Fransa təhlükəsizlik xidməti ABŞ asılılığı riskinə görə “Palantir”dən imtina edib

2026/06/Ekran-1781812171.jpg
Oxunub: 199     23:45     18 İyun 2026    
Fransanın daxili təhlükəsizlik xidməti rəqəmsal müstəqilliyi gücləndirmək məqsədilə ABŞ-nin “Palantir” şirkətinin xidmətlərindən imtina edərək yerli şirkət seçib.

Ordu.az xəbər verir ki, Fransa Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) bu məqsədlə Fransanın “ChapsVision” şirkəti ilə əməkdaşlığa üstünlük verib.

Ölkənin ən böyük texnologiya tədbirlərindən biri olan “VivaTech” konfransının açılışı ərəfəsində Fransanın Baş naziri Sebastyan Lekornu “X” sosial şəbəkəsində paylaşdığı videomüraciətdə bu qərarın ayrı-ayrı tərəfdaşların iradəsindən asılı olmamaq üçün qəbul edildiyini bildirib.

“Biz öz süni zəka modellərimizdən istifadə etməliyik. Rəqəmsal sahədə yeni strateji asılılıqları qəbul edə bilmərik”, - deyə o vurğulayıb.

Süni zəkanın əhəmiyyətindən danışan Lekornu bildirib ki, artıq eksperimentlər dövrü başa çatıb. “Palantir” şirkətinin əsas müştəriləri, xüsusilə ABŞ-də dövlət qurumları, kəşfiyyat xidmətləri və iri korporasiyalardır.

DGSI 2016-cı ildən “Palantir” ilə əməkdaşlıq edir və ötən ilin dekabr ayında müqavilənin müddətini daha üç il uzatmışdı. Almaniyada kəşfiyyat xidmətlərinə parlament nəzarət komissiyasının rəhbəri Mark Henrixmann da “Palantir”in Avropa alternativi ilə əvəz olunmasının planlaşdırıldığını açıqlayıb.

Almaniyanın Federal Konstitusiyanın Müdafiəsi İdarəsi (BfV) də Fransanın “ChapsVision” şirkətini və onun ArgonOS proqram təminatını seçib.

Qeyd edək ki, “Palantir” Silikon Vadisinin milyarderi Piter Til tərəfindən təsis olunub və şirkət ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dəstəyi ilə yaradılıb.

Şirkət böyük həcmli məlumatların emalı və xüsusi analitik tapşırıqlar üçün süni zəka sistemlərinin hazırlanması sahəsində geniş təcrübəyə malikdir.

2023-cü ildə “Palantir” ilə Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi arasında şirkətin texnologiyalarından Ukraynanın müdafiəsinə dəstək məqsədilə istifadə olunmasına dair əməkdaşlıq razılaşması imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Palantir  


Bizi "telegram"da izləyin