Ordu.az xəbər verir ki, bunu jurnalistlərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Talatbek Masadikov deyib.
Onun sözlərinə görə, Ermənistan faktiki olaraq təşkilatın fəaliyyətində iştirak etmir, lakin hüquqi baxımdan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır.
“De-fakto Ermənistan iştirak etmir, amma de-yure KTMT-nin tamhüquqlu üzvüdür. Ermənistanın KTMT büdcəsinə ödəniş etməməsi məsələsi müzakirə olunur. KTMT Xarici İşlər Nazirləri Şurası yaxın zamanda Kazanda iclas keçirib və bu məsələ ətraflı müzakirə olunub. Hesab edirəm ki, Ermənistan artıq üç ildir üzvlük haqlarını ödəmir”, - deyə Masadikov bildirib.
Baş katib xatırladıb ki, KTMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində büdcə öhdəliklərini yerinə yetirməzsə, Kollektiv Təhlükəsizlik Şurası həmin ölkə vətəndaşlarının KTMT-də kvotalar üzrə namizəd göstərilməsi hüququnun dayandırılması və təşkilat orqanlarında səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edə bilər.
Masadikovun sözlərinə görə, bu məhdudiyyətlər borclar tam ödənilənədək qüvvədə qalır.
O əlavə edib ki, əgər üzv dövlət Nizamnamənin, Kollektiv Təhlükəsizlik Şurasının qərarlarının və təşkilatın digər orqanları tərəfindən qəbul edilmiş sənədlərin müddəalarını yerinə yetirməzsə, Şura həmin ölkənin təşkilatın fəaliyyətində iştirakını dayandırmaq və ya onu KTMT-dən çıxarmaq hüququna malikdir.
Bu məsələlərlə bağlı qərarlar müvafiq üzv dövlətin səsi nəzərə alınmadan qəbul edilir.
Alpər Mövludoğlu
Ordu.az