Ukrayna üçün DRAGON HHM sistemi üzrə yeni ST-100 raketi hazırlanır

2026/06/Ekran-1781812447.jpg
Oxunub: 176     23:51     18 İyun 2026    
Ukraynanın DRAGON hava hücumundan müdafiə sistemi üçün infraqırmızı axtarış başlığı ilə təchiz edilmiş yeni ST-100 zenit raketi hazırlanır.

Ordu.az xəbər verir ki, bu barədə “Center of Innovative Technologies Program” təşkilatının baş direktoru Parisdə keçirilən “Eurosatory” sərgisində açıqlama verib.

Onun sözlərinə görə, ST-100 raketi tərəfdaş şirkətlə birgə hazırlanır. Raketin özünü tərəfdaş şirkət hazırlayarkən, “Center of Innovative Technologies Program” onun buraxılacağı platformanı təmin edir.

İlkin texniki göstəricilərə əsasən, yeni zenit raketi 10 kilometrədək məsafədə hədəfləri məhv edə biləcək. DRAGON sistemində istifadə olunan digər raketlər kimi, ST-100 də hədəfin infraqırmızı istilik izinə yönələcək.

“Eurosatory 2026” sərgisində nümayiş etdirilən Ukrayna istehsalı DRAGON hava hücumundan müdafiə sistemi hazırda R-60, R-73 və AIM-9M “Sidewinder” raketlərindən istifadə edir.

Şirkətin hazırladığı hava hücumundan müdafiə sistemləri artıq Ukrayna Müdafiə Qüvvələrinin silahlanmasında istifadə olunur.

Xüsusilə, HMMWV hərbi avtomobili bazasında yaradılmış “Dragon” H73 mobil qısa mənzilli hava hücumundan müdafiə sistemi 2025-ci ildə Ukraynanın 3-cü Əlahiddə Hücum Briqadasına təhvil verilib.

Platforma yerüstü hava hücumundan müdafiə vəzifələrinə uyğunlaşdırılmış iki ədəd R-73 “hava-hava” raketi daşıyan fırlanan buraxılış qurğusu ilə təchiz olunub.

Bu konfiqurasiya əvvəlcə döyüş təyyarələri üçün nəzərdə tutulmuş raketlərin hava hədəflərinə qarşı istifadəsinə imkan yaradır.

R-73 raketinin müxtəlif versiyaları RMD-1 variantında 20 kilometrədək, RMD-2 variantında isə 40 kilometrədək məsafədə hədəfləri aşkarlayıb izləyə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   DRAGON  


Bizi "telegram"da izləyin