Ordu.az xəbər verir ki, yerli imkanlarla hazırlanmış və Türkiyənin ilk ağıllı dəniz minası hesab olunan MALAMAN döyüş və təlim olmaqla iki əsas versiyada layihələndirilib.
Sistem üzərində yerləşən akustik, maqnit və təzyiq sensorları vasitəsilə hədəfləri uzaq məsafə və dərinliklərdə aşkarlaya bilir. Mina gəmilərdən, sualtı qayıqlardan və insansız platformalar da daxil olmaqla hava vasitələrindən dənizə yerləşdirilə bilir.
Dəniz dibinin quruluşuna uyğun şəkildə hazırlanmış MALAMAN həddindən artıq qızma və güllə təsirlərinə qarşı dayanıqlıdır və təhlükəsiz şəkildə fəaliyyət göstərə bilir. Sistemin ümumi çəkisi təxminən 600 kiloqramdır. Bunun 400 kiloqramını həssaslığı azaldılmış sualtı partlayıcı maddə təşkil edir.
MALAMAN sualtında yaranan akustik, maqnit və təzyiq dəyişikliklərini real vaxt rejimində aşkar etmək, təhlil etmək və qiymətləndirmək imkanına malikdir. Yüksək texnologiyalı sensorlarla təchiz edilmiş sistem freqatları, sualtı qayıqları, hücum qayıqlarını və tankerləri müəyyən edə bilir və əldə olunan məlumatları anında idarəetmə mərkəzinə ötürür.
Sensorlardan daxil olan siqnalları emal edən atəşləmə sistemi müxtəlif parametrlərlə tənzimlənə bilir və aşkar edilmiş düşmən hədəfini partlayıcını işə salaraq uğurla məhv edir. Nəzarətsiz partlayışların qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə minanın üzərində çoxsaylı kilidləmə mexanizmləri quraşdırılıb.
Bundan başqa, MALAMAN xüsusi gövdə konstruksiyası sayəsində mina axtaran sonarların onu dəniz dibində aşkarlamasını çətinləşdirir. Sistemin akustik əks etdirmə qabiliyyətini minimuma endirmək və vizual gizliliyini artırmaq üçün üç fərqli xüsusi kompozit örtük hazırlanıb.
Dəniz dibinin təbii quruluşuna uyğun forma və rənglərdə layihələndirilən bu örtüklər MALAMAN-ın yan skan edən sonarlar və avtonom sualtı vasitələr tərəfindən aşkar olunma ehtimalını minimum səviyyəyə endirir.
Sevinc Əliyeva
Ordu.az