Ordu.az xəbər verir ki, yeni sistem Parisdə keçirilən “Eurosatory” sərgisində təqdim olunub.
Məlumata görə, döyüş modulu həm yüngül tırtıllı, həm də təkərli platformalara inteqrasiya oluna bilir.
Qüllə iki nəfərlik ekipaj tərəfindən idarə olunur və top əl ilə doldurulur. Onun ballistik mühafizəsi STANAG 4569 “Level 3” standartına uyğundur ki, bu da 30 metr məsafədən atılan 7,62×51 mm zirehdələn güllələrə qarşı qorunma təmin edir.
İstehsalçının əvvəlki təqdimat materiallarında STANAG 4569 “Level 1” və “Level 4” standartlarına uyğun əlavə zireh paketlərinin də təklif olunduğu qeyd olunurdu. Əsas silahdan əlavə, qüllə 7,62 mm çaplı qoşalaşdırılmış pulemyotla silahlandırılıb və 40 mm-lik avtomatik qumbaraatanla da təchiz edilə bilər.
CSE 90LP topunun yüksəliş bucağı -10 dərəcədən +30 dərəcəyədək dəyişir ki, bu da həm birbaşa, həm də dolayı atəş tapşırıqlarını yerinə yetirməyə imkan verir. Maksimal yüksəliş bucağında sistem 6 kilometrədək məsafədəki hədəfləri vurmağa qadirdir.
Qüllədə həmçinin tüstü pərdəsi yaratmaq üçün səkkiz tüstü qumbarası buraxılış qurğusu yerləşdirilib. Standart konfiqurasiyada platforma atıcının gündüz nişangahı ilə təchiz olunur. İstəyə uyğun olaraq termal gecəgörmə sistemi də quraşdırıla bilər.
Atəşin idarə olunması üçün lazer məsafəölçəni və ballistik kompüterdən istifadə edilir. Atıcının nişangahından alınan görüntü komandirin ekranında da əks etdirilə bilir. Sursat dəstinə APFSDS-T, HEAT-T, HESH-T, HE-T, CANISTER və SMK-WP-T tipli müxtəlif döyüş sursatları daxildir.
Bu döyüş modulu əvvəllər Ukraynanın BTR-3 zirehli transportyorları üçün də təklif olunmuşdu. Həmin versiya BTR-3E 90CSE adlandırılır və qeyri-rəsmi olaraq “Puma” kimi tanınırdı.
Atəş dəstəyi maşını layihəsinin hazırlanmasına 2000-ci illərin sonlarında başlanılmışdı.
İlk prototip 2013-cü ildə Əbu-Dabidə keçirilən beynəlxalq müdafiə sərgisində nümayiş etdirilmişdi. Lakin layihə potensial müştərilərin marağını cəlb etmədiyi üçün sonrakı illərdə diqqətdən kənarda qalmışdı.
2015-ci ilin yanvar ayında BTR-3E 90CSE gözlənilmədən sınaqlar üçün Tailanda göndərilib. Sınaqlar zamanı platforma ümumilikdə yaxşı nəticələr göstərsə də, Belçika istehsalı komponentlərin istifadəsi səbəbindən yüksək xərc layihəyə marağın azalmasına gətirib çıxarıb.
Nəticədə maşın heç bir ölkənin silahlı qüvvələri tərəfindən silahlanmaya qəbul edilməyib və yeganə eksperimental nümunə olaraq qalıb.
Sevinc Əliyeva
Ordu.az