Ordu.az xəbər verir ki, bu barədə NATO müdafiə nazirlərinin toplantısından əvvəl Brüsseldə çıxış edən Belçikanın müdafiə naziri Teo Franken məlumat verib.
Nazir bildirib ki, Belçika Ukraynaya döyüş təyyarələri ilə bağlı dəstəyi artırmaq qərarına gəlib.
Məlumata görə, təhvil veriləcək 7 F-16 qırıcısından 3-ü döyüş tapşırıqlarında istifadə olunacaq, 4-ü isə Ukraynanın mövcud F-16 parkı üçün ehtiyat hissələri mənbəyi kimi xidmət göstərəcək.
Belçika daha əvvəl yalnız döyüş qabiliyyəti olmayan 4 F-16 qırıcısını Ukraynaya verməyi planlaşdırırdı. Yeni qərarla ilk dəfə olaraq uçuşa hazır və əməliyyatlarda istifadə edilə bilən F-16-ların da Ukraynaya göndərilməsi təsdiqlənib.
Teo Franken qeyd edib ki, F-16 qırıcıları Rusiyanın istifadə etdiyi “Şahid” tipli kamikadze pilotsuz uçuş aparatları və qanadlı raketlərə qarşı effektiv platformadır. Nazir gələcəkdə Ukraynaya veriləcək qırıcıların sayının daha da artırıla biləcəyinə işarə edib.
Onun sözlərinə görə, Belçika Hərbi Hava Qüvvələrinin inventarında olan bütün F-16 qırıcılarının gələcəkdə Ukraynaya verilməsi ilə bağlı hökumətə təklif təqdim edəcək.
Lakin bu plan Belçikanın sifariş etdiyi F-35A qırıcılarının təhvil qrafikindən asılı olacaq.
Franken bildirib ki, Belçika NATO-nun nüvə çəkindirmə missiyası çərçivəsində müəyyən öhdəliklər daşıyır və F-16-ların əvəzini verəcək kifayət qədər F-35 qırıcısı xidmətə qəbul edilmədən mövcud təyyarələrin təhvil verilməsi mümkün deyil.
Belçika F-16 “Fighting Falcon” qırıcısının ilk xarici istifadəçilərindən biri olub. Ölkə NATO-nun çoxmillətli döyüş təyyarəsi proqramı çərçivəsində ilk F-16-larını 1979-cu ildə qəbul edib və təyyarələr 1980-ci ildən xidmətə başlayıb.
Ümumilikdə 160 ədəd F-16 alan Belçika onların bir hissəsini SABCA müəssisələrində yerli sənayenin iştirakı ilə istehsal edib.
Hazırda Belçika Hərbi Hava Qüvvələri modernləşdirilmiş F-16AM/BM versiyalarından istifadə edir. Açıq mənbələrə görə, inventarda 40-dan çox F-16 qalır və onlar mərhələli şəkildə F-35A qırıcıları ilə əvəz olunur.
Təkmühərrikli çoxməqsədli döyüş təyyarəsi olan F-16 “Fighting Falcon” hava üstünlüyü, yaxın hava dəstəyi, yüksək dəqiqlikli zərbə və hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirə bilir. Qırıcı qabaqcıl radar sistemləri, yüksək manevr imkanları və geniş silah inteqrasiyası sayəsində dünyanın ən geniş yayılmış döyüş təyyarələrindən biri hesab olunur.
Sevinc Əliyeva
Ordu.az