“Marqara” keçid məntəqəsi bir neçə günlüyə açılacaq: Ermənistan Livana humanitar yardım göndərəcək

2026/06/1781169737.jpg
Oxunub: 192     13:18     11 İyun 2026    
Ermənistan hökuməti Livana humanitar yardım göndərilməsi ilə bağlı qərar qəbul edib. Yardımlar Türkiyə ərazisindən daşınacaq.

Ordu.az xəbər verir ki, qərar Ermənistan hökumətinin 11 iyun tarixli iclasında qəbul olunub.

Qərara əsasən, Ermənistan-Türkiyə sərhədində yerləşən “Marqara” keçid məntəqəsi humanitar yüklərin daşınması məqsədilə 12-22 iyun tarixlərində açıq olacaq. Hazırda fəaliyyət göstərməyən bu keçid məntəqəsindən qüvvədə olan hüquqi tənzimləmələrə görə şəxslərin, yüklərin və nəqliyyat vasitələrinin keçidi mümkün deyil.

Sənəddə qeyd olunub ki, qərar Livan sakinlərinə, o cümlədən İsrail hücumlarından zərər çəkmiş erməni icmasının nümayəndələrinə humanitar yardım göstərilməsi məqsədilə qəbul edilib.

Xatırladaq ki, ötən il Türkiyə Ermənistanın Suriyaya humanitar yardım göndərməsi üçün də “Marqara” sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq açmışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marqara   Ermənistan   Livan  


Bizi "telegram"da izləyin