Ordu.az xəbər verir ki, bu barədə Polşanın TVN24 telekanalı ölkənin milli müdafiə nazirinin müavini Sezarı Tomçikin açıqlamasına istinadən məlumat yayıb.
Tomçikin sözlərinə görə, Polşa öz pilotsuz sistem imkanlarını inkişaf etdirərkən Ukraynanın bu sahədəki təcrübəsindən və texnoloji biliklərindən faydalanmaq istəyir.
Nazir müavini bildirib ki, məsələ həll olunduqdan sonra qırıcıların təhvil verilməsi mümkün olacaq.
Polşanın Ukraynanın pilotsuz texnologiyalarına çıxış müqabilində doqquzadək “MiQ-29” qırıcısı verməyə hazır olduğu barədə məlumatlar ilk dəfə 2026-cı ilin yanvar ayında yayılmışdı.
Həmin dövrdə Ukrayna Prezidenti Volodimir Zelenski bu əməkdaşlıq şərtləri ilə razılaşdıqlarını bildirmişdi. Bununla belə, Polşanın əldə etmək istədiyi konkret texnologiyalar açıqlanmayıb və tərəflər arasında danışıqların hansı mərhələdə olduğu məlum deyil.
Polşa Baş Qərargahı 2025-ci ilin dekabr ayında ölkənin silahlanmada qalan “MiQ-29” qırıcılarının Ukrayna Hərbi Hava Qüvvələrinə verilməsi ilə bağlı danışıqlar aparıldığını açıqlamışdı.
Polşada bu qərar qırıcıların istismar müddətinin başa çatması və onların daha da modernləşdirilməsi perspektivinin olmaması ilə əsaslandırılır. Bu addımın NATO-nun şərq cinahının gücləndirilməsi və Ukraynaya dəstəyin artırılması istiqamətində həyata keçirilən daha geniş siyasətin bir hissəsi olacağı bildirilir.
“MiQ-29”lar silahlanmadan çıxarıldıqdan sonra onların funksiyalarını Polşa Hərbi Hava Qüvvələrinin silahlanmasında olan daha müasir F-16 “Fighting Falcon” və KAI FA-50 qırıcıları yerinə yetirəcək.
Sevinc Əliyeva
Ordu.az