiplər üçün xarici təchizatçılardan asılıdır. Qərb mənşəli ölçmə avadanlıqlarına və qabaqcıl mikroprosessorlara olan ehtiyac S-400 kimi sistemlərin istehsal davamlılığını təhlükə altına salır. Bu mərhələdə hesabat Qərb ölkələrinin qərarvericilərinə birbaşa son montaj xəttini deyil, təchizat zəncirinin dərin hissələrini hədəfə almağı tövsiyə edir. Sanksiyaların yalnız “Almaz-Antey” kimi iri şirkətlərə deyil, onlara xammal təmin edən vasitəçi şirkətlərə və üçüncü ölkələrdəki təchizatçılara da şamil edilməsi, həmçinin Rusiyanın çip istehsalı müəssisələrini modernləşdirmək üçün ehtiyac duyduğu litoqrafiya avadanlıqlarına çıxışının tamamilə dayandırılması zəruri hesab olunur.
Strateji qırılma nöqtəsi: Tula klasteri və “Pantsir” istehsalı
Hesabatın ən diqqətçəkən nəticəsi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin istehsal olunduğu zavodların coğrafi və fiziki baxımdan hücumlara nə qədər açıq olması ilə bağlıdır. İstehsal müəssisələrinin həddindən artıq mərkəzləşməsi Ukrayna üçün böyük strateji imkan, Rusiya üçün isə həyati risk yaradır. Xüsusilə “Pantsir” hava hücumundan müdafiə sistemlərinin istehsal edildiyi Tula şəhəri bu riskin mərkəzində dayanır.

Hesabat Tula şəhərindəki istehsal infrastrukturunun yaratdığı “strateji paradoksu” aşağıdakı mühüm məqamlarla izah edir:
Coğrafi sıxlaşma: “Pantsir” sistemini istehsal edən əsas podratçı KBP, raketləri istehsal edən “TulaTochMash” və topları istehsal edən “TulaMashZavod” müəssisələrinin hamısı bir-birindən cəmi 8 kilometr məsafədə yerləşən məhdud ərazi daxilində fəaliyyət göstərir. Bu vəziyyət bölgəni kütləvi PUA və raket hücumları üçün ideal hədəfə çevirir.
Domino effekti: “Pantsir” sistemləri Rusiyanın neft emalı zavodlarını, enerji stansiyalarını və hərbi hava bazalarını qorumaqla vəzifələndirilmiş əsas SHORAD sistemidir.
İstehsal və müdafiə dövranı: Əgər Ukrayna Tula üzərindəki hava hücumundan müdafiə sistemlərini doyma nöqtəsinə çatdıraraq istehsal xətlərinə zərbə endirməyə nail olarsa, Rusiyanın zədələnmiş “Pantsir” sistemlərini bərpa etmək və ya yeni sistemlər istehsal etmək qabiliyyəti ciddi zərbə ala bilər.
Yekun nəticə: “Pantsir” istehsalının dayanması Rusiyanın strateji dərinliyində yerləşən neft emalı zavodlarının və kritik infrastrukturun müdafiəsiz qalması deməkdir. Beləliklə, tək bir şəhərdə yerləşən zavodlara zərbə endirilməsi dolayı yolla bütün Rusiya iqtisadiyyatının və enerji infrastrukturunun müdafiəsiz qalmasına səbəb ola biləcək “kəpənək effekti” yaratmaq potensialına malikdir.
Nəticə
Kral Birləşmiş Xidmətlər İnstitutu (RUSI) tərəfindən hazırlanmış hesabat Rusiyanın hava hücumundan müdafiə sistemlərinin çoxqatlı quruluşunu və Ukrayna ilə Avropanın mövcud imkanlarına qarşı nümayiş etdirdiyi yüksək effektivliyi ortaya qoyur. Buna görə də bu sistemlər mümkün münaqişə zamanı Avropa ordularının hava gücünü döyüş meydanında tətbiq etmək qabiliyyətini məhdudlaşdıraraq Avropa təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Bundan əlavə, Ukraynanın uzaqmənzilli hücum əməliyyatlarının effektivliyini azaldaraq Ukraynanın Rusiyanın genişmiqyaslı işğalını maliyyələşdirən gəlir mənbələrinə zərbə vurmasının qarşısını alır. Hesabat həmçinin Rusiyanın hava hücumundan müdafiə sistemlərinin layihələndirilməsi və istehsalı proseslərinin ümumi mənzərəsini və bu prosesdə iştirak edən əsas sənaye mərkəzlərini də təqdim edir.

Bu araşdırma çərçivəsində aparılan tədqiqatlar göstərir ki, Rusiya silah sistemlərini layihələndirmək üçün xarici proqram təminatlarından və onların göstəricilərini sertifikatlaşdırmaq üçün xarici ölçmə avadanlıqlarından əhəmiyyətli dərəcədə asılıdır. Rusiya eyni zamanda istehsal prosesində xarici komponentlərə və xammala da ehtiyac duyur. Bundan əlavə, əsas müəssisələrin bir çoxu müəyyən bölgələrdə cəmləşib və mümkün hücumlara qarşı həssas vəziyyətdədir. Araşdırmada qeyd olunan ən narahatedici məqamlardan biri isə Rusiyanın yalnız üçüncü ölkələrdən deyil, hətta NATO üzvü dövlətlərdən də kritik dəzgahları, alt komponentləri və xammalı əldə etməyə hələ də nail olmasıdır.
Qurum xüsusilə vurğulayır ki, Ukrayna və onun beynəlxalq tərəfdaşları Rusiyanın hava hücumundan müdafiə istehsalını pozmaq üçün geniş imkanlara malikdir. Qısamüddətli perspektivdə bu addımlar Rusiyanın hava hücumundan müdafiə raketlərinin istehsalını artırmaq cəhdlərinin qarşısını almağa kömək edə bilər. Beləliklə, Ukraynanın uzaqmənzilli hücum əməliyyatlarının effektivliyi artırıla bilər. Bu baxımdan uzunmüddətli perspektivdə bunun Avropadakı ənənəvi hərbi çəkindirmə balansının qorunmasına xidmət edəcəyi qeyd olunur.
Dəyanət Ağalarlı
Ordu.az