Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O bildirib ki, səsvermə administrasiyasının İran İslam Respublikası ilə münaqişənin dayandırılması istiqamətində aparılan danışıqların yekun mərhələsində olduğu bir vaxtda baş tutub.
“Dünən Nümayəndələr Palatası, dörd pis respublikaçı və bütün demokratlar mənasız səsvermə ilə mənim hərbi səlahiyyətlərimi məhdudlaşdırmağın lehinə çıxış etdilər. Bu isə İran İslam Respublikası ilə müharibəni dayandırmaq üzrə yekun danışıqların ən mühüm mərhələsində baş verir. Kim bu qədər vətənpərvərlikdən uzaq davrana bilərdi? Onlar danışıqların hansı mərhələdə olduğunu bilirlər”, - deyə Tramp yazıb.
ABŞ Prezidenti demokratları milli maraqlardan deyil, siyasi qarşıdurmadan çıxış etməkdə ittiham edib.
“Demokratlar “Trampa nifrət sindromu”na aludə olublar. Onlar mənim növbəti qələbəmi görməkdənsə, ölkəmizin uğursuzluğa düçar olmasını üstün tutarlar”, - deyə o qeyd edib.
Tramp təşəbbüsü dəstəkləyən Respublikaçılar Partiyasının dörd nümayəndəsini də kəskin tənqid edib.
“Bu dörd respublikaçıya gəlincə, bu artıq tamam başqa məsələdir. Onlar sadəcə diqqət çəkməyə çalışan adamlardır. Etdikləri hərəkətə görə utanmalıdırlar”, - deyə ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, Trampın bu açıqlaması Nümayəndələr Palatasının prezidentin hərbi gücdən istifadə ilə bağlı səlahiyyətlərinin məhdudlaşdırılmasına yönəlmiş təşəbbüsü dəstəkləməsindən sonra səsləndirilib.
Sevinc Əliyeva
Ordu.az