Ordu.az xəbər verir ki, erməni nazir hakim “Vətəndaş Müqaviləsi” partiyasının xeyrinə bəzi seçki məntəqələrində yüzlərlə səs əlavə edilməsi ilə bağlı ittihamların əsassız olduğunu bildirib.
Onun sözlərinə görə, müxalifətin bu açıqlamaları “Vətəndaş Müqaviləsi”ni Serj Sarkisyan dövrünün hakimiyyəti ilə eyniləşdirmək cəhdidir.
“Müxalifətin hərəkətlərini anlayışla qarşılayıram, xüsusilə də nəzərə alaq ki, həmin qüvvələrdən biri olan “Çiçəklənən Ermənistan” parlamentə düşmək həddindədir. Onların yerində olsaydım, mən də səslərin yenidən hesablanmasını tələb edərdim”, - deyə erməni nazir bildirib.
Bununla yanaşı, o, açıqlanmış nəticələrlə yenidən sayılmadan sonra əldə olunacaq göstəricilər arasında fərqin cüzi olacağını vurğulayıb.
Erməni nazirin sözlərinə görə, yenidən hesablamalar nəticəsində səslərin bu və ya digər siyasi qüvvənin xeyrinə dəyişməsi mümkündür, lakin söhbət yalnız bir neçə səsdən gedəcək. O əlavə edib ki, indiyədək aparılan yenidən hesablamalarda ən çox əlavə səs məhz “Vətəndaş Müqaviləsi”nin payına düşüb.
Xudatyan bildirib ki, hakim partiyanın öz nəticələrini azaltmağa və ya seçkiləri saxtalaşdırmağa heç bir ehtiyacı olmayıb.
Xudatyan, həmçinin müxalifətin bu seçkilərdə tam uğursuzluğa düçar olduğunu iddia edib.
“Müxalifətin hesablaması mümkün qədər çox seçki rüşvəti paylamaq və xaricdən maksimum sayda insan gətirməklə qələbəni təmin etmək idi, lakin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin fəaliyyəti nəticəsində bu planlar baş tutmayıb”, - deyə o qeyd edib.
Xudatyan vurğulayıb ki, seçki rüşvətinin müəyyən təsiri hiss olunsa da, müxalifət bununla belə qələbə qazana bilməyib.
Erməni nazirin fikrincə, hazırda müxalifət seçkilərin üzərinə kölgə salmağa çalışır, lakin Ermənistan vətəndaşları kimin lehinə səs verdiklərini bildikləri üçün buna nail ola bilməyəcəklər.
Xudatyan qeyd edib ki, “Vətəndaş Müqaviləsi” seçkilərdə səslərin 49,9 faizini əldə edib və 50 faiz həddinə çatmaq üçün təxminən 1500 səs çatışmayıb. O bildirib ki, yenidən hesablamalar hələ yekunlaşmayıb və əlavə səslərin qeydə alınması mümkündür.
Erməni nazir jurnalistləri elə təəssürat yaratmamağa çağırıb ki, son illərdə hakim partiya vətəndaşların dəstəyini itirib. “Vətəndaş Müqaviləsi” bu seçkilərdə beş il əvvəlkindən təxminən 40 min daha çox səs toplayıb və əldə olunan nəticə hakimiyyət üçün problem hesab edilmir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az