Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, söhbət qarşılıqlı anlaşma memorandumundan gedir.
ABŞ mənbələrinin bildirdiyinə görə, sənəd atəşkəs rejiminin 60 gün müddətinə uzadılmasını, həmçinin Hörmüz boğazının gəmiçilik üçün açılmasını nəzərdə tutur.
Portal qeyd edir ki, sənədin imzalanması münaqişənin başlanmasından etibarən ən böyük diplomatik irəliləyiş ola bilər. Bununla belə, İranın nüvə proqramı ilə bağlı məsələlərin tam həlli əlavə danışıqlar tələb edəcək.
Mənbələrin məlumatına görə, memorandumun əsas hissəsi ötən çərşənbə axşamı günü razılaşdırılıb, lakin Tramp yekun qərar vermək üçün əlavə vaxt istəyib. “Truth Social” sosial şəbəkəsində paylaşım edən ABŞ Prezidenti bildirib ki, İran nüvə silahı yaratmaq niyyətindən imtina etməsinə zəmanət verməlidir.
O, həmçinin Hörmüz boğazının hər iki istiqamətdə ödənişsiz və məhdudiyyətsiz gəmiçilik üçün dərhal açılmasını tələb edib. Bundan əlavə, Tramp İranın boğazdakı dəniz minalarını zərərsizləşdirməli və ya məhv etməli olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfindən tətbiq edilən və bəzi gəmilərin boğazda hərəkətini məhdudlaşdıran “dəniz blokadası” da aradan qaldırılacaq.
Lakin mənbələr qeyd edirlər ki, memorandumun mətnində hazırda yalnız İranın nüvə proqramı ilə bağlı danışıqlara razılıq verməsi əks olunub və Tehran tərəfindən konkret güzəştlər nəzərdə tutulmur.
Tramp həmçinin bildirib ki, yeraltı obyektlərdə saxlanılan zənginləşdirilmiş uran İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə koordinasiya şəraitində ABŞ tərəfindən çıxarılacaq və məhv ediləcək.
Amerikalı rəsmilər bu məsələdə İrandan şifahi öhdəlik aldıqlarını iddia etsələr də, yekun əhəmiyyətin yalnız rəsmi razılaşmaların olacağını vurğulayıblar. ABŞ Prezidenti əlavə edib ki, “hələlik heç bir vəsait ödənilməyəcək”. Bununla o, dondurulmuş İran aktivlərini nəzərdə tutub.
Eyni zamanda İranın “Fars” agentliyi Trampın bəzi açıqlamalarını təkzib edib. Agentliyin məlumatına görə, memorandum layihəsi həqiqətən də İranda yekun müzakirə mərhələsindədir, lakin son qərar hələ qəbul edilməyib.
“Fars”ın mənbələri Trampı “süni qələbə görüntüsü yaratmağa çalışmaqda” ittiham edərək bildirib ki, ABŞ Prezidenti sənədin məzmununu təhrif edir. Onların sözlərinə görə, ABŞ blokadası aradan qaldırıldıqdan sonra İran Hörmüz boğazını yalnız öz müəyyən etdiyi şərtlər əsasında açacaq.
Bu şərtlərə gəmilərin yoxlanılması, hərəkətə nəzarət və təhlükəsizlik tədbirləri daxil ola bilər.
Agentlik həmçinin iddia edir ki, memorandum layihəsində İranın dondurulmuş aktivlərindən 12 milyard dolların dərhal Tehrana köçürülməsi nəzərdə tutulur və həmin vəsait alınmadan növbəti danışıqlar mərhələsinə keçilməyəcək.
Amerika tərəfi isə bildirir ki, dondurulmuş vəsaitlərə çıxış yalnız tamhüquqlu nüvə sazişi imzalandıqdan sonra mümkün ola bilər. Bundan əlavə, “Fars”ın versiyasına görə, memorandumda Livanda “Hizbullah” hərəkatının mövqeyinə uyğun şəkildə atəşkəsin təmin olunması da nəzərdə tutulur.
Amerikalı rəsmilər isə razılaşmanın həqiqətən də Livanda atəşkəs müddəasını ehtiva etdiyini təsdiqləyiblər.
Sevinc Əliyeva
Ordu.az