Rusiya Ukrayna müharibəsindən sonra NATO sərhədləri yaxınlığında 115 minə qədər hərbçi yerləşdirməyi planlaşdırır

2026/06/xcvcv-1781601324.jpg
Oxunub: 248     13:17     16 İyun 2026    
Rusiya Şimali Avropa və Baltik ölkələri ilə sərhədləri boyunca hərbi bazalarını genişləndirir və qüvvələrini gücləndirir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Danimarka kəşfiyyat mənbələrinin qiymətləndirmələrinə görə, bu addımlar Baltik dənizi regionunda Avropa dövlətlərinə qarşı mümkün genişmiqyaslı münaqişəyə hazırlıq əlaməti ola bilər.

Danimarka, İsveç, Norveç və Finlandiyanın kəşfiyyat nümayəndələri hesab edirlər ki, vəziyyət NATO ilə Rusiya arasında təhlükəli qarşıdurmaya gətirib çıxara bilər.

Yüksəkrütbəli hərbi rəsmilərin sözlərinə görə, gərginliyin artacağı təqdirdə ilk hərbi əməliyyatlar Danimarka və Baltik ölkələri yaxınlığında başlaya bilər.

Mənbələr bildirirlər ki, hazırda Rusiyanın hərbi təcavüzü ilə bağlı təsdiqlənmiş qərar yoxdur, lakin hazırlıq prosesləri davam edir. Hazırda Rusiya Avropa sərhədləri boyunca hərbi bazalarını genişləndirir və infrastrukturu modernləşdirir.

Məsələn, Finlandiya sərhədi yaxınlığında yerləşən Petrozavodsk şəhərində qarnizon yenidən bərpa olunur. Ukraynada döyüş əməliyyatları başa çatdıqdan sonra Rusiya sərhəd bölgələrində on minlərlə əlavə hərbçi yerləşdirə bilər.

Keçmiş kəşfiyyat əməkdaşı Marko Eklundun sözlərinə görə, Rusiya Ukrayna müharibəsindən sonra sərhəd bölgələrində təxminən 115 min hərbçi yerləşdirməyi planlaşdırır.

Onların böyük hissəsinin döyüş təcrübəsinə malik olacağı bildirilir.

Bundan əlavə, təhlildə qeyd olunur ki, Rusiya bir neçə həftə ərzində ölkənin digər regionlarından yüz minlərlə təcrübəli hərbçini Şimali Avropa və Baltik ölkələri ilə sərhədlərə köçürə bilər.

Skandinaviya ölkələrinin nümayəndələri bildirirlər ki, hazırkı təhlükə səviyyəsi artıq Soyuq müharibə dövrü ilə müqayisədə daha yüksək qiymətləndirilir.

Rusiya NATO ölkələrinə hücum planları ilə bağlı iddiaları rədd edir və bu məlumatları yalan adlandırır. Moskva regionda gərginliyin artmasına görə NATO və Avropa dövlətlərini məsul hesab etdiyini bildirir.

Qərb hərbi rəsmiləri isə xəbərdarlıq edirlər ki, qarşıdakı bir-üç il Avropa üçün ən təhlükəli dövr ola bilər. Onlar bunu Rusiyanın hərbi istehsalının sürətlə artması və Avropa silahlı qüvvələrinin məhdud hazırlıq səviyyəsi ilə əlaqələndirirlər.

Bəzi NATO zabitləri Avropanın silah, texnologiya və hərbi infrastruktur sahələrində çatışmazlıqlarla üzləşdiyini qeyd edirlər. Onların fikrincə, qəfil eskalasiya halında bu boşluqlar kritik problemə çevrilə bilər.

Qiymətləndirmələr fərqli olsa da, Baltik regionunda vəziyyət gərgin olaraq qalır və ekspertlər Avropanın müdafiə hazırlığının gücləndirilməsinə çağırırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   NATO  


Bizi "telegram"da izləyin