Ordu.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) məlumat yayıb.
Məlumata görə, Uzun Mənzilli Yerüstü Bazalı Qanadlı Raket (LRLACM) layihəsi çərçivəsində sınaq 2026-cı il iyunun 15-də həyata keçirilib.
Çandipur şəhərində yerləşən İnteqrasiya edilmiş Sınaq Mərkəzi tərəfindən yerləşdirilmiş müxtəlif izləmə sistemlərindən əldə olunan məlumatlara əsasən, sınaq zamanı qarşıya qoyulan bütün məqsədlər tam yerinə yetirilib.
Layihənin dizayn və istehsal prosesi tamamilə yerli imkanlarla həyata keçirilir. Raketin bütün alt sistemləri DRDO-nun müxtəlif laboratoriyaları və Hindistan müdafiə sənayesi müəssisələri tərəfindən birgə hazırlanıb.
Layihənin əsas icraçısı isə Benqaluruda yerləşən Aerokosmik İnkişaf Müəssisəsidir (ADE).
Strateji əhəmiyyət daşıyan sınaq DRDO rəhbərliyi ilə yanaşı, gələcəkdə raketi silahlanmaya qəbul etməsi gözlənilən Hindistan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin nümayəndələri tərəfindən də izlənilib.
Uğurlu sınaqdan sonra Hindistanın müdafiə naziri Racnat Sinqh layihədə iştirak edən DRDO mütəxəssislərini və sənaye tərəfdaşlarını təbrik edib.
Müdafiə Nazirliyinin tədqiqat və inkişaf üzrə katibi, eyni zamanda DRDO-nun rəhbəri Raceş Kumar Sinqh də layihədə iştirak edən bütün əməkdaşlara təşəkkürünü bildirib.
LRLACM uzaq məsafələrdən yerüstü hədəfləri yüksək dəqiqliklə vurmaq üçün hazırlanmış, səsdən aşağı sürətlə uçan və buraxılış qurğusundan atılan qanadlı raketdir.
“Times of India”nın məlumatına görə, sistem turbofan və ya turboreaktiv mühərriki, peyk naviqasiyası ilə dəstəklənən qabaqcıl inertial naviqasiya sistemi, həmçinin son mərhələdə hədəfə nişanalma üçün axtarış başlığı və ya relyef uyğunlaşdırma imkanları ilə təchiz olunub.
Aşağı hündürlükdə və yer səthinə yaxın uçuş üçün hazırlanan LRLACM aşkarlanma və tutulma riskini azaltmaqla yüksək əhəmiyyətli hədəflərə adi döyüş başlığının çatdırılmasını təmin etməyi hədəfləyir.
Hindistanın yerli proqramı çərçivəsində hazırlanan raket modul alt sistemlərə malikdir və müxtəlif buraxılış qurğuları ilə uyğunluq sayəsində yüksək əməliyyat çevikliyi təqdim edir. Layihədə gələcək ixrac potensialına da xüsusi diqqət ayrılır.
Sevinc Əliyeva
Ordu.az