RAFAEL və “SpearUAV” yeni nəsil IRON WASP PUA əleyhinə sistemini təqdim edib

2026/06/1781810267.jpg
Oxunub: 183     23:14     18 İyun 2026    
RAFAEL və “SpearUAV” şirkətlərinin birgə hazırladığı IRON WASP sistemi zirehli döyüş maşınlarına kamikadze tipli Pilotsuz Uçuş Aparatlarını (PUA) və “gəzən sursat”ları havada məhv etmək imkanı qazandıracaq.

Ordu.az xəbər verir ki, yeni sistem zirehli döyüş maşınlarından buraxılan avtonom PUA-lar vasitəsilə yuxarıdan hücum edən kamikadze PUA-ları və “gəzən sursat”ları havada zərərsizləşdirmək üçün hazırlanıb.

“SpearUAV” şirkətinin döyüş şəraitində sınaqdan çıxmış “Viper I” platforması əsasında yaradılan IRON WASP, RAFAEL-in çoxqatlı PUA əleyhinə sistemlər ailəsinin ən yeni üzvüdür.

RAFAEL şirkəti hazırda “Trophy” Aktiv Mühafizə Sistemi, “Drone Dome” PUA əleyhinə sistem ailəsi, SAMSON uzaqdan idarə olunan silah sistemləri və “Lite Beam” yüksək enerjili lazer silahı kimi həllərlə inteqrasiya edilmiş müdafiə konsepsiyası təqdim edir.

IRON WASP bu müdafiə arxitekturasını tamamlayaraq düşmən PUA-larını birbaşa maşın üzərindən havaya qalxan avtonom vasitələrlə məhv etmək imkanı yaradır.

Müasir döyüş meydanında kommersiya təyinatlı PUA-ların, xüsusi hazırlanmış “gəzən sursat”ların və yuxarıdan hücum edən sistemlərin yaratdığı təhlükə quru qoşunlarının müdafiə yanaşmalarını dəyişməyə məcbur edib.

IRON WASP döyüş maşınına inteqrasiya edilmiş kompakt Çoxsaylı Buraxılış Konteyneri vasitəsilə işə salınır. Sistem ekipaja əlavə yük yaratmadan avtomatik və dərhal istifadəyə hazır hava müdaxilə imkanı təqdim edir.

Sistemin əsas xüsusiyyətlərindən biri əvvəlcədən kalibrləmə və hazırlıq tələb etməməsidir. O, yüksək manevr qabiliyyətinə malik və aşağı radar görünürlüğünə sahib hava hədəflərinə qarşı qısa müddətdə tətbiq oluna bilir.

Aşağı ölçü, çəki və enerji tələblərinə malik olması sayəsində sistem zirehli döyüş maşınlarından taktiki təkərli platformalara qədər müxtəlif vasitələrə əlavə yük yaratmadan inteqrasiya edilə bilir.

Açıq arxitektura əsasında hazırlanan IRON WASP RAFAEL-in mövcud sensorları, döyüş başlıqları və komanda-idarəetmə sistemləri ilə tam uyğun işləyir. Eyni zamanda müxtəlif müştəri tələblərinə uyğun konfiqurasiya oluna bilir.

RAFAEL-in Quru və Dəniz Sistemləri Bölməsinin rəhbəri Tsvi Marmor bildirib ki, şirkət müdafiə arxitekturasını aktiv mühafizə sistemlərindən idarə olunan enerji silahlarınadək mərhələli şəkildə inkişaf etdirib.

Onun sözlərinə görə, IRON WASP istifadəçilərin ehtiyac duyduğu üzvi hava müdaxilə imkanını təmin etməklə bu müdafiə konsepsiyasını daha da gücləndirir.

“SpearUAV” şirkətinin baş icraçı direktoru Yiftax Kleinman isə qeyd edib ki, RAFAEL “Trophy” və “Iron Dome” kimi sistemlərlə qlobal innovasiya liderlərindən biridir.

O bildirib ki, “SpearUAV”ın bu sistemlər ailəsinin bir hissəsi kimi seçilməsi şirkət üçün böyük qürur mənbəyidir və əməkdaşlıq manevr qüvvələrinin üzləşdiyi yeni təhdidlərə qarşı qabaqcıl həllərin təqdim olunmasına xidmət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: RAFAEL   SpearUAV  


Bizi "telegram"da izləyin