“Eurosatory 2026” sərgisində artilleriya və zirehli texnika sahəsində yeni addımlar nümayiş etdirilib

2026/06/1781805791.jpg
Oxunub: 291     22:07     18 İyun 2026    
Avropanın ən böyük quru müdafiə sərgisi olan “Eurosatory 2026”da nümayiş etdirilən yeni nəsil zirehli texnikalar, artilleriya sistemləri və robot platformalar orduların eyni vaxtda atəş gücünü, hərəkət imkanlarını, döyüşdə sağqalma qabiliyyətini və avtomatlaşdırmanı artırmağa çalışdığını göstərib.

Ordu.az xəbər verir ki, quru qoşunlarının modernləşdirilməsi sərginin əsas mövzularından biri olaraq qalır.

Yeni nəsil artilleriya sistemlərindən zirehli döyüş maşınlarına, robotlaşdırılmış döyüş platformalarına qədər geniş spektri əhatə edən layihələr orduların dəyişən əməliyyat tələblərinə uyğunlaşmaq səylərini əks etdirib.

Son illərdə baş verən münaqişələr, xüsusilə Ukraynadakı döyüşlər uzaqmənzilli atəş gücünün, döyüş meydanında hərəkət imkanlarının və mürəkkəbləşən əməliyyat mühitində fəaliyyət göstərmək bacarığının əhəmiyyətini bir daha ortaya qoyub. Bu isə həm ənənəvi platformalara, həm də yeni texnologiyalara yatırımların artmasına səbəb olub.

Sərgidə diqqət çəkən istiqamətlərdən biri İspaniyanın quru qoşunlarının yenilənməsi proqramı olub. “Indra” şirkəti İspaniya Ordusu üçün yeni nəsil tırtıllı və təkərli zirehli döyüş maşınları, həmçinin artilleriya sistemləri hazırlamaq məqsədilə “Indra Land Vehicles” adlı yeni şirkət yaradıb.

Proqram köhnəlmiş platformaların əvəz edilməsini nəzərdə tutur və Cənubi Koreyanın “Hanwha Aerospace” texnologiyası əsasında hazırlanmış tırtıllı 155 mm çaplı özüyeriyən artilleriya qurğusu, eləcə də təkərli 155 mm çaplı özüyeriyən artilleriya sistemi daxildir.

Tırtıllı platformanın M109A5 parkını, təkərli sistemin isə köhnə yedəkli artilleriya qurğularını əvəz etməsi planlaşdırılır.

Layihədə İspaniya Dəniz Piyada Qüvvələri üçün mövcud “Piranha” maşınlarını əvəz edəcək yeni 8×8 amfibiya döyüş maşını, həmçinin 24 metrədək körpü qura bilən və Hərbi Yük Sinfi 80 standartına cavab verən texnikaları dəstəkləyə bilən təkərli körpüquran maşın da yer alır.

“Indra” qrupuna daxil olan TESS “Defence” şirkəti İspaniya ordusunun “Dragon” 8×8 proqramı üzərində işlərini davam etdirir. Əsasını MOWAG Piranha platforması təşkil edən sistemdə SAPA transmissiyası, “EM&E Group” döyüş modulu və “Indra”nın elektron sistemləri istifadə olunur. Bununla yanaşı, proqramın icrasında müəyyən gecikmələr yaşanır.

Proqram çərçivəsində piyadaların döyüş maşını, mühəndis maşını, zirehli komanda-idarəetmə mərkəzi və qabaqcıl müşahidə maşını daxil olmaqla dörd əsas variant hazırlanır.

Sərgidə Türkiyə müdafiə sənayesi də geniş şəkildə təmsil olunub. Türkiyə 50-dən çox şirkətlə tədbirə qatılıb. Quru platformaları sahəsində FNSS, “Otokar”, “Nurol Makina” və MKE şirkətləri ön plana çıxıb.

FNSS şirkəti KAPLAN MT platforması əsasında hazırlanmış və “Leonardo”nun 120 mm çaplı döyüş modulu ilə təchiz olunmuş CFL-120 KARPAT orta sinfə məxsus tankını nümayiş etdirib. Şirkət həmçinin Slovakiyanın CSG “Defence” şirkəti ilə birlikdə Avropada istehsal fəaliyyəti həyata keçirəcək “Danube Defence Systems” birgə müəssisəsinin yaradılması barədə razılığa gəlib.

“Otokar” şirkəti “Leonardo”nun 120 mm çaplı HITFACT MkII döyüş modulu ilə təchiz edilmiş TULPAR zirehli döyüş maşınını təqdim edib. “Nurol Makina” isə Ejder Yalçın 4×4 və Yörük 4×4 taktiki təkərli maşınlarını sərgiləyib.

MKE şirkəti isə TOLGA Yaxın Hava Hücumundan Müdafiə Sisteminin Macarıstanın HT “Division” şirkətinə məxsus KATİCA 6×6 insansız quru platformasına inteqrasiyasını təqdim edib. Artilleriya sahəsində də rəqabət diqqət çəkib. Hindistanın “Kalyani Strategic Systems” şirkəti MArG 39 BR özüyeriyən artilleriya sistemini ilk dəfə Avropada nümayiş etdirib.

Qorunan 4×4 şassi üzərində quraşdırılmış sistem 155 mm çaplı topa malikdir və sürətli yerləşdirmə, eləcə də “vur və uzaqlaş” taktikasını dəstəkləyir. Sistem 18 mərmi daşıya bilir. Şirkətin məlumatına görə, maksimal atəş tempi sursat təminatından asılı olaraq 3 dəqiqədə 10 mərmiyə, saat ərzində isə 42 mərmiyə çata bilir.

Ermənistan “MArG” 39 BR sisteminin ilk ixrac müştərisi olub və eyni zamanda 155 mm/52 çaplı Qabaqcıl Yedəkli Artilleriya Sistemi (ATAGS) üçün də təhvil alıb.

Sərgidə insansız sistemlər də böyük maraq doğurub. “Milrem Robotics” və “Moog” şirkətləri qısa mənzilli hava hücumundan müdafiə və pilotsuz uçuş aparatı əleyhinə mübarizə üçün hazırlanmış RIwP silah platforması ilə təchiz edilmiş HAVOC Robotik Döyüş Vasitəsini nümayiş etdiriblər.

İnsansız 8×8 platforma “Northrop Grumman” topu, pulemyot, qısa mənzilli hava hücumundan müdafiə raketləri, radioelektron mübarizə imkanları və tüstü qumbarası buraxılış qurğularını bir sistemdə birləşdirir.

Şirkətin məlumatına görə, modul quruluş silah konfiqurasiyalarının əməliyyat tələblərinə uyğunlaşdırılmasına və zirehdələn silahların inteqrasiyasına imkan verir.

Sərgidə həmçinin ağır tırtıllı texnikalar sahəsində yeni proqramlar da təqdim olunub. “Leonardo Rheinmetall Military Vehicles” şirkəti İtaliya ordusu üçün yeni əsas döyüş tankı və piyada döyüş maşınları ailəsini əhatə edən layihələrini açıqlayıb.

“Rheinmetall” isə Almaniya və Niderland tərəfindən sifariş verilmiş proqram əsasında “Caracal” ailəsini genişləndirərək daha yüksək yükdaşıma qabiliyyətinə malik 6×6 hava-desant variantını hazırlayıb. 3 mindən çox “Caracal” 4×4 maşınının sifariş edilməsi yüksək hərəkət imkanlarına malik yüngül taktiki platformalara tələbatın davam etdiyini göstərir.

Sərgidə nümayiş etdirilən layihələr göstərir ki, quru qoşunlarının modernləşdirilməsi artıq yalnız atəş gücü, müdafiə və hərəkət imkanları ilə məhdudlaşmır. Bu sahədə avtomatlaşdırma, rəqəmsallaşma, şəbəkə inteqrasiyası və insansız sistemlər də əsas istiqamətlərə çevrilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurosatory-2026   Avropa  


Bizi "telegram"da izləyin