Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ Ali Məhkəməsi cümə axşamı yekdilliklə marixuana istifadə edən şəxslərin silah sahibi olmasına qoyulan geniş federal qadağanı Konstitusiyaya zidd elan edib. Bununla da məhkəmə ABŞ Konstitusiyasının İkinci Düzəlişi ilə qorunan silah saxlamaq hüququna dair yanaşmanın daha da genişləndirilməsi istiqamətində növbəti addım atıb.
İş Texas ştatının sakini Əli Daniyal Hemaninin iddiası əsasında araşdırılıb. O, qanunsuz narkotik vasitələrdən istifadə edən şəxslərin silah sahibi olmasını qadağan edən 1968-ci il tarixli qanuna etiraz edib.
Məhkəmə onun mövqeyini dəstəkləyərək bildirib ki, bu cür hallarda avtomatik qadağa İkinci Düzəlişin icazə verdiyi məhdudiyyətlərin çərçivəsindən kənara çıxır.
Qərarın müəllifi olan hakim Nil Qorsaç qeyd edib ki, bu qərar dövlətin narkotik vasitələrdən istifadə edən şəxslərdən silahların müsadirə edilməsi imkanlarını məhdudlaşdırır. Lakin bu, yalnız həmin şəxslərin təhlükəli hesab edilmədiyi və başqa cinayətlər törətmədiyi hallara aiddir.
“Biz asılılıqdan əziyyət çəkən və ya sərxoş vəziyyətdə olan şəxslərin silah sahibi olmasına qoyulan məhdudiyyətləri nəzərdən keçirmirik”, - deyə hakim bildirib.
O əlavə edib ki, təhlükəli davranışa dair sübutlar olduğu halda cinayət təqibi aparılması mümkündür.
Qərar federal hakimiyyət orqanları üçün məğlubiyyət hesab olunur. Belə ki, onlar ştatlar səviyyəsində marixuana ilə bağlı qanunvericiliyin liberallaşdırılmasına baxmayaraq, 1968-ci il qanununun qüvvədə saxlanmasını müdafiə edirdilər.
Qanun daha əvvəl digər şəxslərlə yanaşı, narkotik asılılığı dövründə silah aldığı üçün məhkum edilmiş, sonradan isə əfv olunmuş Hanter Baydenlə bağlı işdə də tətbiq olunmuşdu.
Məhkəmə vurğulayıb ki, ABŞ-də marixuananın geniş yayılması və bir sıra ştatlarda qismən leqallaşdırılması bütün istifadəçilərin avtomatik olaraq “təhlükəli” hesab edilməsini hüquqi baxımdan əsassız edir.
“Bu dəyişikliklərə münasibət necə olursa olsun, federal hökumət onları təkcə qəbul etməyib, həm də müəyyən mənada təşviq edib. Bu isə milyonlarla marixuana istifadəçisinin əvvəlcədən təhlükəli hesab edilməsi iddiasını müdafiə etməyi çətinləşdirir”, - deyə Qorsaç yazıb.
Qərar 2022-ci ildən sonra silah hüquqları ilə bağlı məhkəmə təcrübəsinin genişləndirilməsi istiqamətində baxılan işlər silsiləsinin bir hissəsidir. Həmin dövrdən etibarən məhkəmə bəzi məhdudiyyətləri qüvvədə saxlayıb, bəzilərini isə ləğv edib. Bunlara ailədaxili zorakılıq və “kölgə silahlar”la bağlı məhdudiyyətlər, eləcə də atəş sürətini artıran “bump stock” qurğularına qoyulan qadağa daxildir.
Sevinc Əliyeva
Ordu.az