Ordu.az xəbər verir ki, bu barədə məktəbin direktoru Sait Bulut məlumat verib.
Onun sözlərinə görə, təhsil müəssisəsində maşınqayırma və dizayn texnologiyaları, sənaye avtomatlaşdırma texnologiyaları və metal texnologiyaları istiqamətləri üzrə 518 şagird təhsil alır.
Bulut bildirib ki, müasir sənaye texnologiyalarının peşə liseylərinə böyük ehtiyacı olduğu artıq cəmiyyət tərəfindən tam şəkildə dərk edilir.
“Artıq peşə liseylərinin nə qədər vacib olduğunu təkcə böyüklər deyil, bütün yaş qruplarından olan vətəndaşlarımız anlayır. Bu baxımdan məktəbimizə maraq çox yüksəkdir. Bu da bizi son dərəcə sevindirir. Gələcək artıq bu gənclərin əlindədir”, - deyə o qeyd edib.
Məktəb direktoru vurğulayıb ki, məzunlar liseyi bitirdikdən sonra “texnik” ixtisası əldə edirlər.
“Buradakı şagirdlərimizin hamısı öz peşələri ilə bağlı bilikləri həm nəzəri, həm də praktiki şəkildə mənimsəyirlər. Şagirdlərimizin 60 faizi mühəndislik fakültələrinə və digər ali təhsil müəssisələrinə qəbul olur, qalan 40 faizi isə əmək bazarında öz ixtisasları üzrə fəaliyyət göstərir.
Sənaye Bölgəsi Müdirliyi ilə imzaladığımız protokol çərçivəsində bütün şagirdlərimiz pulsuz servis xidməti ilə təmin olunur, nahar yeməyi də ödənişsiz təqdim edilir. Hazırda 120 şagirdimiz təqaüd alır.
Məzunlarımız məktəbin adını qeyd edən kimi işəgötürənlər onları işlə təmin edirlər. Sənaye Bölgəsində iş yerləri həmişə mövcuddur, lakin söhbət ixtisaslı kadrlardan gedir. Biz də məhz bu tələbləri qarşılayırıq”, - deyə Bulut bildirib.
Maşınqayırma və Dizayn Texnologiyaları bölməsinin emalatxana rəhbəri Ali Demir qeyd edib ki, müdafiə mexaniki sistemləri ixtisası üzrə təhsil alan şagirdlər 10-cu sinifdən etibarən CNC dəzgahlarında işləməyi öyrənirlər.
Onun sözlərinə görə, 11-ci sinifdən başlayaraq onlar kompüterlə layihələndirmə, dizayn və istehsal üzrə dərslər keçirlər.
Demir vurğulayıb ki, şagirdlər müdafiə sənayesində tətbiq olunan keyfiyyət standartlarını da mənimsəyirlər və bu, təchizatçı şirkətlər üçün çox böyük əhəmiyyət daşıyır.
“Məzunlarımız arasında müdafiə sənayesində çalışan çoxlu sayda gənc var. Biz çalışırıq ki, şagirdlər müdafiə sənayesi istehsal ekosisteminin bir hissəsi kimi formalaşsınlar. Onlar burada həqiqətən müdafiə sənayesi üçün məhsullar hazırlandığını və bu işdə öz paylarının olduğunu görürlər.
Şagirdlərimiz çox böyük müdafiə sənayesi şirkətlərində istifadə olunan məhsullar üzərində təcrübə keçir. Hazırladıqları məhsulların sonradan necə istifadə olunduğunu göstərən videoları onlara nümayiş etdiririk.
Bəzən şərait imkan verərsə, onları həmin məhsulların tətbiq olunduğu məkanlara da aparırıq. Onlar bunu öz gözləri ilə görürlər. Bu isə çox güclü motivasiya mənbəyidir”, - deyə Demir bildirib.
O qeyd edib ki, böyük müdafiə sənayesi şirkətlərinin əsas təchizatçıları hər hansı problemlə qarşılaşdıqda məktəblə əlaqə saxlayırlar.
“Biz şirkətlərlə koordinasiyalı şəkildə həll yolları hazırlayırıq. Bəzən məhsulun prototipini hazırlayır, bəzən isə yeni məhsul istehsalına başlayırıq”, - deyə o vurğulayıb.
Demirin sözlərinə görə, şagirdlər öz layihələrini də hazırlayırlar.
“Təxminən 4-5 il əvvəl “Porsuk” adlı insansız quru platformasını hazırlamışdıq. Bu layihə böyük maraq doğurmuşdu. Mən aviasiya sahəsi ilə yaxından maraqlandığım üçün bu sahədəki problemlərin həllinə yönəlmiş layihələr də hazırlayıram. Məsələn, pilotsuz uçuş aparatı üçün yük buraxma mexanizmi hazırladıq və onu TÜBİTAK-a təqdim etdik.
Burada istehsal etdiyimiz məhsulların 80 faizi əslində öz layihələrimizdir. Şagirdlər də layihələndirmə prosesində iştirak edirlər. Bu, onlarda aidiyyət hissinin formalaşması baxımından çox vacibdir”, - deyə Demir bildirib.
11-ci sinif şagirdi Havvanur İnci isə maşın mühəndisi olmaq istədiyi üçün bu məktəbi seçdiyini bildirib.
“Emalatxanamızdakı bütün avadanlıqlardan istifadə edə bilirəm. Texniki baxımdan mühəndislik fakültəsinə hazır olduğumu düşünürəm”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az