Ordu.az xəbər verir ki, Atakama səhrasının ekstremal şəraitində real döyüş sursatı ilə keçirilən atış sınaqları modernizasiya olunmuş “Leopard” 2A4 əsas döyüş tanklarının əməliyyat hazırlığını təsdiqləyib.
FAMAE tərəfindən “Çili ordusunun strateji texnikasının əməliyyat hazırlığını təmin edirik” qeydi ilə yayımlanan görüntülərdə qüllə üzərində quraşdırılmış ATS-65 elektro-optik sistemi və rabitə antenləri aydın şəkildə görünür.
Bu konfiqurasiyanın ASELSAN-ın 2025-ci il fəaliyyət hesabatının 100-cü səhifəsində yer alan fotoşəkillərlə və FAMAE-nin 2025-ci il illik hesabatının 23-cü səhifəsindəki texniki təsvirlərlə üst-üstə düşdüyü qeyd olunub.
ASELSAN rəsmisi Cengiz Burşuk FIDAE 2026 sərgisində verdiyi açıqlamada ilk modernizasiya olunmuş tankların 2025-ci ildə Çili ordusuna təhvil verildiyini bildirib.
Onun sözlərinə görə, real döyüş sursatı ilə həyata keçirilən atış təlimləri də daxil olmaqla bütün təsdiqləmə sınaqları uğurla başa çatdırılıb.
PROACO proqramı çərçivəsində həyata keçirilən modernizasiya paketi VOLKAN Atış İdarəetmə Sistemi, sürücü üçün gündüz və termal görüntüləmə sistemi, elektrik ötürücü qurğular və situasiya məlumatlılığı infrastrukturunu əhatə edir.
VOLKAN 200/120 sistemi komandir periskopu, atış idarəetmə kompüteri, ekipaj terminalları, meteoroloji və sursat temperatur sensorları, həmçinin ətalətli mövqeləndirmə qurğusundan ibarət inteqrasiya olunmuş arxitektura təqdim edir. Bundan əlavə, qüllə ilə tank gövdəsi arasındakı sürüşən halqa da ASELSAN infrastrukturu ilə istehsal edilərək sistemə inteqrasiya olunub.
2023-cü ilin iyul ayında imzalanmış müqavilə ilə başlayan prosesdə tenderin qalibi ASELSAN olub. Şirkət bu layihədə alman rəqiblərini geridə qoyaraq qalib gəlib. Məlum nəticənin Berlin rəhbərliyinin diplomatik reaksiyasına səbəb olduğu bildirilib.
Təxminən 140 ədəd “Leopard” tipli tanka malik olan Çili ordusunun elektron və optik sistemlərin inteqrasiyasından sonra növbəti mərhələdə tankları əlavə zireh və aktiv müdafiə sistemləri ilə təchiz etməsi gözlənilir. Məlumata görə, PULAT və AKKOR yerli aktiv müdafiə sistemləri də qiymətləndirilən variantlar sırasındadır.
PROACO proqramının seriyalı istehsal mərhələsinə keçməsi ilə ASELSAN ilə əməkdaşlıq yalnız texniki imkanların artırılması baxımından deyil, həm də texnologiya transferi və milli sənaye müstəqilliyi baxımından Çili üçün strateji əhəmiyyət daşıyır.
Qeyd olunur ki, bu inkişaf Türkiyə müdafiə sənayesi məhsullarının Latın Amerikasındakı mövqeyini daha da gücləndirir və uzunmüddətli mövcudluğunu təmin edir.
Sevinc Əliyeva
Ordu.az