Ermənistan modul tipli AES modeli seçməyə tələsmir: ABŞ, Rusiya, Fransa, Çin və Cənubi Koreyanın təklifləri nəzərdən keçirilir

2026/06/1781170110.jpg
Oxunub: 192     13:26     11 İyun 2026    
“Ermənistan yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı prinsipial yanaşmasını müəyyənləşdirib. Gələcək AES-in modul tipli olması planlaşdırılır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

Erməni nazirin sözlərinə görə, hazırkı mərhələdə istehsalçı ölkə hələ seçilməyib, çünki bu seçim stansiyanın konkret modelindən asılıdır.

“Biz stansiyanın tipini müəyyən etmişik və qərara gəlmişik ki, Ermənistanda tikiləcək yeni AES modul tipli olmalıdır. Lakin istehsalçı ölkəni seçməmişik, çünki bu, seçiləcək modeldən asılıdır”, - deyə Xudatyan bildirib.

Məlumata görə, hazırda Ermənistan ABŞ, Fransa, Rusiya, Cənubi Koreya və Çinin təkliflərini araşdırır.

Erməni nazir qeyd edib ki, bu ölkələrin hamısı müxtəlif modul tipli AES layihələri təqdim edir. Onun sözlərinə görə, Rusiya da hazırda üzən platformada istismar olunan kiçik modul tipli AES modelinə malikdir.

Bununla belə, hökumət yekun qərarın qəbulunda tələsmək niyyətində deyil.

Xudatyan vurğulayıb ki, hazırda fəaliyyət göstərən “Metsamor” AES hələ uzun illər ölkənin enerji sistemində mühüm rol oynaya bilər, hazırda stansiyanın istismar müddətinin uzadılması proqramı həyata keçirilir və bu proqram başa çatdıqdan sonra Ermənistan AES-in 2036-cı ilə qədər fəaliyyət göstərməsi üçün icazə almağı planlaşdırır.

“Bundan sonra da istismar müddətinin yenidən uzadılması mümkündür və buna görə yeni stansiyanın seçilməsi məsələsində təcili qərar verməyə ehtiyac yoxdur”, - deyə o qeyd edib.

Xudatyan gələcək AES-in gücü məsələsinə də toxunub. O bildirib ki, modul tipli stansiyaların ənənəvi stansiyalardan əhəmiyyətli dərəcədə zəif olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir.

“Güc baxımından heç bir problem yoxdur. Biz hansı gücü istəsək, onu seçə bilərik”, - deyə erməni nazir qeyd edib.

Onun sözlərinə görə, stansiyanın parametrləri Ermənistanın enerji sisteminin ehtiyacları və dövlətin maliyyə imkanları nəzərə alınmaqla müəyyən ediləcək., modul sayından asılı olaraq güc 100 MVt-dan 1000 MVt-a qədər dəyişə bilər.

Erməni nazir modul tipli AES-lərin əsas üstünlüklərindən biri kimi onların çevikliyini göstərib.

“Bərpa olunan enerji mənbələrinin inkişafı daha manevr qabiliyyətli enerji istehsal mənbələrinə ehtiyac yaradır. Son illərdə Ermənistanda günəş enerjisinin payı sürətlə artır. Bu isə bəzi saatlarda enerji sistemində elektrik enerjisi artıqlığı yaradır və ənənəvi enerji istehsalçılarının fəaliyyətinin məhdudlaşdırılmasını zəruri edir”, - deyə Xudatyan qeyd edib.

Xudatyanın sözlərinə görə, günün müəyyən saatlarında İrəvan İES-in müvəqqəti olaraq şəbəkədən ayrılması və “Metsamor” AES-in gücünün azaldılması lazım gəlir, axşam saatlarında isə bu güclər yenidən enerji sisteminə qoşulur.

Erməni nazir hesab edir ki, məhz buna görə daha çevik modul reaktorlar Ermənistan energetikasının gələcək strukturuna daha uyğun gəlir.

“Hakimiyyət elektrik enerjisi artıqlığı problemini ixracın artırılması hesabına da həll etməyə ümid edir. Gürcüstana gedən yeni elektrik ötürmə xəttinin tikintisinə artıq başlanılıb və bu, iki ölkənin enerji sistemləri arasında ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Layihə başa çatdıqdan sonra Ermənistan elektrik enerjisini yalnız Gürcüstana deyil, Gürcüstan ərazisi vasitəsilə digər bazarlara da ixrac edə biləcək.

Eyni zamanda, İrana elektrik enerjisi ixracı da davam edir. 400 kV-luq elektrik ötürmə xəttinin tikintisi yekun mərhələdədir və istismara verildikdən sonra tədarük həcmlərinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir”, - deyə o bildirib.

Erməni nazir daxili elektrik enerjisi tələbatının artdığını da qeyd edib. Onun sözlərinə görə, artımın səbəblərindən biri süni zəka texnologiyalarının inkişafında istifadə olunan məlumat emalı mərkəzləri və serverlərdir.

“Bundan əlavə, hökumət sənaye istehsalının artacağını və yeni yüksək texnologiyalı müəssisələrin fəaliyyətə başlayacağını gözləyir. Soyutma sistemlərinə olan yüksək tələbat və hesablama sistemlərinin fasiləsiz işləməsinin təmin edilməsi səbəbindən bu tip obyektlər dünyada ən böyük elektrik enerjisi istehlakçıları sırasındadır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AES  


Bizi "telegram"da izləyin