Niderland Rusiya ilə müharibə halında minlərlə hərbi əsiri saxlamağa hazırlaşır

2026/06/Ekran-1781812547.jpg
Oxunub: 186     23:57     18 İyun 2026    
Niderland Silahlı Qüvvələri son 30 ildən artıq müddətdə ilk dəfə olaraq Rusiya ilə mümkün müharibəyə hazırlıq çərçivəsində hərbi əsir düşərgəsinin qurulmasını məşq edir.

Ordu.az xəbər verir ki, bu barədə AD nəşri məlumat yayıb.

Qroningen əyalətində yerləşən Marneheuzen təlim poliqonunda 2 minədək hərbi əsiri qəbul edə biləcək düşərgə layihəsi sınaqdan keçirilir. Plana əsasən, düşərgə bir həftə ərzində tam fəaliyyətə hazır vəziyyətə gətirilə bilər.

Layihənin həyata keçirilməsinə yalnız hərbçilərin deyil, həmçinin musiqi festivalları kimi böyük tədbirlərin infrastrukturunun qurulması sahəsində təcrübəyə malik mülki podratçıların da cəlb olunması nəzərdə tutulur.

Düşərgədə müasir mühafizə və müşahidə sistemlərindən istifadə olunacaq. Təhlükəsizlik sistemi videomüşahidə, səs nəzarəti və ərazinin pilotsuz uçuş aparatları ilə izlənməsi əsasında qurulacaq.

Ənənəvi müşahidə qüllələri və güclü işıqlandırma sistemlərindən istifadə edilməməsi planlaşdırılır. Əsirlər 20 nəfərədək şəxsin yerləşə biləcəyi ikimərtəbəli çarpayılarla təchiz edilmiş ağ rəngli baraklarda saxlanılacaq.

Düşərgə ərazisində idman meydançaları, duşlar, yeməkxana və tibb məntəqəsi də fəaliyyət göstərəcək. Mobil telefonlar müsadirə ediləcək, lakin əsirlərə ailələri ilə məktublaşmaq imkanı veriləcək.

Niderland Quru Qoşunlarının Əməliyyat Dəstək Komandanlığının rəhbəri general Nikol de Volfun sözlərinə görə, saxlanma şəraiti Niderland hərbçilərinin xidmət şəraitindən daha pis olmayacaq.

Genişmiqyaslı münaqişə baş verəcəyi halda əsir götürülmüş hərbçilərin qeydiyyat, dindirmə və sonrakı saxlanma üçün cəbhə xəttindən yüzlərlə kilometr uzaqda yerləşən arxa bölgələrə aparılması nəzərdə tutulur.

Niderland ordusu vurğulayır ki, hərbi əsirlərlə humanist rəftar yalnız beynəlxalq hüququn tələbi deyil, həm də qarşılıqlı münasibət prinsipidir. General de Volf bildirib ki, komandanlıq ruslar tərəfindən əsir götürüləcəyi təqdirdə öz hərbçilərinə də analoji münasibətin göstəriləcəyinə ümid edir.

Qeyd olunur ki, Niderland yalnız ölkə daxilində hazırlıq tədbirləri ilə kifayətlənmir. 2026-cı ilin may ayının sonunda Almaniya-Niderland korpusunun Baltikyanı ölkələrin müdafiəsini gücləndirəcəyi açıqlanmışdı.

Bu addım NATO-nun Rusiya ilə mümkün müharibə vəziyyətində qüvvələrin sürətli yerləşdirilməsi üçün formalaşdırdığı yeni strukturun bir hissəsidir. Şimali Atlantika Alyansı bununla xüsusilə Latviya və Estoniyanın müdafiə imkanlarını gücləndirməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Rusiya  


Bizi "telegram"da izləyin