Ukrayna ilin əvvəlindən bəri üçüncü dəfə Rusiyanın cənubundakı ən böyük neft emalı zavodlarından birinə zərbə endirib

2026/05/1779355395.jpg
Oxunub: 173     13:11     11 İyun 2026    
İyunun 11-nə keçən gecə Ukrayna Pilotsuz Uçuş Aparatları (PUA) Krasnodar diyarındakı Afipski neft emalı zavoduna hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Zərbə nəticəsində yanğın baş verib. İlkin məlumata görə, ölən və yaralanan yoxdur”, - deyə regionun operativ qərargahı bildirib.

Ukraynanın “Exilenova+” monitorinq kanalının yaydığı kadrlarda müəssisənin üzərində nəhəng alov sütununun yüksəldiyi görünür. Səhər saat 07:00-da operativ qərargah yanğının söndürüldüyünü açıqlayıb.

Afipski neft emalı zavodu Rusiyanın cənubunda fəaliyyət göstərən ən böyük belə müəssisələrdən biridir. Zavod benzin, dizel yanacağı, qaz kondensatı distillatları, ağır neft qalıqları və kükürd istehsal edir. Müəssisənin məhsulları əsasən ixrac üçün nəzərdə tutulur və daxili bazara istehlak benzini və ya dizel yanacağı tədarük edilmir.

Bundan əvvəl zavod cari il ərzində daha iki dəfə, martın 14-də və yanvarın 21-də PUA hücumuna məruz qalmışdı.

Gecə hücumu zamanı Ukrayna PUA-ları həmçinin Krasnodar şəhərini də hədəfə alıb. Vurulan aparatların birinin qalıqları Mərkəzi rayonda yerləşən çoxmənzilli yaşayış binalarından birinin üzərinə düşüb.

Bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib. O bildirib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

“Ostorojno, novosti” ilə söhbətində bina sakinləri bildiriblər ki, hücum nəticəsində mənzillərdən birinin eyvanında yanğın başlayıb, bir neçə girişdə isə altı mərtəbə boyunca pəncərələrin şüşələri sınıb.

“Astra” şahid videolarını təhlil edərək müəyyən edib ki, zərər görmüş bina Moskovskaya küçəsi 61 ünvanında yerləşir. Həmin binadan 2 kilometrdən az məsafədə hərbi təyinatlı müəssisələr - Krasnodardakı “Kaskad” cihazqayırma zavodu və “Saturn” səhmdar cəmiyyəti yerləşir.

Bundan başqa, binadan cəmi 3 kilometr məsafədə “Krasnodar-Tsentralnı” hərbi aerodromu da yerləşir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə hava hücumundan müdafiə vasitələri Rusiya ərazisi üzərində Ukraynaya məxsus 330 PUA-nı “aşkar edib və məhv edib”.

PUA-lar Bryansk, Kursk, Belqorod, Oryol, Smolensk, Kaluqa, Tula, Tver, Vladimir və Moskva vilayətləri, həmçinin Krasnodar diyarı və işğal olunmuş Krım üzərində müşahidə olunub.

PUA təhlükəsi səbəbindən iyunun 10-u axşam saatlarında “Rosaviatsiya” bir sıra hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edib. Bunlar Tambov (Donskoye), Soçi, Gelencik, Moskva vilayətindəki “Jukovski” hava limanları və Krasnodarın “Paşkovski” hava limanıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin