Britaniya məhkəməsi “İranla əlaqəli” sifarişli qətl işi üzrə hökm çıxara bilməyib

2026/06/1781811764.jpg
Oxunub: 195     23:42     18 İyun 2026    
Böyük Britaniyada andlılar məhkəməsi Norveç vətəndaşı Yohannes Konqsnes Natlandın işi üzrə yekun qərara gələ bilməyib.

Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

19 yaşlı Natland “İranla əlaqəli beynəlxalq cinayətkar qruplaşmanın sifarişi ilə” qətl hazırlamaqda ittiham olunur.

İttiham tərəfinin versiyasına görə, Natland ötən ilin mart ayında İsveçin “Foxes” cinayətkar şəbəkəsinin tapşırığını yerinə yetirməyə razılaşıb. O, 25 min avro qarşılığında şəxsiyyəti ona açıqlanmayan bir nəfəri güllələməli idi.

Məlumata görə, İngiltərəyə gəldikdən iki gün sonra silahlı polis əməkdaşları onu Qərbi Yorkşir qraflığının Hadersfild şəhərində yerləşən hotellərdən birində saxlayıblar.

Əməliyyat zamanı hüquq-mühafizə orqanları iki ədəd odlu silah və 12 patron aşkar edərək müsadirə ediblər.

Təqsirləndirilən şəxs silah və sursatın qanunsuz saxlanılması ittihamlarını qəbul edib, lakin qətl törətmək məqsədilə sui-qəsd hazırlamaq ittihamını rədd edib.

Andlılar heyəti çərşənbə axşamı müzakirələrə başlasa da, təxminən 15 saat davam edən müşavirələrdən sonra ortaq qərara gələ bilməyib.

Nəticədə hakim andlılar heyətini buraxmaq qərarı verib. Prokurorluq iş üzrə təkrar məhkəmə araşdırmasına nail olmaq niyyətində olduğunu açıqlayıb.

Məhkəmənin növbəti qərarınadək Natland həbsdə saxlanılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İran   Qətl  


Bizi "telegram"da izləyin