Vensdən xəbərdarlıq: “Tramp hazırda İsrailə rəğbət bəsləyən yeganə dünya lideridir”

2026/05/1779895148.jpg
Oxunub: 205     23:28     18 İyun 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens ABŞ və İran arasında imzalanmış memorandumun israilli əleyhdarlarını sərt tənqid edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Vens bildirib ki, ABŞ Prezidenti Donald Tramp hazırda İsrailə açıq şəkildə rəğbət bəsləyən yeganə dünya lideridir və ABŞ İsrailin həqiqətən təsirli yeganə müttəfiqi olaraq qalır.

Ağ Evdə ABŞ-İran razılaşmasına həsr olunmuş mətbuat konfransının sonunda çıxış edən vitse-prezident İsrail rəhbərliyinin bəzi nümayəndələrinin səsləndirdiyi tənqidlərlə bağlı narazılığını ifadə edib.

Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu şəxsi söhbətlər zamanı razılaşmaya qarşı çıxmayıb. Lakin hökumətin bəzi üzvləri həm sazişi, həm də ABŞ Prezidentini açıq şəkildə tənqid ediblər.

“Məni narahat edən məqam odur ki, Netanyahunun kabinetindəki bəzi şəxslər bu sazişə qarşı çıxır və müəyyən mənada ABŞ Prezidentinə qarşı şəxsi hücumlar edirlər”, - deyə Vens bildirib.

O vurğulayıb ki, Vaşinqton İsrailin təhlükəsizliyinin təmin edilməsində əsas rol oynamağa davam edir.

“Donald Tramp hazırda bütün dünyada İsrailə rəğbət bəsləyən yeganə dövlət başçısıdır. Üstəlik, o, dünyanın ən güclü dövlətinə rəhbərlik edir. Əgər mən İsrail hökumətinin üzvü olsaydım, dünyada qalmış yeganə təsirli müttəfiqimə hücum etməzdim”, - deyə vitse-prezident qeyd edib.

Vens eyni zamanda ABŞ tərəfindən İsrailə göstərilən genişmiqyaslı hərbi dəstəyi də xatırladıb.

“Son üç ay ərzində ölkənizi qoruyan müdafiə silahlarının üçdə ikisi ABŞ-də istehsal olunub və amerikalı vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşdirilib”, - deyə o vurğulayıb.

Vitse-prezident hesab edir ki, İsrailin əsas problemi Donald Trampın siyasəti deyil, ölkəyə qarşı beynəlxalq münasibətin pisləşməsidir.

O, Trampı tənqid edən israilli siyasətçiləri mövcud vəziyyəti daha realist qiymətləndirməyə çağırıb.

“İsrailin problemi Donald Tramp deyil. Kim hesab edirsə ki, ölkənin əsas problemi ABŞ Prezidentidir, o, ayılmalı və İsrailin hazırda hansı reallıqda yaşadığına baxmalıdır”, - deyə Vens bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Tramp   ABŞ  


Bizi "telegram"da izləyin