Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Britaniya polisinə istinadən məlumat yayıb.
Məlumata görə, iş Londonda fəaliyyət göstərən “Iran International” televiziya kanalının jurnalistinin təqib olunması ilə bağlı araşdırma çərçivəsində aparılır.
Antiterror bölməsinin açıqlamasında bildirilib ki, Münhendə yaşayan 46 yaşlı İoannis Aydinidis 2026-cı il mayın 15-də saxlanılıb və daha sonra Böyük Britaniyanın Milli Təhlükəsizlik Qanunu əsasında ona rəsmi ittiham irəli sürülüb.
İstintaqın məlumatına görə, ittihamlar İranın maraqlarına xidmət etdiyi ehtimal olunan fəaliyyətlə, həmçinin Tehran hakimiyyətini tənqid edən “Iran International” media qurumunda çalışan jurnalistə təsir göstərmək cəhdləri ilə əlaqədardır.
Təhdidlərin xarakteri ilə bağlı əlavə məlumat açıqlanmayıb. Polis nümayəndələri vurğulayıblar ki, hadisənin əhali üçün daha geniş təhlükə yaratdığına dair məlumat yoxdur.
Londonun antiterror polisi idarəsinin nümayəndəsi Helen Flanaqan bildirib ki, hüquq-mühafizə orqanları araşdırma ilə əlaqəli təşkilatlar və şəxslərlə onların təhlükəsizliyini təmin etmək məqsədilə əməkdaşlıq edir.
Xatırladaq ki, daha əvvəl, aprel ayında üç nəfərə Londonun şimal-qərbində “Iran International” ilə əlaqəli obyektin yandırılmasına cəhd göstərilməsi ilə bağlı ittiham irəli sürülmüşdü.
Həmin yanğın nəticəsində xəsarət alan olmayıb və ciddi ziyan qeydə alınmayıb. Britaniya hakimiyyəti eyni zamanda bu hadisələrin Londonda baş vermiş digər yanğınlarla, o cümlədən yəhudi icmasına məxsus obyektlərə hücumlarla mümkün əlaqəsini araşdırır.
Məlumata görə, hücumların bir hissəsinə görə məsuliyyəti əvvəllər İran tərəfdarı olan “Ashab al-Yamin al-Islamiya” qruplaşması öz üzərinə götürüb.
Sevinc Əliyeva
Ordu.az