Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
ABŞ Cənub Komandanlığının məlumatına görə, komandanlığın rəhbəri general Frensis Donovan Kuba generalı Roberto Leqra Sotolonqo ilə görüşüb.
Tərəflər Quantanamodakı ABŞ hərbi-dəniz bazasının perimetri yaxınlığında əməliyyat təhlükəsizliyi məsələlərini qısa şəkildə müzakirə ediblər.
ABŞ tərəfinin bildirdiyinə görə, Donovan həmçinin obyektin təhlükəsizlik vəziyyətini qiymətləndirib.
O, bazanın rəhbərliyi ilə hərbi qulluqçuların, onların ailələrinin təhlükəsizliyi və döyüş hazırlığının qorunması məsələlərini müzakirə edib. Kuba İnqilabi Silahlı Qüvvələri Nazirliyi görüşü müsbət qiymətləndirib.
Qurum bildirib ki, tərəflər hərbi strukturlar arasında gələcək təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Danışıqlar Vaşinqton və Havana arasında gərginliyin artdığı dövrdə baş tutub.
Donald Tramp administrasiyası Kubaya qarşı təzyiqləri gücləndirib, o cümlədən yeni sanksiyalar tətbiq edib və yanacaq tədarükünə məhdudiyyətlər qoyub. Bu addımlar adanın iqtisadi problemlərini daha da ağırlaşdırıb.
“Reuters” agentliyinin məlumatına görə, Donovanın səfəri ABŞ Cənub Komandanlığı rəhbərinin Kuba hərbçiləri ilə uzun illərdən sonra keçirdiyi ilk belə görüş olub.
Səfərdən əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff də Havanaya səfər etmişdi. Kubada bu fonda ABŞ ilə münasibətlərin daha da gərginləşə biləcəyi ilə bağlı narahatlıqlar artır.
Bununla belə, hər iki tərəf hərbi qurumlar arasında əlaqə kanallarının qorunmasının vacibliyini vurğulayır.
Sevinc Əliyeva
Ordu.az