Zatulin: “Ermənistandakı seçkilərin nəticələrini qəbul etmirik, amma əməkdaşlığı davam etdirəcəyik”

2026/06/1781811644.jpg
Oxunub: 248     23:38     18 İyun 2026    
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Ermənistandakı parlament seçkilərinin nəticələrini tanımadıqlarını, lakin mövcud hakimiyyətlə əməkdaşlığı davam etdirəcəklərini bildirib.

Ordu.az xəbər verir ki, Zatulin bu barədə “Moskovski Komsomolets” qəzetinə müsahibəsində danışıb.

Rusiyalı deputat qeyd edib ki, Moskva Ermənistanda keçirilən son parlament seçkilərini tam şəkildə demokratik və beynəlxalq standartlara uyğun hesab etmir.

“Seçki prosesində siyasi rəqabət üçün bərabər şərait təmin olunmayıb və müxalifətə qarşı təzyiq vasitələrindən istifadə edilib. Bu meyillər həm seçkiqabağı dövrdə, həm də səsvermədən sonra davam edib.

Biz heç bir halda keçirilmiş seçkiləri demokratik və ümumi qəbul olunmuş standartlara uyğun hesab edə bilmərik. Hesab edə bilmərik, çünki bərabər seçki mübarizəsi şəraiti təmin olunmayıb”, - deyə siyasətçi vurğulayıb.

O, həmçinin səsvermə zamanı qeydə alınmış pozuntuların və bəzi seçki məntəqələrində qəbul olunmuş mübahisəli qərarların yekun nəticələrə təsir göstərə biləcəyini iddia edib.

Bununla yanaşı, deputat Ermənistanla praktiki əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

“Biz bəyan edirik ki, bu seçkilərin nəticələrini ədalətli və obyektiv hesab etmirik. Lakin Ermənistanla müttəfiqlik münasibətlərimiz və ənənəvi əlaqələrimiz mövcuddur. Buna görə də bundan sonra da onunla işləyəcəyik. Sadəcə nəzərə alacağıq ki, bu gün ölkəyə hakimiyyətdə qeyri-demokratik və ədalətsiz seçkilər nəticəsində qalmış şəxslər rəhbərlik edirlər”, - deyə Zatulin bildirib.

Onun sözlərinə görə, Moskva faktiki olaraq Ermənistanın hazırkı hakimiyyəti ilə əməkdaşlığı davam etdirəcək, lakin siyasi baxımdan seçkilərin nəticələrini tanımamaq mövqeyini saxlayacaq.

Zatulin iki ölkə arasında iqtisadi və inteqrasiya proseslərinin gələcəyinə də toxunub. O, Ermənistan məhsullarının idxalına tətbiq edilən mümkün məhdudiyyətlərin, eləcə də Ermənistanın Avrasiya İqtisadi Birliyində gələcək iştirakının müzakirə mövzusu olaraq qaldığını bildirib.

Deputat hesab edir ki, İrəvanın siyasi kursunu Avropa İttifaqına doğru dəyişməsi əməkdaşlıq şərtlərinin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.

Enerji daşıyıcılarının qiymətləri ilə bağlı suala cavab verən Zatulin vurğulayıb ki, bu məsələ Ermənistanın strateji seçimi və ikitərəfli münasibətlərin gələcək formatından asılı olacaq.

O, həmçinin regiondakı Rusiya hərbi mövcudluğu məsələsinə də toxunaraq bildirib ki, Moskva bu istiqamətdə dəyişiklik təşəbbüsü ilə çıxış etməyəcək, lakin Ermənistan tərəfinin mümkün addımlarına uyğun reaksiya verəcək.

Sonda Zatulin Moskva ilə İrəvan arasında siyasi təmasların səviyyəsinin azala biləcəyini və qarşılıqlı səfərlərin daha təmkinli formatda həyata keçiriləcəyini istisna etməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zatulin   Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin